25 Aprel 2022 14:09
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixdə erməni soyqırımı deyilən bir hadisə baş verməyib. Bu, yalan və uydurmadır. Ermənilər hər zaman özləri haqqında yazıq obraz yaratmağa çalışıblar. Onlar iddia edirlər ki, guya tarix boyu “əziliblər”, “təzyiqə” məruz qalıblar. Bu məqsədlə də onlar başqalarından dəstək almağa çalışıblar. Amma ermənilər özləri tarixdə qanlı qırğınlar, soyqırımlar törətmiş toplumdur. Ermənilərin törətdiyi XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı bunun ən bariz nümunəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, bir əsr bundan öncə baş verən hadisələri qondarma “erməni soyqırımı” kimi təqdim etmək heç bir məntiqə və fakta əsaslanmır: “Bu sadəcə olaraq olmayan bir məsələnin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləridir. Ona görə də, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir. Bəzi qüvvələr və ölkələr üçün bu amil Türkiyəyə qarşı bir təzyiq vasitəsi olmamalıdır. Qardaş Türkiyə prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, bunun bağlı bütün arxivləri açmağa hazırdır. Amma Ermənistan tarixi arxivlərin açılmasından boyun qaçırır. Çünki tarixi faktlar ermənilərin növbəti yalanını, yüz ildir ki, dünya ictimaiyyətini necə aldatdıqlarını üzə çıxaracaq”.

Millət vəkili hesab edir ki, ABŞ Prezidenti Co Baydenin erməni “anım” günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlər təhrif olunub: “Bu təəsüf doğuran bir yanaşmadır. Ona görə də, ABŞ prezidentinin qondarma soyqırımla bağlı bəyanatı qəbul edilməzdir. Belə bir şəriatdə bu bəyanatın səslənməsi hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir. Eyni zamanda bu cür yanaşmalar Amerika Türkiyə munasibətlərini də ciddi zərbə altında qoyur. Dövlətimizin də bu məsələdə birmənalı olaraq mövqeyi bəllidir. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat verib. Eyni zamanda Türkiyənin Xarici İşlər nazirliyi ABŞ prezidenti C.Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına öz etirazını bildirib. Qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bununla bağlı açıqlamasında bəzi Qərb liderlərinin 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırım” sözünü işlətməsini onların ikiüzlülüyünün ən bariz nümunəsi adlandırıb”.


Müəllif: Tapdıq Qurbanlı