23 Aprel 2022 11:40
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya azərbaycanlılarının V Qurultayının azad Qarabağda, azad Şuşada təşkil olunması Azərbaycan tarixində mühüm rəmzi məna daşıyan hadisədir. Zəfər Qurultayının Şuşada baş tutması harada yaşamasından asılı olmayaraq xalqımızın birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanlıların öz tarixi torpaqları ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mədəni identikliklərinin qorunub saxlanılması, dilimizin, mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından bu mühüm əhəmiyyət kəsb edir. 30 il tarixi torpaqlarımızın işğal altında olmasından mənəvi əziyyət çəkən dünya azərbaycanlıları, bu gün yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və tarixi vətəni olan Azərbaycanla fəxr edirlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı üzvü Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycançılıq ideyasının, hər bir azərbaycanlının həyat fəlsəfəsinə çevrilməsinə xidmət edən dövlət siyasətinin əsas istiqamətlərindən biri bütün həmvətənlərimizi dövlətimizin haqq mübarizəsinə cəlb etməkdən ibarət olub:

“Bu baxımdan Dünya azərbaycanlıları haqq işimizin dünyaya çatdırılmasında, diaspor fəaliyyətinin həyata keçirilməsində öz töhfələrini veriblər. Prezident İlham Əliyev də çıxışlarında qeyd edib: "Mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar”. Dünyanıın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 44 günlük Vətən müharibəsində diaspor təşkilatları ilə sıx əməkdaşlığı diaspora fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayıb. Postmüharibə dövründə diaspor təşkilatlarının və xaricdə yaşayan gənc azərbaycanlıların qarşısında yeni vəzifələr dayanır. Onlar ölkəmiz üçün böyük və vacib qüvvədirlər. Bu mənada onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Azərbaycan həqiqətlərinin çatdırılması, maraqlarının müdafiə edilməsi, dövlətimizi daha da gücləndirir”.

Millət vəkili hesab edir ki, Zəfər Qurultayının Şuşada keçirilməsinin böyük tarixi mənası var: “Azərbaycan dövləti və xalqı tarixi torpaqlarımızın işğaldan azad olunması ilə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmamışdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr - hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər, bax, bu vəziyyəti yaratmışdır. Biz bilirdik ki, bu Qələbəyə layiqik”. Bəli, bu Qələbə Azərbaycan xalqının haqqı idi və xalqımız misilsiz birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu”.

Deputatın fikrincə, Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur:

“Qarabağ Zəfərindən Şuşa qurultayına gedən yol Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsi, müstəqillik və dövlətçilik tariximizin zirvə hadisəsidir. Ulu öndər Heydər Əliyevi Dünya Azərbaycanlılarının həmrəy olması, ictimai-siyasi qüvvəyə çevrilməsi üçün mühüm addımların atılması təmin edilib. Məhz 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam, 2002-ci ilin iyulun 5-də “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman bunun bariz nümunəsidir. İmzalanmış sərəncamlar, həyata keçirilən bütün tədbirlər, dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin qorunmasında çox böyük rol oynayıb. Xalqımızın birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsinə yönəlmiş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Zəfər Qurultayının Şuşada təşkil olunması qərarı və diaspora təşkilatları qarşısında qoyulan yeni vəzifələr bunu təsdiq edir. Əminliklə deyə bilərik ki, Zəfər Qurultayı böyük rəmzi məna daşımaqla yanaşı, Azərbaycan tarixində özünəməxsus iz qoyacaq. Ona görə də, Zəfər Qurultayı münasibəti ilə Prezident İlham Əliyevi, xalqımızı, dünya azərbaycanlılarını təbrik edir, birliyimizin, həmrəyliyimizin əbədi olmasını arzulayıram! Tarix dəfələrlə göstərdi ki, Azərbaycan xalqının birliyinin qarşısında bütün güclər acizdir. Yalnız birlik və həmrəyliklə qarşıya qoyulan hədəflərə uğurla çata bilərik. Birliyimiz, həmrəyliyimiz daim olsun!".


Müəllif: Tapdıq Qurbanlı