13 Dekabr 2019 14:00
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

17-ci Yasamal dairəsində deputatlığa namizəd qismində REAL, keçmiş REAL-çı Azər Qasımov və siyasi fəal Bəxtiyar Hacıyev arasında mübarizə başlayıb.

Teleqraf.com xəbər verir ki, Real Cumhuriyyətçilər İttifaqı sözügedən dairədə namizədinin Cavad Cavadov olacağını elan edib.

Azər Qasımov Cavad Cavadova uğurlar arzu etdiyini deyib, lakin REAL-a həmin dairədə namizəd olacağı barədə əvvəldən xəbər göndərildiyinə işarə edib. O, Feysbuk statusunda bu barədə bunları bildirib: “İki gün əvvəl Erkin Qədirli ilə görüşmüşdük. Məndən hansı dairədən namizəd olacağımı soruşdu. Mən də 17 saylı Yasamal dairəsini bildirdim. Elə ordaca Erkin REAL-dakılara bu barədə mesaj da göndərdi. Həmin gün günorta dairədən sənədlərimi götürüb namizədliyimi elan etdim. Bundan sonra Bəxtiyar Hacıyevlə yazışdıq və o mənə həmin dairəni nəzərdən keçirdiyini dedi. Lakin mən onun seçkilərə qatılmayacağını düşünürdüm. Əgər Cavad bəy və Bəxtiyar bəy məndən əvvəl namizədliklərini irəli sürsəydilər, mən həmin dairəni seçməzdim. Bu məsələdə yersiz atmacaları və oyunbazlığı isə ümumi prosesə bağışlayıram”.

Bəxtiyar Hacıyev namizədliyini verib-verməyəcəyini hələ qətiləşdirməsə də qeyd edib ki, REAL namizəd irəli sürməsəydi, Azər Qasımlı ilə məsələni müzakirə edib, yoluna qoya, rahat dil tapa bilərdilər: “Açıq dairədir, həmişə ən çox namizədin toplaşdığı dairə olub, 2010-da da təklifimə baxmayaraq, AXCP də namizəd verdi buradan, Müsavat da. Amma, hörmətli REAL sədri İlqar Məmmədov bununla bağlı post yazıb ki, Cavad bəy 17-ci dairədən namizəd olacaq. Əgər dairədə işləmiş, təcrübə toplamış bir namizəd varsa və onunla danışılmayıbsa, dairədə başqa bir eks-REAL-çı tanınmış namizəd öz istəyini açıqlayıbsa, kimsə ora namizəd irəli sürürsə, səsləri parçalayan dairə üzərində müzakirə aparıb, həll yolu axtaranlar yox, iki potensial güclü namizədə qarşı üçüncü namizəd irəli sürənlər olacaq. Dairədə təbliğat-təşviqat son 20 gündə gedir, ona qədər dairə seçməkdən daha vacib yüz hazırlıq işi var. İndidən kimsə danışıq aparmamış 3-cü namizəd irəli sürürsə, səsləri parçalamaqda başqasını ittiham edə bilməz. Ortada hələ bir şey yoxdur, artıq dairə üzərində səs söhbəti gedir, hələ ayı ölməyib, dərisi bölüşdürülə bilmir. Namizədliyimi 17-ci dairədən irəli sürəsi olsam, səslərin parçalanması mənim günahım olmayacaq. Nə edək, seçkiyə getsəm, 2 REAL-çıya qalib gəlmək də ayrı bir təcrübə olacaq”.

İki tərəfin mövqeyi və sosial şəbəkələrdəki ittihamlara REAL sədrinin müavini Natiq Cəfərli cavab verib.

Onun sözlərinə görə, 17-ci Yasamal dairəsində Real Cumhuriyyətçilər İttifaqının namizədinin Cavad Cavadov olması haqda qərar dekabrın 6-da verilib: “Vasif İsmayıl, Fərhad Mehdiyev və Cavad Cavadovla keçirdiyimiz görüşdə kimin hardan gedəcəyini müzakirə edirdik və bu qərara gəldik. Siyahımızın tədricən açıqlanması haqda da qərar verdik. Dedik ki, ilk təqdimatda Vasif İsmayıl və Elçin Haqverdiyev olacaq, sonra hər gün yeni təqdimatlar olacaq. Toplantıda İlqar Məmmədov ayrıca vurğuladı ki, 23-cü dairədən bizdən kimsə namizəd olub Azər Qasımlıya mane olmayacaq. O görüşdə Erkin Qədirli də iştirak edirdi, amma Erkin bir az tez getdi, görüşü var idi. Cavad Cavadov “17-ci dairə” deyəndə İlqar Məmmədov özü yaşadığı ərazi olduğundan oradan namizədliyini irəli sürmək fikrində olsa da, geri çəkilib onu dəstəklədi”.

Natiq Cəfərli vurğulayıb ki, razılaşdırmaya əsasən, dekabrın 11-də ittifaqın ilk ictimai təqdimatı olub: “Dekabrın 12-də isə Cavad Cavadovu təqdim etdik. Yəni 1 həftə əvvəl gəldiyimiz razılığı gerçəkləşdirdik. Xatırladım ki, REAL-ın qərarvermə prosesindən Azər Qasımlı özü-özünü kənarda qoyub, yəni ona partiyadan heç kim çıxartmayıb, özü gedib-qalardı, qərarları birgə verərdik və bu cür rabitəsizlik olmazdı. Xüsusilə də, dediyim kimi, ona mane olmaq niyyətimiz heç olmayıb, hətta əksinə - özümüz ona keçmiş münasibətlər xatirinə yardım göstərməyi düşünürdük. 23-cü dairədə ona imzatoplamada kömək edəcək üzvlərimiz də var, onlarla da danışmışdıq və İlqar bəy dairələri açıqlayanda 23-cü dairə siyahıda yox idi. Biz ciddi siyasi mübarizədəyik, bəzi insanlar, məsələni bilmədən sosial şəbəkələrdə rəy yazanlar da həvəslə qərəzi bir-birinə qarışdırırlar, bu isə təəssüf doğurur”.


Müəllif: Nərgiz