Avropa İttifaqının Ermənistana seçki keçirmək üçün cəmi 3 milyon avro ayırması bu ölkədəki qeyri-sabitliklə əlaqədardır. Çünki vəziyyət olduqca mürəkkəb və qalmaqallıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, Avropa İttifaqı bununla ilk növbədə öz seçicilərinə guya dünyada demokratiyanın inkişafı naminə fəaliyyət göstərdiyini, o cümlədən bu məqsədlə maliyyə yardımları ayırdığını nümayiş etdirir:
“Yəni, göstərmək istəyirlər ki, digər ölkələrin də demokratik dövlətlərə çevrilməsində maraqlıdırlar. Digər bir məqsəd isə ondan ibarətdir ki, onlar Ermənistanı öz tərəflərinə cəlb etsinlər. Rusiyanın boyunduruğundan çıxarıb özlərinə yaxın tərəfdaş etsinlər və özlərindən müəyyən dərəcədə asılı respublikaya çevirsinlər. Bu, öz-özlüyündə aşkar şəkildə ortadadır. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələsi üzrə müşaviri Con Bolton oktyabrın sonlarında Ermənistanda olarkən təklif etdi ki, onlar Rusiya silahını deyil, Amerika silahını alsınlar. Yəni, bu Qərbin ümumi siyasətidir”.
F.Sadıqov qeyd edib ki, Ermənistan uzun illərdir dilənən bir respublikadır:
“Ermənistan ordan-burdan pul istəyən, dilənən, kreditlərlə dolanan bir ölkədir. Müxtəlif ölkələrə yardım üçün üz tutur. Görünür, müxtəlif xahişlər edir. Çünki onun başqa bir çarəsi, mənbələri də yoxdur. Onun nə təbii resursları, nə inkişafı, nə də əməlli-başlı iqtisadiyyatı var. İki dövlətlə sərhədlər bağlıdır, o cümlədən onlardan biri ilə müharibə vəziyyətindədir. Bax, reallıq budur. Digər tərəfdən 3 milyon ölkə üçün nədir ki, ona görə onlar siyasətlərini radikal şəkildə dəyişsinlər”.
Qeyd edək ki, oktyabrın 17-18-də Avropa İttifaqının xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Avropa İttifaqının yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olub. Səfərin nəticəsi kimi Avropa İttifaqı növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verib.