Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Avropa Birliyinin təşəbbüsü ilə keçirilən son görüş fonunda artan müsbət ritorikaları necə qiymətləndirirsiniz?
- Artıq biz Fransanın da mövqeyinin dəyişdiyini gördük. Müharibə dövründə Azərbaycana qarşı qərəzli olan Fransa bəzi məsələlərdə balanslı mövqedən çıxış etmək istəyir. Vacib məsələlərdən biri də odur ki, bölgəyə missiyalar göndəriləcək. Buraya tək UNESCO-nun deyil, bəzi layihələrin icrası üçün də missiyaların gəlişi gözlənilir. Ola bilsin ki, azad edilmiş torpaqlara müxtəlif hesablayıcı missiyalar gəlsin. Bu yolla ərazilərdəki vəziyyətlə beynəlxalq ictimaiyyətə geniş informasiyalar çatdırıla bilər. Sözsüz ki, bu da yaxşı bir nəticə olar.
- Enerji məsələsində Avropanın Azərbaycana verdiyi önəmin əhəmiyyəti haqqında nə demək olar?
- Avropada indi enerji böhranı var. Qaz təchizatı ilə bağlı böhran Avropa İttifaqının rəhbərliyini alternativ mənbələri bu prosesə cəlb etməyə vadar edir. Ona görə də, belə maraq və mövqenin dəyişməsi qismən də onunla bağlıdır. Çünki Azərbaycan enerji diversifikasiyası üçün hazır infrastruktura malik ölkədir. Bu da çox vacib bir səbəbdir. Beləliklə də Avropa İttifaqının rəhbərliyi Azərbaycana qarşı mövqeyini daha balanslı bir xətt üzərində qurmağa çalışır. Yəni vaxtilə Azərbaycanın Avropa İttifaqının qeyri-ədalətli mövqeyinə qarşı sərgilədiyi sərt yanaşmalar öz nəticəsini verib. Görünən odur ki, indi münasibətlər daha konstruktiv bir səpkidə gedə bilər.
- Soçi görüşündən sonra sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiyaların yaradılması barədə razılıq əldə edilib. Bu prosesin ləngiməsinə səbəb nədir?
- Bu məsələdə də prosesi ləngidən məhz Ermənistanın pozucu mövqeyidir. Erməni tərəfi delimitasiya və demarkasiya prosesini istəsə də, yanaşmaları təəssüf doğurur. Söhbət ondan gedir ki, bu, texniki bir prosesdir. Bu prosesin əvvəlində ölkələrin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması başlıca şərtdir. Siyasi bir qərarla, texniki bir məsələni əvəzləmək isə mümkün deyil. Yenə də, Ermənistan buna cəhdlər etməlidir. Sərhədlər təsbit olunmalıdır. Sovet dövründən qalma, qeyri-qanuni formalaşmış, tarixi ədaləti pozan, yüz il öncə onlara verilən əraziləri təsbit etmək niyyətləri ilə ermənilər heç nəyə nail ola bilməyəcək. Onların istəyi odur ki, Azərbaycan bunu qəbul etsin. Bu, əslində Azərbaycana qarşı ərazi iddialarının davamı deməkdir. Ermənilərin istəyi odur ki, proses məhz bu şəkildə getsin. Təbii ki, Azərbaycan məsələlərin bu şəkildə icrasında maraqlı deyil.
- Başqa şərtlərin olduğu da iddia edilir. Onlar nədən ibarətdir?
- Ermənilərin digər şərtləri prosesin əvvəlində sərhəddən qoşunların geri çəkilməsi ilə bağlıdır. Azərbaycan XİN-nin bəyanatında bu məsələyə konkret cavab verilib. Vurğulanıb ki, beynəlxalq ənənələrə və qaydalara uyğun olmayan delimitasiya və demarkasiya prosesi olmayacaq.
- Kommunikasiyalarla bağlı hansı problemlər var?
- Ermənistanın kommunikasiya xəttlərinin açılması ilə bağlı öhdəlikləri var. Soçidəki razılaşmadan öncə 10 noyabr 2020-ci il bəyanatında da kommunikasiyaların açılması məsələsi yer alıb. 11 yanvar 2021-ci il Moskva görüşündə bu məsələ bir daha təsbit olunub. Sadəcə olaraq Soçidəki görüşdə daha praktiki bir şəkildə kommunikasiyaların açılması prosesinin icrası ilə bağlı razılaşma var.
- Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın artıq lazımsız bir ölkə olması ilə bağlı açıqlaması var. Onun fikirlərini necə şərh edərdiniz?
- Bu fikirlər ətrafında indi müxtəlif şərhlər səslənir. Amma gündəmdə digər vacib mövzular var. Azərbaycana və digər ölkələrə aid fikirlər əsas mövzudan uzaqlaşmaq kimi görünür. İndiki mərhələdə Rusiya və Belarus arasında ittifaq mövzusu aktuallaşıb. Biz görürük ki, bəzi silahlı birləşmələr Rusiyanın Ukrayna ilə böhran durumunda artıq Belarus ərazisindədir. Bəyanatlar səslənir ki, artıq birgə dövlət, yaxud ittifaq dövləti layihəsi icra edilməlidir. Hesab edirəm ki, Lukaşenkonun açıqlaması da bunun fonunda səslənib. Bu, daha çox Belarusun özünü narahat edən problemlərlə bağlıdır. Azərbaycana aid orada vacib bir fikir yoxdur.