3 İyun 2017 09:57
1 486

29 il öncə iyunun 2-də Rac Kapurun ölümü bütün Hindistanı sarsıtmışdı. Ölkə matəm içindəydi.

O, dünyaya Hindistanı təqdim edirdi. Rejissoru, ssenari müəllifi olduğu, baş rollarda oynadığı filmlərdə haqqın qələbəsini, kasıbın hüququnu, uşaq cinayətkarlığına qarşı mübarizəni, sosial ədalətsizliyi, sevginin təntənəsini nümayiş etdirirdi. Onun bütün təqdimatları mükəmməl, inandırıcı alınırdı. Və o milyonların sevimlisi idi, təkcə öz ölkəsində yox, ölkəsinin hüdudlarından kənarda da. Hindistanın bütün ali mükafatlarından, titullarından başqa pərəstişkarlarının ona verdiyi adlar da var idi: “Hindistanın kino kralı”, “Hind kinosunun memarı və yaradıcısı”, “Şərqin Çaplini”...

Tanınmış hind rejissoru və aktyoru Rac Kapur haqqında yazını təqdim edirik:

14 dekabr 1924-cü ildə Pişəvərdə aktyor Prithvirac Kapurun ailəsində anadan olan Pac Kapur ilk dəfə altı yaşaında atasının sahib olduğu teatrda səhnəyə ilk addımını atır. Prithvirac Kapurun tələbkarlığı, hətta öz oğluna belə heç bir güzəştə getməməyi balaca Rac üçün əsl sənət məktəbinə çevrilir. O, qısa bir zamanda kiçik rolları ilə də olsa öz istedadını nümayiş etdirə bilir.

Teatrda çalışmasına baxmayaraq Rac Kapur kino sənətinə daha çox meyl və həvəs göstərir. Atası oğlunun bu arzusunun qarşısına sədd çəkmir. Beləliklə də Rac Kapur ilk dəfə olaraq 11 yaşında kinoda rol alır. Dövrün tanınmış rejissorları Rac Kapurda qibtəediləcək istedadın olduğunu söyləyirlər.

Bir neçə il “Bombey tokiz” studiyasında rejissor assisenti vəzifəsində çalışdıqdan sonra Rac Kapur “Rac Kapur films” şirkətini yaradır. Reissoru olduğu və həm də baş rollarda çəkildiyi filmlər qısa bir müddət ərzində həm Hindistanda, həm də bir çox ölkələrdə böyük populyarlıq qazanır. Təkcə SSRİ-də 64 milyon nəfər Rac Kapurun reissoru olduğu və baş rolda çəkildiyi “Avara” filmini seyr edib.

Hindistanın Baş naziri Cəvahirləl Nehru Moskvaya səfər edərkən Nikiti Xruşovun ondan soruşduğu ilk suallardan biri Rac Kapurla bağlı olub:

- Cənab Baş nazir, siz Rac Kapuru şəxsən tanıyırsınız? Bilirsiniz hansı Rac Kapuru deyirəm? Mahnı da oxuyur ey, avara mu...

Təbii ki, belə sual baş naziri qıcıqlandırır. Cəvahirləl Nehru elə düşünür ki, sovet rəhbəri əvvəlcə ondan Hindistanın SSRİ-dəki səfirini soruşmalıdır. Və o vaxt Hindistanın SSRİ-dəki səfiri Cəvahirləl Nehrunun bacısı olub.

Baş nazir Hindistana qayıtdıqdan sonra həmin dövrdə tanınmış teatr rejissoru və həm də parlamentin üzvü olan Rac Kapurun atasını yanına çağırtdırıb deyir:

- Mən belə anladım ki, sizin oğlunuz SSRİ-də məndən də məşhurdu.

Cəvahirləl Nehrunun müsahibələrinin birində Rac Kapur haqqında söylədiyi fikirlər də maraqlıdır: “Mən hazırda bütün dünyada ən məşhur adamlardan biriyəm. Demək olar ki, məni hamı tanıyır. Amma Rac Kapurun populyarlığına çatmaq üçün mən hələ çox uzaqlardayam. Bu məsələdə onunla rəqabət çox çətindir. Rac Kapur yeganə insandır ki, Hindistanın qüruru titulunu mənim əlimdən alır”.

Rac Kapurun növbəti filmlərinin birinin nümayişində işitirak edən Cəvahirləl Nehru təqdimatdan sonra Rac Kapura yaxınlaşaraq ondan avtoqraf da alıb.

1961-ci ildə Yuri Qaqarin Hindistana səfər edərkən kocmonavt Bombey şəhərində yüksək qonaqpərvərliklə qarşılanıb, görüşlər, gəzintilər, ziyafətlər təşkil olunub. Təbii bu görüşdə Rac Kapur da iştirak edib. Qısa bir zaman kəsiyində SSRİ-nin vizit kartı olan Yuri Qaqarinlə, Hindistanın vizit kartı sayılan Rac Kapur arasında səmimi yoldaşlıq münasibəti yaranıb. Kosmonavt kino ulduzuna adı ilə yox, “Yoldaş Avara” deyə müraciət edib.

1956-cı ildə SSRİ-də keçirilən hind filmləri festivalında Sovet İttifaqında səfərdə olan Rac Kapur Bakıda olmaq arzunu da gerçəkləşdirib. Bir günlük səfərdə Rac Kapur bir çox görüşlər keçirib. Dostluq münasibətində olan Rəşid Behbudovla yenidən görüşmək imkanı qazanıb.

Zaman-zaman Rac Kapurun populyarlığı, məhşurluğu pik zirvəyə catıb. “Avara”, “Cənab 420”, “Sanqam”, “Bobbi” və onlarla sevilən filmlər Rac Kapuru milyonların ürəyində yaşadıb.

Bu məşhurluq, bu sevgi Rac Kapuru yolundan azdırmasa da xanımlardan da imtina etdirməyib. Ətrafında, çəkiliş meydanlarında, təqdimatlarda rastlaşdığı xanımlara laqeyd olmayıb.

Bir çox filmlərdə tərəf müqabili olan olduqca yaraşıqlı aktrisa Nərqis isə onun sevgi kumirinə çevrilib. Xanım aktrisa ən çətin, ən mürəkkəb anlarda Rac Kapurun ən yaxın köməkçisi olub. Rac Kapurun ürəyində Nərqisə sevgi olsa da başqa qadınlarla əylənməkdən də əl çəkməyib. Rəqib xanımların Rac Kapura görə çəkişmələri isə son həddə çatıb. Və nəhayət günlərin birində iki xanımın Rac Kapur adlı mübarizəsi səs-küyə səbəb olanda aktyor evlənməyi qərara alıb. Rac Kapur 16 yaşlı bibisi ilə ailə həyatı qurub. Hindistan adətlərinə görə belə nikahlar normal sayılır. Çütlüyün beş övladı olub. Hazırda onlar atalarının yolunu uğurla davam etdirirlər.

Krişna Kapur ömrünün sonuna qədər həyat yoldaşına sədaqətlə xidmət edib. Bəzən Rac Kapurun məqbul sayılmayan hərəkətlərinə göz yummağı da bacarıb.

Bütövlükdə götürəndə 64 illik həyatında Rac Kapuru həmişə uğur, inkişaflı karyera, maddi zənginlik, xalqın sevgisi müşayiət edib. Elə ölümünü də maraqlı bir məqamda qarşılayıb. Belə ki, 1988-ci ildə Rac Kapur Hindistanın ən ali mükafatlarından birinə layiq görülüb. Mükafatı ona şəxsən Hindistan prezidentinin təqdim etməsi nəzərdə tutulub. Mərasim başalayıb, Rac Kapuru təqdimat üçün zala dəvət edəndə o huşunu itirib. Bir ay sonra isə iyunun 2-də Hindistanın ən tanınmış və ən sadə insanı dünyasını dəyişib.

Hazırda Hindistanda “Rac Kapur films” studiyası ən uğurlu şirkətlərdən biri kimi fəaliyyətini davam etdirir. Rac Kapurun övladları və nəvələri bu şirkəti böyük Rac Kapurun adına layiq dünyada tanıtdırırlar. (modern.az)


Müəllif: Teleqraf.com
Загрузка...