Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.
Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin əhəmiyyətli şəxsi töhfənizi qeyd etmək istərdim. Birgə səylərlə ticari-iqtisadi, elmi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə böyük perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır.
Əminəm ki, qarşılıqlı fəaliyyətin bütün kompleksinin bundan sonra da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".