Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı ikitərəfli münasibətlərin gündəliyinin genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya sahələrində və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd etdi, bunun üçün yaxşı imkanların olduğunu dedi.
Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu bildirən Vayno Reynart Bakıya budəfəki gəlişi zamanı paytaxtda gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi. O qeyd etdi ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Estoniya ölkəmizlə əlaqələrə önəm verir.
Səfir vurğuladı ki, Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir və bununla bağlı beynəlxalq səviyyədə göstərilən səyləri də dəstəkləyir.
İkitərəfli əlaqələrə toxunan Vayno Reynart əməkdaşlığımızın dərinləşdirilməsi baxımından böyük imkanların olduğunu dedi, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişaf edəcəyinə ümidvarlığını bildirdi.
Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolunu vurğuladı.
Siyasi sahədə münasibətləri qeyd edən dövlətimizin başçısı həm ikitərəfli, həm də Avropa İttifaqı və digər beynəlxalq institutlar çərçivəsində əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinin vacibliyini vurğuladı. Azərbaycan-Ermənistan sülh prosesinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz bu prosesin təşəbbüskarı olub və sülh müqaviləsinin baza prinsiplərini irəli sürüb. Bu istiqamətdə fəal işin getdiyini bildirən Azərbaycan Prezidenti sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşmaların əldə olunmasının vacibliyini bildirdi, regional sabitliyə xidmət etməsi baxımından bu müqavilənin hər bir müddəasının önəminə toxundu.
Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və COP29-la bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
17:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər xerir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli gündəliyimizin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycanın Afrika qitəsində fəal iş apardığını, Afrika İttifaqında səfirliyimizin fəaliyyət göstərdiyini, bu təşkilatla əlaqələrimizi hərtərəfli şəkildə genişləndirməkdə maraqlı olduğumuzu dedi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə də Beninlə əməkdaşlığı məmnunluqla xatırladı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Beninin üzv dövlət kimi rolunu qeyd etdi. Bu Hərəkata sədrliyimizin Afrika ölkələri ilə də sıx təmaslar qurmaq üçün yaxşı imkan yaratdığını deyən dövlətimizin başçısı COP29-un da bu ölkələrlə əməkdaşlıq baxımından önəminə toxundu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Afrika ölkələrinin iqlim məsələləri ilə bağlı maraqlarına önəm verir.
Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi-ticari, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Benin Respublikasının Prezidenti Patris Talonun salamlarını Azərbaycan Prezidentinə çatdırdı və dedi ki, Benin Prezidenti dövlətimizin başçısına dost münasibət bəsləyir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Benin Prezidentinə çatdırmağı xahiş etdi və məmnuniyyətlə COP29-da Benin dövlətinin başçısını gözlədiyini bildirdi.
COP29 və ölkəmizdə bu tədbirlə bağlı uğurlu hazırlıq işlərinin aparılması münasibətilə təbriklərini çatdıran səfir Azərbaycanın noyabrda dünyanın mərkəzinə çevriləcəyini qeyd etdi və COP29-da Beninin yüksək səviyyədə təmsil olunmaq niyyətində olduğunu vurğuladı.
Akambi Andre Okunlola-Biau Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıraraq, ölkəmizin sədrliyi dövründə Afrika qitəsinə xüsusi diqqət göstərilməsini məmnunluqla qeyd etdi.
Söhbət zamanı beynəlxalq təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində Azərbaycanla Benin arasında yaxından əməkdaşlığın aparıldığı vurğulandı, ölkələrimizin BMT-də və onun strukturlarında daim bir-birinin namizədliklərini dəstəklədikləri qeyd olundu.
Azərbaycanın Afrika ölkələri üçün ayırdığı təhsil təqaüdü proqramı çərçivəsində ötən il Benindən də beş tələbənin Respublikamızda təhsil aldığını məmnunluqla qeyd edən səfir buna görə təşəkkürünü bildirdi.
Görüşdə Benindən müxtəlif kadrların Azərbaycanda hazırlanması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq aparıldığını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycan ilə Qətərin bir-birini daim dəstəkləməsini vurğuladı və qeyd etdi ki, bu qarşılıqlı dəstək özünü ikitərəfli gündəliyin işində də aydın göstərir.
Növbəti illərdə artıq iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələlərinə diqqətin artırılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev investisiya qoyuluşu sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq nəqliyyat yollarının yaradılması sahəsində də fəal iş apardıqlarını məmnunluqla vurğulayaraq, eyni zamanda, beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsi işində Azərbaycanın və Qətərin səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd edib.
Vətəndaşlarımızın ölkələrimizə qarşılıqlı səfərlərinə toxunan dövlət başçısı vurğulayıb ki, azərbaycanlılar Qətərdə, qətərlilər isə Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətərin Əmirinə çatdırmağı xahiş edib.
Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı dediyi dəyərli fikirlər istiqamətində əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək. O, iqtisadi-ticari əlaqələrin önəminə toxunaraq, investisiya sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etdi.
Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, Qətərin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.
Dövlət başçısı COP29-la bağlı hazırlıq işlərinin yekun mərhələdə olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı sərmayələr, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, ölkələrimiz arasında hava nəqliyyatının mövcudluğundan və sərnişinlərin mütəmadi artım dinamikasının müşahidə olunmasından məmnunluq ifadə edilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ikitərəfli münasibətlərimizin inkişaf edəcəyinə ümidvar olduğunu bildirirək səfirə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf hissi duyduğunu deyən Julyen de Frepon fəaliyyəti dövründə ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən iqtisadi və siyasi sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirib.
O, eyni zamanda Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib. Səfir COP29-un enerji keçidi və iqlim dəyişmələri ilə bağlı fəaliyyət göstərən Belçika şirkətlərinin öz imkanlarını və “yaşıl enerji” sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün də bir fürsət olacağını vurğulayıb.
Regional sabitliyin Belçika üçün də böyük önəm daşıdığını deyən diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Ermənistan-Azərbaycan münasibətlərilə də bağlı regional sabitlikdə Belçikanın maraqlı olduğunu deyib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söyləyib. O, eyni zamanda Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın Azərbaycana, həmçinin ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Belçikanın Avropa İttifaqının əsasını qoyan üzv dövlətlərdən biri olduğunu deyən Julyen de Frepon ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji keçidi, iqlim dəyişmələri, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Dövlət başçısı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edərək iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərin əməkdaşlığın gündəliyi məsələsinin müzakirəsi üçün faydalı olduğunu deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirdi. Hazırlıq işlərinə bir ildən az vaxt olduğunu deyən dövlət başçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyata keçirilməsini nümayiş etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu deyib.
Dövlət başçısı, eyni zamanda, yaşıl enerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələ olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunub. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi.
Prezident İlham Əliyev qeyd edib ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlət başçısı vurğuladı ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.
Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.
Dövlət başçısı qeyd etdi ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi, prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, o zamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər.
Prezident İlham Əliyev bildirib ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir.
Azərbaycan Prezidenti vurğulayıb ki, bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfıra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır.
Dövlət başçısı belə bir məqama da toxunub ki, Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmayıb. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyatı yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir.
Prezident vurğulayıb ki, əgər mümkündürsə, mən belə bir tövsiyyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi.
Dövlət başçısı bildirib ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.
Belçika səfiri bu məlumatlara görə təşəkkürünü bildirib, öz tərəfindən əlaqələri inkişafı üçün səylərini əsirgəməyəcəyini, ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar.
Dövlət başçısı ümidvar olduğunu bildirdi ki, ölkələr arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək.
***
12:15
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Estoniyanın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.