Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, 2021-ci il üçün Azərbaycanın siyasi, diplomatik müstəvidəki uğurlarını necə xarakterizə etmək olar?
- Ümumilikdə bu il Azərbaycan üçün çox mühüm uğurlarla yadda qaldı. Müharibədən sonra ölkəmizin siyasi, diplomatik müstəvidəki fəaliyyəti daha da güclənib. Amma hələ də Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsinin imzalanması üçün mühüm əsaslar formalaşmalıdır. Bu əsasların formalaşması isə bir-iki günün işi deyil. Biz ötən bir il ərzində həddindən artıq böyük işlər görmüşük. Bu işin nəticəsi olaraq faktiki ilin sonunda ermənilər tərəfindən "Qarabağ Azərbaycandır" ifadəsinin deyilməsinə nail olunub. Bu, vacib bir işdir. Bu ifadə sadə ermənilər tərəfindən işlədilməyib. Açıqlama Ermənistanda hakimiyyətdə olan insanların dilindən səslənib. Bu istiqamətdə bundan sonra da işlər davam etdiriləcək. Yeni və çox vacib addımların atılması təmin ediləcək.
- Sizcə, hazırkı mərhələdə sülh prosesinə qarşı kimlər müqavimət göstərir?
- Hazırkı dövrdə ən azı iki dairə sülh prosesinə qarşı çıxır, onu pozmağa çalışır. İlk növbədə vaxtilə Ermənistanda hakimiyyətdə olmuş, 30 il müddətində işğalda olan Azərbaycan ərazilərini viran etmiş Köçəryan-Sərkisyan cütlüyü real müstəvidə hər hansı sülhün qatı əlehdarıdır. Onların məqsədi odur ki, müharibə ab-havası gündəmdən çıxmasın. Görünür, gərginliyin daha çox olması onlar üçün sərfedicidir. Ona görə də, bu canilər hazırda Ermənistanda və ondan kənarda əllərindən gələni edirlər ki, Paşinyan hakimiyyətini devirsinlər. Sözsüz ki, onlar Ermənistanda revanşist qüvvələri təmsil edir. Onlar faşizm, ultra-sağçı, ruspərəsət, irqçilik, ksenofobiya, islamafobiyanı bir “ideologiya” kimi əsas götürmüş qüvvələrdir. Bunlar böyük bir spektordur. Üzdə ancaq Köçəryan-Sərkisyan cütlüyü görünür. Amma bu qüvvələr yalnız onlardan ibarət deyil. Məqsədləri mümkün variantlarla sülhün əleyhinə çıxmaqdır. Onlar bu regionda normal, sivil qaydaların, mehriban qonşuluğun formalaşmaması üçün əllərindən gələni edirlər.
- Erməni diasporu bu məsələdə nə dərəcədə pozucu gücə malikdir?
- Erməni diasporu heç cür Qarabağ problemini, onun sülhlə həll olunmasını, normal qonşuluğun təminatını arzulamır. Qafqazda yaşayan xalqların, Türkiyə ilə yaxınlaşması, Ermənistan-Azərbaycan əlaqələrinin konstruktiv müstəvidə formalaşmasını erməni diasporası qəti arzulamır. Eyni zamanda müharibədən sonra əldə edilmiş razılaşmalara görə, kommunikasiyaların açılmasını da erməni diasporu birmənalı olaraq qəbul etmir. Çünki erməni diasporunun bütün fəaliyyəti, istəyi, qazancı məhz bu problemin daha da kəskinləşməsindən irəli gəlir. Onlar Fransa senatında da özlərinə məhz bu vasitələrlə dayaq əldə ediblər.
- Sizcə, bu yaxınlarda Fransa prezidentliyinə namizəd Valeri Pekressin Xankəndiyə gəlməsi hansı amillərlə bağlı idi?
- Sözsüz ki, Fransada fəaliyyət göstərən erməni diasporu öz qanunsuz hərəkətlərini davam etdirir. Bu yaxınlarda Fransa prezidentliyinə namizəd Pekressin Qarabağa qanunsuz səfəri təşkil edilib. O, Qarabağa gələrək separatçılarla birgə fotolar çəkdirib, onlara “təsəlli” verməyə çalışıb. Necə ki, ABŞ-da, Kaliforniyada Adam Schiff bunu edir... Ona görə də iki cür qüvvə hazırda bir-birinə zidd olaraq prosesləri əngəlləməyə çalışır. Erməni diasporu Qərbin içərisindədir. Şovinist, islamafob, faşist qüvvələr isə Sərkisyan-Köçəryan cütlüyünün ətrafında cəmləşib. İkincilər daha çox Rusiyanın içərisində özlərinə dayaq tapır. Ona görə də, bu qüvvələr bir-birinə qarşı olduğu halda bir məqamda birləşirlər. Bu da Azərbaycanla yekun sülh sazişinin imzalanmaması məsələsidir.
- Bu qüvvələri növbəti dəfə zərərsizləşdirmək üçün hansı effektiv addımlar atıla bilər?
- Bu istiqamətdə ardıcıl işlər aparılmalıdır. Azərbaycan tərəfi bu məsələdə konkret addımlar atıb. Sərkisyan-Köçəryan cütlüyünün qanlı əməlləri artıq ifşa edilib. Azərbaycanla Rusiya arasında olan münasibətlər, strateji əlaqələr bu qüvvələrin bütün planlarını alt-üst edir. Məhz bu faktor imkan vermir ki, bu canilər və onların ətrafındakılar Rusiyanın milli maraqlarına kəskin şəkildə müdaxilə etsinlər. Amma bunu başqa rakurslarda çox təəssüf ki, görmək olur. Bunu sülhməramlıların Pekressi Qarabağa buraxmalarında da görmək mümkündür. Bütün bunlar Azərbaycan-Rusiya münasibətlərinə edilməsi mümkün olan müdaxilə kimi dəyərləndirilir. Amma məsələ kritik vəziyyətə gəlib çıxa bilmir.
- Qərbdə olan erməni diasporu hansı yollarla sülhə maneçilik yaradır?
- Onlar Qərbdə qondarma erməni soyqırımının “ağrı-acısı” müstəvisində məzlum görünməyə çalışır. Məqsədləri də bu məsələnin istismarı üzərində mümkün divident əldə etməkdir. Düşünürlər ki, “ağrılı-acılı” obrazları üzərindən nəsə bir xal qazana biləcəklər. Maraqlısı odur ki, Qərbdə olan erməni diasporu açıq şəkildə Rusiyaya qarşı təbliğat aparır. ABŞ senatının yuxarı palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Menendez və konqresmen Schiff Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsində, bu ölkənin blokadaya alınmasında həddindən artıq fəal və aktiv “iş” görürlər.
- Bu paradoksal vəziyyət nə ilə bağlıdır?
- Rusiyaya qarşı işləyən ABŞ-da olan erməni lobbisi Ermənistandakı cəmiyyətə qarşı çıxır. Çünki erməni xalqı sülh istəyir. Ermənistandakı hakimiyyət deyir ki, “Qarabağ Azərbaycandır və biz sülh müqaviləsinin imzalanmasına hazırıq”. Ancaq bu iki dairə prosesdə pozucu mövqe tutur.
- Qarşıdakı dövrdə bu parçalanmış qüvvələrin mövqeyində hansı meyllər müşahidə ediləcək?
- Üzümüzə gələn ildə biz bu üç qüvvənin toqquşmasını müşahidə edəcəyik. Bunlar hazırda Ermənistanda hakimiyyətdə olan qüvvələr, real iqtidarı devirmək istəyən revanşistlər və xaricdə olan erməni diasporudur. Erməni diasporu Ermənistandan ancaq öz maraqları üçün istifadə edir. Onlar qarşıdakı dövrdə Azərbaycana qarşı hansısa bir uğursuz qərarların başqa-başqa ölkələrdə və Qərb dairələrində qəbul edilməsinə çalışacaq. Şovinist və revanist qüvvələrin isə Ermənistanda terror aktları, nümayişlər, stabilliyə zidd addımlar atması gözlənilir. Üçüncü qüvvələr isə var gücü ilə çalışacaq ki, Ermənistanda öz hakimiyyətini mümkün qədər qoruyub saxlaya bilsin.
- Azərbaycan tərəfi bu məsələdə öz mövqeyini necə tənzimləyəcək?
- Ölkəmizin mövqeyi odur ki, erməni adına təşkil edilmiş hər üç qüvvə ilə mübarizə aparsın. Dövlətimiz də bu mübarizəsi fonunda hazırda hakimiyyətdə olan qüvvələrlə mümkün ünsiyyət saxlamağın vacibliyini bilir. Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər, sülh müqaviləsinin bağlanması ilə bağlı məsələləri gündəmə gətirməsi məhz bu qəbildəndir.