12 Oktyabr 2021 16:22
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Musa müəllim, Paşinyanın Moskva səfəri ilə bağlı proqnozlarınız nədən ibarətdir?

- Bu səfərin nəticələri ilə bağlı indidən nəyisə demək olmaz. Amma Ermənistan rəhbərləri ənənəvi olaraq hər Rusiya səfərində istək və xahişləri olur. Mümkündür ki, bu səfərə Paşinyan Putinin dəvəti ilə də getmiş olsun. Xüsusən də burada Azərbaycan-Ermənistan arasındakı məsələlərin də müzakirəsi mümkündür. Bu, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı da ola bilər. Eyni zamanda əməkdaşlıq və kommunikasiyaların açılması ilə bağlı də fikirlər var. Paşinyan yəqin ki, 10 noyabrdan sonra qanunsuz olaraq Azərbaycan ərazisinə keçərək həbs edilmiş erməni terrorçuları ilə bağlı yenidən Putindən xahiş etmiş olsun. Onun niyyəti odur ki. Rusiya prezidenti bu məsələdə mümkün qədər köməklik göstərsin.

- Səfərin bu qədər təcili olması Ermənistandakı daxili gərginliklə də əlaqəlidirmi?

- Sözsüz ki, belə bir faktın olması da mümkündür. Ermənistanın sabiq prezidentləri Sərkisyan və Köçəryan tərəfdarlarının son günlər fəallaşdığı müşahidə edilir. Xüsusilə də Köçəryanın mütəmadi olaraq Moskvada rəhbər şəxslərlə əlaqələri, görüşləri belə bir ehtimalı daha da gücləndirir. Guman ki, Paşinyan Moskvaya tam dəstək almaq üçün belə bir tələsik səfərə getmiş olsun.

- Erməni cəmiyyətində Paşinyan əleyhinə kompaniya başladaraq, Köçəryan olsaydı daha fərqli gedişat olardı - kimi məntiqsiz fikirlər formalaşdırmağa çalışılır...

- Köçəryanın Rusiya ilə əlaqələri daha möhkəmdir. O, prezident kürsüsündən uzaqlaşdıqdan sonra Rusiya neft şirkətində aparıcı vəzifədə çalışıb. Bu da bir daha sübut etdi ki, müəyyən etibarı olmayan adama belə vəzifə verilməzdi. Görünür Rusiyadakı müəyyən dairələr Paşinyandan sonrakı dövr üçün Köçəryanı qoruyub saxlamağa çalışır. Amma indiki dövr üçün Sərkisyan və Köçəryandan hansısa birinin yenidən Ermənistanda siyasi hakimiyyətə qayıtmaq imkanları olduqca zəifdir. II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda keçirilmiş seçkilər onu göstərdi ki, erməni xalqı müharibə arzulayan qüvvələrdən bezib. Ona görə də erməni cəmiyyəti müharibə tərəfdarı olan partiyaya dəstək olmadı. Məğlub olmasına baxmayaraq erməni cəmiyyəti yenidən Paşinyana səs verdi. Bu da sülh və əməkdaşlığa verilən önəmi meydana gətirmiş olur. Sözsüz ki, hazırda Ermənistanda proseslər çox mürəkkəbdir.

- Zəngəzur dəhlizinin açılmamasını istəyən qüvvələr var. Moskva səfərində bu məsələ ətrafında müzakirə aparılacağı gözlənilirmi?

- Hazırda İran qeyri-konstruktiv bir mövqe tutur. Bölgədə davamlı sülhün və əməkdaşlığın olmasına qarşı İran tərəfi mümkün qədər maneə olmağa çalışır. Zəngəzur dəhlizi açılmayacaqsa, Ermənistan və Azərbaycan arasında davamlı sülhdən və qarşılıqlı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu da erməni tərəfi üçün heç də sərfəli bir variant deyil. Çünki Paşinyan istənilən yolla Türkiyə və Azərbyacanla əməkdaşlığın Ermənistanın xilası üçün vacib olduğunu başa düşür. Amma İran üçün bu o qədər də maraqlı deyil. İran tərəfi düşünür ki, bu realığa çevriləcəksə onun Ermənistan üzərindəki təsiri azalacaq.

- İranın Azərbaycana qarşı qeyri-konstruktiv mövqe tutmasının səbəbi nədir?

- İran gah Ermənistanın Zəngəzur dəhlizini açacağından ehtiyat edir, gah da Azərbayandan özünə qarşı təhlükə gördüyünü iddia edərək burada İsrail dövlətinin izlərini axtarmağa çalışır. Hansısa bir gözəgörünməz “qruplar” axtarılır. Sözsüz ki, bu Iran tərəfinin fantaziyalarından başqa bir şey deyil. Dövlət başçısı Cəbrayılda bununla bağlı açıq şəkildə öz mövqeyini bildirdi. Vurğulandı ki, bu ərazilərdə Ermənistan tərəfi hansısa bir salamat bina qoymayıb. İsrailin hansısa bir mərkəzi bu ərazilərdə necə yerləşə bilər? İndi hər kəs bilir ki, bunlar İranın absurd yanaşmalarıdır. Sözsüz ki, bu yanaşmalar da bölgədə sülhə və əməkdaşlığa maneə olur.


Müəllif: Tapdıq Qurbanlı