11 Oktyabr 2019 15:33
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət başçısının dollardan imtina təklifi post-sovet ölkələri arasında qarşılıqlı ticarət əlaqələri, iqtisadi münasibətlərdə keçərlidir. MDB məkanında qarşılıqlı mal mübadiləsində milli valyutalardan istifadə etmək mümkündür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

İqtisadçının fikrincə, bunun mexanizmini hazırlamaq olar: “Bir şərtlə ki, dominant rolunda heç bir valyuta çıxış etməsin. Belə olarsa, onda MDB-dən kənara çıxdıqca bu valyutaların bir-birinə olan münasibətində hansının rol oynayacağı sualına cavab yenə də ABŞ dolları olacaq. Bu, qaçılmazdır. Dünya iqtisadiyyatı elə qloballaşıb, inteqrasiya olunmuş formada inkişaf edib ki, burada təcrid olunmuş şəkildə sırf regional ticarət əlaqələrinə nail olmaq və bu əlaqələrdə dünyanın aparıcı valyutasından imtina etmək yolu ilə istifadə çox da perspektivli məsələ deyil. Bunu təmin etmək də olduqca mürəkkəbdir”.

Uzun zamandır Türkiyə-Çin, Rusiya ilə Çin arasında qarşılıqlı ticarət əlaqələrində ABŞ dollarından imtina olunması məsələsi müzakirə mövzusu olduğuna toxunan Pərviz Heydərov qeyd edib ki, ortada konkret mexanizm yoxdur: “Ümumiyyətlə qarşılıqlı ticarətdə və iqtisadi əlaqələrdə milli valyutalardan istifadə olunması hansı yenilikləri ortaya gətirib? ABŞ dollarından tamamilə imtina edilməsi və maqnat roluna ciddi şəkildə təsir göstərməsi mənasına gəlibmi? Xeyr.

Ona görə də cənab Putinin təklifi MDB ölkələri arasında müəyyən mənada keçərli hesab olunsa da, bunun geniş masştabda effektli xarakter daşıyacağını və iqtisadi stimul verəcəyini düşünmürəm.

Bu ölkələrin hamısı, o cümlədən Rusiyanın özü beynəlxalq bazarlarla əlaqədədirlər. Məsələn, Azərbaycanın ixrac potensialının 90 faizini neft təşkil edir. Bizim nefti alan Türkmənistan, Rusiya, Ukrayna, Moldova kimi ölkələr deyil. Alanlar Qərb ölkələridir və dollara satırıq. Rusiyanın özü də ixrac potensialı olan enerjini dollar və avroya satır. Ona görə də MDB çərçivəsində milli valyutadan istifadə rus rublunun dominantlığı məqsədinə xidmət etməməsi şərti ilə mümkündür”.

Qeyd edək ki, MDB dövlət başçılarının Türkmənistanda keçirilən zirvə görüşündə Rusiya Prezidenti Vladimir Putin postsovet məkanını valyuta risklərindən qorumaq üçün tədbirlər görməyi, MDB-də dollardan imtina etməyi təklif edib.


Müəllif: Nərgiz