17 Avqust 2022 19:36
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, yeni Laçın yolu ilə bağlı Ermənistan tərəfindən fərqli yanaşmalar izlənilir. Onlar iddia edirlər ki, yeni yol dəhliz məsələsini son qoydu. Qarşı tərəf bunu Azərbaycanın növbəti planı adlandırır. Bu cür yanaşmaları nə dərəcədə ciddi qəbul etmək?

- Bu məsələlərə Ermənistan rəhbərliyinin rəsmi münasibəti bilinmir. Amma Ermənistan müxalifəti, revanşist qüvvələr bu məsələ ilə bağlı qeyri-adekvatdır. Rəsmi münasibət ona görə bilinmir ki, Nikol Paşinyan bu sənədə imza atıb. Həmin üçtərəfli sənədin 4-cü maddəsində göstərilir ki, 3 il ərzində yeni yol çəkilməlidir. Beləliklə, Laçınla Şuşanı birləşdirən yol Azərbaycanın nəzarətinə keçməlidir. Həmin 5 km-lik məsafədə isə Laçın şəhəri yerləşir. Ona görə də Azərbaycan tərəfinin təklifi ilə bu məsələ həmin sənədə daxil edilib. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələni vurğuladı. Ölkə başçısı açıqladı ki, onun təklifi ilə bu məsələ üçtərəfli razılaşmaya əlavə edilib. Belə olan halda Azərbaycanın bu təkliflə çıxış etdiyi tərəflərin də bunu qəbul etdiyi bir daha aydınlaşır.

- Rəsmi İrəvanın bu razılaşmanın icrası ilə bağlı mövqeyindəki qeyri-müəyyənlik hansı amillərlə bağlıdır?

- Ermənistanda indi ikili vəziyyət hökm sürür. N.Paşinyan komandası birmənalı şəkildə Qarabağla bağlı ağır yükü üzərindən atmaq istəyir. Məsələ odur ki, Ermənistan bir dövlət kimi öz üzərinə öhdəlik götürüb. Həmin öhdəliyi də icra etməlidir. İrəvan iddia edir ki, Laçın dəhlizinə alternativ yol 3 ildə icra edilməli idi. Çalışır ki, bu məsələdə bizimlə razılaşmasınlar. Amma imzalanmış sənəddə elə bir məqam yer almayıb. Azərbaycan iqtisadi imkanları ilə bunu 3 ilə yox, 1 il 10 aya icra edir. Bu, Azərbaycanın daxili işidir. Çünki ərazi Azərbaycana məxsusdur. Hətta iş o yerə çatdı ki, yeni Laçın yolunda bir neçə km-lik torpaq yolu da Azərbaycan təmir etdi. Əslində bunu Ermənistan etməli idi. Sonra isə Ermənistan tərəfi avqustun sonuna qədər bizdən vaxt istədi. Azərbaycan bunu da qəbul etdi. Amma onlar yenə də əvvəlki xislətlərinə uyğun olaraq 30 ilə yaxın qanunsuz yaşadıqları evlərlə yanaşı meşələri yandırır. Bu fakt bir daha bu toplumun vəhşi, barbar, insanlıqdan payı olmadıqlarını sübut edir. İndi isə onlar N.Paşinyanı bu və ya digər məsələlərdə ittiham edirlər.

- Kənar qüvvələrin Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı duruma təsirini necə görürsünüz?

- Qərbin əsas məqsədi Ermənistanı Rusiyanın əsarətindən çıxarmaqdan ibarətdir. Ona görə də Ermənistanla bağlı qəbul edilən qərarlar birmənalı şəkildə onun özünü təhdid edir. Çünki bu asılı bir dövlətdir. Etnokorporosiyanın maraqlarına uyğun bir dövlət qurumudur. Əslində bu revanşistlər, kilsə, terrorçu təşkilatlar, millətçilər yüz illərlə dünya ermənilərindən toplanan ianələrlə dolanıblar. İndi isə o ianələr kəsilib. Çünki bu ianələr Qarabağ üçün toplanırdı. Qarabağ yoxdur deyə Ermənistana ianələr gəlmir. Əslində onları pis vəziyyətə salan Azərbaycan Ordusudur. Azərbaycan isə bu ayın sonu, gələn ayın əvvəlinə kimi Ermənistanın Laçınla bağlı öhdəlikləri icra məsələlərini gözləyə bilər. Bundan sonra özləri bilərlər.

- Laçın məsələsi ilə yanaşı Zəngəzur dəhlizinin müzakirəsi gündəmdədir. Hər iki xətt üzrə parallelik aparmaq nə dərəcədə məntiqlidir?

- Bu məsələ ilə bağlı da dövlət başçısının mövqeyi var. Ölkə başçısı qeyd etdi ki, Azərbaycanda yaşayan ermənilər üçün gediş-gəlişə şərait yaradılırsa Azərbaycanla Naxçıvana arasında da eyni şərait yaradılmalıdır. Zəngəzur dəhlizində Ermənistan gömrük, sərhəd xidməti tətbiq edəcəksə, Azərbaycan da yeni Laçın yolunda bu işləri həyata keçirəcək. Görünən odur ki, etnokorporosiyanın psixoloji problemləri var. Çalışırlar ki, hər şeydə başqalarını günahlandırsınlar. Heç vaxt erməni özünü günahlandırmayıb. Çünki qorxaq adamlar həmişə günahı başqasında axtarır. İndi də yeni Laçın yolu ilə bağlı erməni tərəfi Azərbaycanı ittiham etməyə çalışır. Elə gülünc yanaşmalar ortaya qoyurlar ki, bu ağıla gələn deyil. İndi iddia edirlər ki, “Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxacaq ermənilər üçün 25-30 min dolları Azərbaycan verməlidir. Sual yaranır ki, Azərbaycan niyə belə bir vəsait ödəməlidir. Bu fakt göstərir ki, onlar sərsəm ideyalardan, xəstə təfəkkürdən xilas olmayıblar. Amma Azərbaycan bu məsələlərdə qarşısına qoyduğu bütün hədəflərə çatacaq. Dövlət başçısı Basqal qəsəbəsinə səfərdə Azərbaycanın yeni yol xəritəsini elan etdi. Siyasi, iqtisadi, aqrar sahədəki prioritetlər açıqlandı.

- Azərbaycanı 10 noyabr üçtərəfli razılaşmasına qarşı əsassız ittihamlarla çıxış edənlər var idi. Amma o tarixdən keçən müddətdə siyasi, diplomatik və hərbi müstəvidəki təzyiqlərlə ölkəmiz öz hədəflərinə doğru irəliləyir...

- Ermənistanda sərsəm ideyalardan çıxış edənlərlə yanaşı Azərbaycanda da “5-ci kolonun” üzvləri eyni mövqeni bölüşür. Onların əksəriyyətinin qanı təmiz deyil. Bir hissəsi də məhz xaricdən aldıqları sifarişlər əsasında bu cür ittihamlarla çıxış edir. Bu günlərdə Ağdam şəhərinin və rayonun baş planı təsdiq edilib. Bu layihənin başa çatması 2040-ci ilə qədər hədəflənib. Sözsüz ki, bu həmin dövrə qədər nəzərdə tutulsa da Azərbaycan dövləti onu 5-6 ilə tam şəkildə icra edəcək. Ərazilərdə olan mina təhlükəsi hazırda geri dönüşə, tikinti-bərpa prosesinə ən böyük maneədir. Keçmiş Dağlıq Qarabağın ərazisində 1 milyon 200 min hektar kənd təsərrüfatına yararlı torpaq var. Onun hazırda 50 min hektarı əkilə bilir. Burada ən azı 128 min hektar suvarılan torpaq mövcuddur. Hazırda bu ərazilərin 40 faizini mənimsəmək mümkün olursa, onu tam icra etmək üçün zaman lazımdır. Bu məsələrlə bağlı boş-boş danışan adamlar mənfi çalar axtaranda belə şeylərə çox gedirlər. Əksinə həmin adamlar özlərinə sual versinlər ki, Qarabağ üçün nə ediblər? Ölkədə olan partiyaların çoxu bu məsələlərdə dəstək ifadə etdi. Amma yenə də bir neçə partiya kənarda qaldı. İqtidarı ittiham edən müxalifət düşərgəsindən bircə Pənah Hüseynin oğlu döyüşlərə qatıldı. Bu gün ölkədə 60 siyasi partiyanın olduğunu nəzərə alsaq yaranan mənzərə tam aydın olur. Bu partiyaların rəhəbərlərinin əksəriyyəti gəncdir. Bir çoxlarının isə övladları bu prosesə qatıla bilərdi. Amma boş, mənasız danışıqlarda bunlar daha fəaldır. Ona görə də bu ittihamlar tamam haqsızdır. Azərbaycan dövləti bütün məsələləri çox ustalıqla həll edir.

- Prezidentin İsmayıllıda Azərbaycan Televiziyasına vermiş olduğu müsahibədə bir sıra mühüm məqamlar yer aldı. Ölkə başçısının vermiş olduğu mesajın əhəmiyyətini, coğrafiyasını, hədəflərini necə şərh edirsiniz?

- Prezident İlham Əliyev Şirvanı təsadüfi seçməmişdi. Şimalı Azərbaycan ərazisində ən uzun ömürlü dövlət Şirvanşahlar dövlətidir. 500 illik palıd ağacı da təsadüfi seçilməmişdi. Azərbaycanın gerbində bir tərəfdə sülhdürsə, digər tərəfdə dövlətin möhkəmliyi üçün palıdın budaqları əks olunub. Buna əslində "lal diplomatiya" deyirlər. Prezident İlham Əliyev bədən dili ilə çox şeyləri dedi. İndi onu başa düşmək istəmirlər, ya da onların səviyyəsi aşağıdır və yaxud da ki, bunu dərk etmək istəmirlər. Dövlət başçısı çox ustalıqla asta-asta Azərbaycanı 300 illik istismardan xilas edir. Məqsəd də odur ki, bu millət sərbəst düşünsün. Bu məsələlərdə yalandan özünü öldürənlər də “5-ci kolon”dur. Onların özlərinin, ya da uşaqlarının qanında erməni qanı var. Çünki onların 60-70 faizi erməni diasporuna xidmət edən adamlardır. Bir çoxları da Əbülfəz Məlikov kimi adamların əlindəki oyuncaqlardı. Amma bütün bunların fonunda Azərbaycanın Qarabağla bağlı yürütdüyü siyasət çox uğurlu, uzaqgörən, ağıllı və eyni zamanda müasir diplomatiyanın qəbul etdiyi trendlərə uyğundur. Prezident İlham Əliyevin nə edəcəyini başa düşməyən adamlar ittihamlarla çıxış edir. Bunu da “5-ci kolon”un əli ilə edirlər. Burada milli maraqlar məsələsi var. Çünki bütün dövlətlər milli maraqlar nəzəriyyəsinə uyğun hərəkət edir. Amma bu adamların bundan da xəbərləri yoxdur.


Müəllif: Tapdıq Qurbanlı