Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Teleqraf.com fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 846 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci cümlədə “bir” sözü “iki” sözü ilə əvəz edilsin;
1.2. üçüncü cümlədə “müavini” sözü “müavinləri” sözü ilə, “daşıyır” sözü “daşıyırlar” sözü əvəz edilsin.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.28-ci (birinci halda), 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci, 164.1.16-cı, 164.1.28-ci, 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.18–20.0.20-ci maddələrində birinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.6. həmin Qanunun 20.0.18–20.0.20-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.7. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.8. həmin Qanunun 26.8-ci maddəsində “orqan (qurum)” dedikdə sənaye parklarına və sənaye məhəllələrinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli 61 nömrəli Fərmanı) 2.4-1-ci və 2.4-2-ci bəndləri müvafiq olaraq 2.4-2-ci və 2.4-5-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. həmin Qanunun 12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli 61 nömrəli Fərmanı) 1.2-ci bəndinə “102.1.14.15-ci,” sözlərindən sonra “102.1.21-ci,” sözləri, “102.1.29-cu (birinci halda),” sözlərindən sonra “106.1.12-ci, 106.1.13-cü,” sözləri, “160.4-cü,” sözlərindən sonra “164.1.15-ci, 164.1.16-cı, 164.1.28-ci,” sözləri, “cümlələrində,” sözündən sonra “199.7-ci, 199.8-ci,” sözləri, “199.16-cı (ikinci halda),” sözlərindən sonra isə “207.3-cü, 207.4-cü,” sözləri əlavə edilsin.
5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I) aşağıdakı məzmunda 3.1-3-cü bənd əlavə edilsin:
“3.1-3. həmin Qanunun 20.0.18–20.0.20-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
6. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bəndə “34.2-ci” sözlərindən əvvəl “26.8-ci maddəsində,” sözləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Qanunun 26.8-ci maddəsində “orqan (qurum)” dedikdə sənaye parklarına və sənaye məhəllələrinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2311 (Cild I) ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə “kvadratmetrdən” sözündən sonra “, dövlət tərəfindən yaradılan sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli, “Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 13 sentyabr tarixli 831 nömrəli fərmanlarında və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1173 (Cild I) 3-cü hissəsində “iştirakçılarının” sözü “rezidentlərinin” sözü ilə əvəz edilsin.
2. “Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli 831 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1490 (Cild I) 4.1-ci bəndində “iştirakçıların” sözü “rezidentlərin” sözü ilə əvəz edilsin.
3. “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2116 (Cild I) 4.1-ci bəndində “iştirakçıların” sözü “rezidentlərin” sözü ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 116 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236 (Cild I) 1-ci hissəsinin birinci abzasında “sənaye, yaxud texnologiya parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilsin.
2. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168 (Cild I) 2.4-cü bəndində “sənaye, yaxud texnologiyalar parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 158 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. dördüncü və on üçüncü abzaslarda “sənaye və yaxud texnologiyalar parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilsin;
3.2. on beşinci abzasda “sənaye, yaxud texnologiyalar parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 577 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 1-ci hissəsində “sənaye, yaxud texnologiya parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499 (Cild I) ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndində “sənaye, yaxud texnologiya parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci yarımbəndində “sənaye, yaxud texnologiya parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1371 (Cild I) ilə təsdiq edilmiş “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndinə “rezidentlərinin” sözündən sonra “, habelə sənaye parklarının qeyri-rezidentlərinin” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 379 (Cild I) ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissə üzrə:
1.1.1. 1.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.3.2. sənaye parkının idarəedici təşkilatı (bundan sonra ‒ idarəedici təşkilat) – sənaye parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını təmin edən dövlətə məxsus hüquqi şəxs;”;
1.1.2. 1.3.3-cü yarımbənddə “səlahiyyətli orqan” sözləri “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;
1.1.3. 1.3.4-1-ci yarımbəndə “(sahələrinin)” sözündən sonra “və (və ya) tikilinin” sözləri əlavə edilsin və həmin yarımbənddən “operatorla” sözü çıxarılsın;
1.2. 3-cü hissə üzrə:
1.2.1. 3.4.2-ci yarımbənddən “dövlət əhəmiyyətli, beynəlxalq” sözləri çıxarılsın;
1.2.2. aşağıdakı məzmunda 3.8 – 3.10-cu bəndlər əlavə edilsin:
“3.8. İdarəedici təşkilat sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini (bundan sonra – reyestr) yaradır, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin edir. Reyestrin aparılması qaydasını səlahiyyətli orqan müəyyən edir.
3.9. Sənaye parkının yaradılması barədə qərar qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq, bu barədə Əsasnamənin 3.10-cu bəndində göstərilən məlumatlar idarəedici təşkilat tərəfindən reyestrə daxil edilir.
3.10. Reyestr informasiya ehtiyatıdır və oraya sənaye parkının yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi daxil edilir.”;
1.3. 4-cü hissə üzrə:
1.3.1. 4.2-ci bənd üzrə:
1.3.1.1. ikinci cümlədə “və operator sənaye parkının fəaliyyətinə görə cavabdehdirlər” sözləri “sənaye parkının fəaliyyətinə görə cavabdehdir” sözləri ilə əvəz edilsin;
1.3.1.2. üçüncü cümlədə “, habelə” sözü “və ya” sözləri ilə əvəz edilsin;
1.3.2. 4.3-cü və 4.8-ci bəndlərin birinci cümlələrində ismin müvafiq hallarında “səlahiyyətli orqan” sözləri ismin müvafiq hallarında “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;
1.4. 5-ci hissə üzrə:
1.4.1. 5.0.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.0.7. sənaye parkının rezidenti və qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin və tikilinin icarə müqavilələrinin nümunəvi formasını müəyyən edir;”;
1.4.2. aşağıdakı məzmunda 5.0.7-3-cü yarımbənd əlavə edilsin:
“5.0.7-3. operator tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatın, habelə operatorun fəaliyyətinin kənar auditor hesabatının idarəedici təşkilata təqdim edilmə qaydasını müəyyən edir;”;
1.5. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. İDARƏEDİCİ TƏŞKİLATIN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI
6.1. İdarəedici təşkilatın vəzifələri aşağıdakılardır:
6.1.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görmək;
6.1.2. sənaye parkının inkişaf konsepsiyasının və əsasnaməsinin layihələrini hazırlamaq, səlahiyyətli orqanla razılaşdırmaqla təsdiq etmək;
6.1.3. sənaye parkının inkişaf konsepsiyasını, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı proqramları həyata keçirmək;
6.1.4. sənaye parkının, onun rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini aparmaq, sənaye parkının rezidentinə qeydiyyat şəhadətnaməsi vermək;
6.1.5. sənaye parkının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə niyyət razılaşması bağlamaq;
6.1.6. sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlamaq;
6.1.7. sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini və (və ya) tikililəri sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə icarəyə vermək;
6.1.8. sənaye parkının rezidentlərinin istifadəsində olan torpaq sahələrinin və mülkiyyətində (istifadəsində) olan tikililərin onun yeni rezidentlərinə icarəyə (subicarəyə) verilməsinin sənaye parkının fəaliyyətinə uyğunluğunu müəyyən etmək;
6.1.9. sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə bağlanılmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə aşkar olunmuş pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görmək;
6.1.10. səlahiyyətli orqanın müəyyən etdiyi qaydada sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyəti haqqında hesabatlar, statistik məlumatlar almaq, sənaye parkının rezidentlərinin fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunu qiymətləndirmək;
6.1.11. sənaye parkında səlahiyyətli orqanın, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaratmaq;
6.1.12. dövlət orqanları (qurumları) tərəfindən sənaye parkının rezidentlərində və qeyri-rezidentlərində keçirilən yoxlamalarda rezidentlərin və qeyri-rezidentlərin dəvəti ilə iştirak etmək;
6.1.13. sənaye parkının fəaliyyəti və inkişafı barədə yarımillik hesabatları, o cümlədən kənar audit hesabatlarını səlahiyyətli orqana təqdim etmək;
6.1.14. mühasibat uçotu aparmaq və statistik hesabatlar tərtib etmək;
6.1.15. sənaye parkının operatoru seçildiyi halda onunla idarəetmə sazişi bağlamaq və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;
6.1.16. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək etmək;
6.1.17. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, bu Əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə kömək göstərmək;
6.1.18. sənaye parkının hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək;
6.1.19. sənaye parkının infrastrukturuna xidmət göstərmək, onun normal fəaliyyətini təmin etmək, cari və əsaslı təmirini həyata keçirmək;
6.1.20. sənaye parkının rezidentlərinin və qeyri-rezidentlərinin yazılı müraciətləri əsasında onların adından dövlət və yerli özünüidarəetmə orqanları qarşısında təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;
6.1.21. istilik və elektrik enerjisinin, suyun və qazın paylanılması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərmək;
6.1.22. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. İdarəedici təşkilatın hüquqları aşağıdakılardır:
6.2.1. sənaye parkının fəaliyyətini təşviq etmək, sənaye parkında istehsalın inkişafı üçün investorları cəlb etmək və onlarla danışıqlar aparmaq;
6.2.2. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətləri və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlər göstərilməsini təmin etmək;
6.2.3. sənaye parkının idarə olunması və inkişafı məqsədilə səlahiyyətli orqana təkliflər vermək;
6.2.4. sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operatoru seçmək;
6.2.5. elmi-texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli və xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq etmək;
6.2.6. sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini təmin etmək;
6.2.7. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirmək;
6.2.8. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
6.3. Sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operator seçilə və idarəetmə sazişinə əsasən sənaye parkında idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamənin 6-cı hissəsində nəzərdə tutulmuş vəzifələrin və hüquqların (6.1.1-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.1.7-ci, 6.1.8-ci, 6.1.13-cü, 6.1.15-ci, 6.1.16-cı (mübahisə tərəflərindən biri operator olduqda), 6.2.3-cü, 6.2.4-cü və 6.2.7-ci yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələr və hüquqlar istisna olmaqla) həyata keçirilməsi ona həvalə edilə bilər.”;
1.6. 7-ci hissə ləğv edilsin;
1.7. 8-ci hissə üzrə:
1.7.1. adında, 8.1-ci bəndin birinci abzasında və 8.6-cı bənddə ismin müvafiq hallarında “Operator” sözü ismin müvafiq hallarında “İdarəedici təşkilat” sözləri ilə əvəz edilsin;
1.7.2. 8.2-ci bənddə “operator” sözü “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;
1.7.3. 8.5-ci bəndin birinci cümləsinə “sahəsinin” sözündən sonra “və (və ya) tikilinin” sözləri əlavə edilsin;
1.8. 9-cu hissə üzrə:
1.8.1. 9.1-ci, 9.2-ci bəndlərdə və 9.13.1-ci yarımbənddə “operatorla” sözü “idarəedici təşkilatla” sözləri ilə əvəz edilsin;
1.8.2. 9.3-cü bəndin birinci cümləsindən “birbaşa və ya operator vasitəsilə” sözləri çıxarılsın;
1.8.3. 9.10-cu bəndin ikinci cümləsi çıxarılsın;
1.8.4. 9.11-ci bənddə “operatorla” sözü “idarəedici təşkilatla” sözləri ilə, “(sahələrinin) icarə müqaviləsini” sözləri “və (və ya) tikilinin icarə müqavilələrini” sözləri ilə əvəz edilsin, həmin bənddən “idarəedici təşkilatla” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə olunsun:
“Bu Əsasnamənin 9.20-ci bəndinə əsasən sənaye parkının rezidentlərinin istifadəsində olan torpaq sahələrini və mülkiyyətində (istifadəsində) olan tikililəri icarəyə (subicarəyə) götürmək istəyən hüquqi və fiziki şəxslər icarə müqaviləsini rezidentlə bağlamalıdırlar.”;
1.8.5. 9.12-ci bəndin birinci abzasında “Operatorla” sözü “İdarəedici təşkilatla” sözləri ilə əvəz edilsin;
1.8.6. 9.12.3-cü yarımbənddə, 9.15-ci bəndin birinci cümləsində, 9.16.2-ci, 9.16.3-cü və 9.18.3-cü yarımbəndlərdə ismin müvafiq hallarında “operator” sözü ismin müvafiq hallarında “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;
1.8.7. 9.17-ci bəndə “sahəsinin” sözündən sonra “və (və ya) tikilinin” sözləri əlavə olunsun və həmin bənddə “müqaviləsinin” sözü “müqavilələrinin” sözü ilə əvəz edilsin;
1.8.8. 9.19-cu bənddən “və sənaye parkının operatoru” sözləri çıxarılsın;
1.8.9. 9.20-ci bəndə “əldə edən” sözlərindən sonra “, habelə sənaye parkının fəaliyyətinə uyğunluğunun müəyyən edilməsi barədə idarəedici təşkilatın rəyi nəzərə alınmaqla onun rezidentinin istifadəsində olan torpaq sahəsini və mülkiyyətində (istifadəsində) olan tikililəri icarəyə (subicarəyə) götürmüş” sözləri əlavə edilsin;
1.9. 10.1.3-cü yarımbəndə “sahəsinin” sözündən sonra “və tikilinin” sözləri əlavə olunsun və həmin bənddə “haqqının” sözü “haqlarının” sözü ilə əvəz edilsin;
1.10. 11-ci hissə üzrə:
1.10.1. adına “sahələrindən” sözündən sonra “və tikililərindən” sözləri əlavə edilsin;
1.10.2. 11.2-ci bəndə “sahələrinin” sözündən sonra “və (və ya) tikililərinin” sözləri əlavə olunsun, həmin bənddə “, habelə” sözü “və” sözü ilə, “müqaviləsi” sözü “müqavilələri” sözü ilə əvəz edilsin;
1.10.3. 11.3-cü bənddə “torpaqlar” sözü “torpaq sahələri və (və ya) tikililər” sözləri ilə, “müqavilənin” sözü “müqavilələrin” sözü ilə əvəz edilsin;
1.10.4. 11.4-cü bənddə “, habelə” sözü “və” sözü ilə əvəz olunsun və həmin bəndə “sahəsinin” sözündən sonra “və tikilinin bu Əsasnamənin 9.20-ci bəndində göstərilən hal istisna olmaqla,” sözləri əlavə edilsin;
1.10.5. 11.5-ci bənddə “, habelə” sözü “və” sözü ilə, “icarə müqaviləsinin” sözləri “sahəsinin və (və ya) tikilinin icarə müqavilələrinin, habelə sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Əsasnamənin 9.20-ci bəndinə əsasən bağlanılmış icarə (subicarə) müqaviləsinə xitam verilməsi və ya onun müddətinin bitməsi isə sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvi üçün əsasdır.”;
1.11. 16.3-cü bənd üzrə:
1.11.1. birinci cümlədən “və operatorunun” sözləri çıxarılsın;
1.11.2. ikinci cümlədə “, habelə” sözü “və” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Hacıqabul Sənaye Parkının yaradılması və “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;
2.2. Hacıqabul Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir;
2.3. Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan və bu Fərmanın 4.1-ci bəndinə əsasən müəyyən ediləcək prioritet istiqamətlərə uyğun fəaliyyət göstərən sahibkarlıq subyektləri sənaye parkının rezidenti, digər sahibkarlıq subyektləri isə sənaye parkının qeyri-rezidenti kimi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş qaydada qeydiyyata alınmaqla, Hacıqabul Sənaye Parkının ərazisində fəaliyyətlərini davam etdirirlər;
2.4. Hacıqabul Sənaye Parkının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” 2020-ci il 13 may tarixli 2039 nömrəli sərəncamları ilə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün ayrılmış 60 hektar ərazidə təşkil olunur.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə altı ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində:
4.1. Hacıqabul Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri müəyyən etsin;
4.2. bu Fərmanın 2.3-cü bəndinə uyğun olaraq Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan sahibkarlıq subyektlərinin sənaye parkının rezidenti və ya qeyri-rezidenti kimi qeydiyyata alınması ilə bağlı tədbirlər görsün;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1462 (Cild I) 2-ci hissəsi ləğv edilsin.