7 Oktyabr 2020 18:00
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Qarabağın müdafiəsində güclü ordumuzla döyüşəcəyi fikirləri yalan oldu. Onların olduqca cılız, zəif özünümüdafiə batalyonunun iç üzü açıldı. Məlum oldu ki, çürük bir qoz kimidirlər. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmirlər və ordumuz yeni zəfərlərə imza atmaqda davam edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O bildirib ki, ermənilər Azərbaycan Ordusu ilə döyüşməkdən çəkinərək, mülki əhalini hədəfə alırlar:

“Son günlər cəbhə bölgəsindən xeyli uzaq regionlarımızda da mülki əhalini raket atəşinə tutmağa başlayıblar. İkinci ən böyük şəhərimiz olan Gəncəyə, Mingəçevirə, Bərdəyə, Yevlaxa və digər rayonlarımıza raket atılıb. Azərbaycan Respublikası Prokurorluğu tərəfindən çox haqlı olaraq bu cinayətə əl atanların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsi ilə (təcavüzkar müharibənin təşkili, başlanması və əmr verilməsi), eyni zamanda müharibə qanunlarının pozulması ilə bağlı 106-cı maddənin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Bu, çox düzgün addımdır. Bu, beynəlxalq hüquqa söykənən maddələrdir və bunlarla cinayət işinin başlanması, istintaqı və istintaqın gəldiyi yekun nəticələr gələcəkdə bizə imkan verə bilər ki, düşməni beynəlxalq məhkəmədə cəzalandıraq”.

Onun sözlərinə görə, təcavüzkar Ermənistan Beynəlxalq Humanitar Hüququn özəyini təşkil edən Cenevrə konvensiyasının tələblərini pozur:

“Cenevrə konvensiyası özü 4 konvensiyanın toplumudur. Orada 4-cü konvensiya müharibə dövründə mülki əhalinin təhlükəsizliyi haqqındadır. Ermənistan bu konvensiyanın tələbini pozub və dinc əhalini hədəfə almağa başlayıb. Bunun nəticəsində mülki əhalidən xeyli ölən və yaralananlar var, 400-ə yaxın ev, 100-ə yaxın mülki infrastruktur obyekti dağılıb. Bu onların törətdiyi vəhşiliklərin sübutudur. Hesab edirəm ki, başda Nikol Paşinyan, "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Arayik Harutyunyan olmaqla hamısı müharibə qaydalarını, beynəlxalq humanitar hüququn tələblərini pozduqlarına görə beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar".

Çingiz Qənizadə qeyd edib ki, ermənilər eyni zamanda 14 dekabr 1974-cü il tarixli BMT-nin qətnaməsi ilə qəbul olunmuş "qadınlar və uşaqların fövqəladə vəziyyətdə, yaxud silahlı münaqişələr zamanı təhlükəsizliyin qorunması" ilə bağlı qəbul olunan bəyannaməni də pozublar:

“O bəyannamənin birinci maddəsində qeyd olunur ki, mülki əhaliyə, xüsusilə onun köməksiz hissəsi olan qadınlara və uşaqlara qarşı şiddət gətirən davamlı hücumlar və yaxud da onların bombardman edilməsi qadağandır. BMT-nin qətnaməsi ilə qəbul olunan bəyannamənin tələbləri pozulub. Ermənistan bu gün atdığı addımlarla dünyaya meydan oxuyur. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərini atəşə tutmağa başlayıblar. Hesab edirəm ki, bir çox dövlətlər dərhal buna reaksiya verməlidirlər. Bundan başqa Ermənistan mülki və siyasi hüquqlar haqqında beynəlxalq faktın tələblərini pozub. Ermənistan iqtisadi, siyasi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq faktın tələblərini pozub. Həmçinin, uşaq hüquqları bəyannaməsinin tələblərini pozublar. Bütün beynəlxalq humanitar hüququ özündə əks etdirən normaları pozub və cavab verəcək. Müharibə cinayətlərinin törədilməsi ilə bağlı ərazi və ya müddət söhbəti yoxdur”.


Müəllif: Aysel Azad