Nikol Paşinyan dövlət başçısıdır, amma cinayətkar, təlxək kimi danışır. Dağlıq Qarabağı Ermənistana birləşdirmək onların çoxdankı arzusudur. O xəyalı gerçəkləşdirəcəklərini zənn edirlər, amma Azərbaycan ordusu zəfər yürüşünə çıxanda, Paşinyanların hamısını torpaqlarımızdan süpürəndə ağılları başlarına gələcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan deyilən dövlətin yerləşdiyi ərazi Azərbaycanın tarixi torpaqlarıdır: “Nikol, sən Dağlıq Qarabağın Ermənistan olduğunu deyirsənsə, biz də deyirik ki, Ermənistan Azərbaycandır, tarixən İrəvan xanlığı olub, Göyçə, Zəngəzur, hamısı bizimkidir. Biz ordumuzun gücü ilə o torpaqlara gəlib çıxacağıq, onda sizdən soruşacağıq ki, bura kiminkidir?
Torpaqlarımızı azad edib onların təlxək oyunlarına son qoyacağımız gün uzaqda deyil. 30 ilə yaxın müddətdə ermənilərin bütün hərəkətləri, bəyanatları onu sübut edir ki, bunlar sözlə heç nəyi başa düşməyiblər və anlamaq istəmirlər, bəyanat, qətnamə ilə də torpaqlarımızdan çıxmaq fikrində deyillər. Getdikcə azğınlaşırlar, fitnəkar oyunlarını daha da artırırlar. Azərbaycan əsgəri öz gücü ilə onları başa salmalıdır”.
Deputat qeyd edib ki, 250 illik tarix boyunca beynəlxalq təşkilatların və həmin qurumlarda təmsil olunan dövlətlərin köməyi və iştirakı ilə torpaqlarımız işğal olunub, düşmənə paylanılıb: “Torpaqlarımız bütün dövrlərdə həmin dövlətlərin bilavasitə iştirakı və köməyi ilə işğal olunub, ermənilər ora yerləşdirilib. 1988-ci ildən başlayan işğal da yenə onların xeyir-duası, hərbi gücü, maddi və mənəvi yardımı ilə baş tutub. Bu gün torpaqlarımızın işğal altında qalmasının səbəbkarı həmin beynəlxalq qurumlarda təmsil olunan böyük dövlətlər, həmsədr ölkələrdir. Bunlar riyakar, saxtakardırlar. Boğazdan yuxarı bir fikir deməyə öyrəşiblər: “Sizin ərazi bütövlüyünüzü tanıyırıq və ona hörmətlə yanaşıyırıq”.
Sən həmsədr dövlətsən, BMT-də səsvermə hüququna maliksən, niyə terrorçu dövləti yerində oturtmursan? Deməli, belə çıxır ki, sizin burada razılığınız var, düşmənə fitva verirsiniz, o da başından böyük qələtlər edir. Əgər onlarla razılaşmırsınızsa, niyə bu bəyanatı verənlər bu illər ərzində bir dəfə də olsun cəzalanmayıb, sanksiyaya məruz qalmayıb?
Bu cür cavabsız qalan suallar var. Onlar bu suallara cavab verə bilmirlər, verəndə də riyakarlıqla cavablayırlar. Beynəlxalq qurumlara, həmsədr dövlətlərə düşməni tərbiyə edib ərazimizdən çıxaracağınıza arxayın olmaq xülyadır”.
Elman Məmmədov hesab edir ki, bu gün də status-kvonun qorunub saxlanmasının, torpaqlarımızın işğal altında qalmasının səbəbkarları üç həmsədr dövlət, BMT-dir: “BMT o qədər acizdirmi ki, özünün məlum 4 qətnaməsinin qəbulundan az qala 30 il ötür, cırtdan, terrorçu dövlətə icra etdirə bilmir? Bu, gülüncdür axı. Necə olur başqa qətnamələrin mürəkkəbi qurumamış 1 saatın içində icra olunur, ancaq bizə aid olana etinasız yanaşılır.
Belə çıxır ki, bu gün dünyada mövcud olan zorakılıq, haqsızlıq, ədalətsizlik və güclü xristian həmrəyli buna səbəbdir. İslam dünyasında baş verənlərə nəzər salsaq, onları törədənlərin kimlər olduğunu araşdırsaq, dediklərim sübut olunur.
Azərbaycanın da başına həmin oyunlar gəlib. Ona görə də biz çox diqqətli olmalı, belə taleyüklü məsələlərdə müxalifət-iqtidar söhbətini ortaya qoymamalı, düşmənə qarşı bir qüvvə kimi birləşib mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur, hər şey öz gücümüzdən asılıdır”.
Xatırladaq ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağa gəlib, Xankəndində meydanda “Arsax Ermənistandır” bəyanatı ilə çıxış edib.