28 Sentyabr 2017 11:48
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidenti Mario Davidi qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, görüşdə Mərkəzçi Demokrat İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanda son vaxtlar həyata keçirilən islahatlar, atılan addımlar, ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində aparılan işlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti bu gün daha bir qəbul keçirib. İlham Əliyev Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı N. Caniklini Türkiyə milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev, eyni zamanda, Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz qardaş ölkələrdir və ona görə də Azərbaycan və Türkiyə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib.

Dövlət başçısı qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən prezident İlham Əliyev bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.

N. Canikli isə Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsədimiz bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. N. Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı görüşünü məmnunluqla xatırlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər