“Xankəndiyə dəmir yolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün bölgədəki separatçılar tərksilah edilməli və buradakı ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Xankəndiyə dəmir yolunun çəkilməsinə şərait yaradacaq çalışmalar sürətləndirilməlidir:
“Azərbaycan Dəmir Yolları idarəsinin rəhbəri Cavid Qurbanov deyib ki, Xankəndi istiqamətində dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır. Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir. Cavid Qurbanovun mövzuyla bağlı sonuncu cümləsi də maraqlıdır: “Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.
Əlbəttə, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər. Bu o deməkdir ki, Xankəndi Azərbaycanın nəzarətinə keçib və vətəndaşlarımız bu şəhərə rahat gedib-gələcəklər. Cavid Qurbanovun Xankəndiyə dəmir yolunun çəkilməsiylə bağlı verdiyi açıqlama ermənilərə mesaj əhəmiyyəti daşıyır ki, biz şəhərimizə qayıdacağıq. Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir.
Xankəndiyə dəmir yolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün bölgədəki separatçılar tərksilah edilməli və ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu ikisi reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının Xankəndiyə gediş-gəlişi təmin oluna bilər. Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmir yolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Elə əsas da bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsidir”.