18 Oktyabr 2022 09:05
3 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl partiyasının sədr müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Avropa Birliyi Ermənistanın Azərbaycana sərhədində müşahidə missiyası göndərəcək, artıq qərar təsdiqlənib. Sizcə, Ermənistan hökumətinin Rusiyanın etirazları fonunda verdiyi bu qərarı necə nəticələnə bilər?

- Azərbaycan bu missiyanın öz ərazisində yox, Ermənistanda həyata keçirilməsinə etiraz etmədi. Qərara əsasən, bu missiya Ermənistan sərhədləri boyunca fəaliyyət göstərəcək. Bu yöndə Azərbaycan tərəfindən hansısa dəstəyin, köməyin olacağı gözlənilmir. Bu, Ermənistanın öz işidir, Rusiyaya cavabı da özü verəcək. Çünki qərar Rusiya tərəfindən heç də xoş qarşılanmadı. Missiya mülki olsa da, orada mülki geyimdə olan NATO və Avropa Birliyi ölkələrinin hərbçiləri də yer ala bilər.

Bu da Rusiyanı çox qıcıqlandıracaq bir amildir. Bu, Rusiya ilə Ermənistan arasında münasibətləri gərginləşdirə bilər.

Azərbaycan bu gündən elə strategiya qurmalıdır ki, qarşı tərəfi obyektiv şəkildə monitorinqin aparılmasına çağırışlar etməlidir. Hansı ölkələrdən missiyada müşahidəçilər yer alacaqsa, Azərbaycan birbaşa onlarla təmasda olmasa da həmin dövlətlərin rəsmiləri ilə təmaslar quraraq, öz nüfuzundan, “yumşaq güc”ündən, hətta enerji məsələlərindən istifadə edərək, indidən bu missiyanı obyektiv fəaliyyət göstərməyə sövq etməlidir. Birbaşa həmin dövlətlərlə işləmək lazımdır. Bu, çox vacibdir.

Hələlik missiya iki aylıq nəzərdə tutulub. Çox güman ki, bu müddətdən sonra bir hesabat yayımlanacaq. Azərbaycanın marağı ondan ibarətdir ki, monitorinq obyektiv olsun, Ermənistan tərəfindən törədilən təxribatlar dəqiq qeydə alınsın.

- Ermənistan Prezidenti Vaaqn Xaçaturyan separatçıların başçısı Araik Arutyunyanla görüşündə deyib ki, Qarabağ məsələsi ilə bağlı çətin qərarlar verilə bilər. Sizcə, Xaçaturyan “çətin qərar” dedikdə, nəyi nəzərdə tuta bilər?

- Əslində Ermənistan parlamentinin spikeri Alen Simonyan da bununla bağlı çıxış edib. Spiker sülh müqaviləsi imzalanarkən Qarabağla bağlı çətin məsələlərin gündəmdə olacağını bildirib. Hətta belə bir fikir də söyləyib ki, çox güman, Qarabağda yaşayan ermənilərlə Azərbaycanın özü birbaşa danışıqlar aparacaq. Təbii ki, söhbət Xankəndidəki qondarma qurumdan getmir, Azərbaycan heç vaxt onunla rəsmi danışıqlar aparmaz. Amma orada yaşayan ermənilərlə icma və ya Azərbaycan vətəndaşları kimi müəyyən təmaslar olacaq.

Otuz ilə yaxın onların beyinlərində belə bir fikir formalaşmışdı ki, Qarabağ heç vaxt Azərbaycanın olmayacaq. Ermənistanda bu fikirlə böyüyən nəsil yetişib. Amma vəziyyət o yerə çatıb ki, durumun dəyişməsini qəbul etmək məcburiyyətindədirlər. Çox güman ki, Azərbaycan da erməni əsilli vətəndaşlarının inteqrasiyası üçün bir proqram və yol xəritəsi də təqdim edəcək. Ermənistan rəsmilərinin son açıqlamaları da ermənilərə o mesajı verir ki, Azərbaycanın bu proqramını qəbul etməyə məcburdurlar.

- Baş nazir Nikol Paşinyan bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etmək məqsədilə sərhəddə üç keçid məntəqəsinin açılması barədə qərar layihəsi bir neçə aydır rəsmən dövriyyədədir, İrəvan bununla bağlı Bakının müsbət cavabını gözləyir. Paşinyanın bu mesajını necə izah etmək olar? Çox güman ki, bu, dəhliz statusu olmayan təklifdir. Bəs buna Bakının cavabı necə ola bilər?

- Bakı dəfələrlə bildirib ki, Zəngəzur yolunda hansı rejim və ya hansı keçid prinsipləri olacaqsa, Ermənistandan Qarabağa çəkilmiş yeni yol da eyni formada işləyəcək. Bu məsələdə dövlətin mövqeyi doğrudur.

Məncə, Paşinyanın bu açıqlamasında təkcə Azərbaycan nəzərdə tutulmur. Əsas problem Rusiya ilə Ermənistan arasındadır. Çünki 10 noyabr razılaşmasına görə, qurulacaq Zəngəzur dəhlizi birbaşa Rusiyanın xüsusi xidmət orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının nəzarətində olacaq. Həmin anlaşmada belə bir müddəa var. Ermənistan bunu qəbul etmək istəmir.

Bir sözlə, Paşinyanın keçid məntəqələri ilə bağlı təkrarladığı açıqlamaları təkcə Azərbaycandan yox, Rusiyadan da cavab gözlədikləri anlamına gəlir. Çünki Rusiya həmin yolu tamamilə öz nəzarətində saxlamağa çalışır. Ermənistan da bunu istəmir. Yəni bu problem daha çox Rusiya ilə Ermənistan arasındadır, nəinki Azərbaycanla öz arasında.

- Fransa parlamenti noyabrda Azərbaycan əleyhinə qətnamə müzakirəyə çıxaracaq. Bundan başqa, İsveçrənin Cenevrə şəhərinin Ali Şurasında Azərbaycan əleyhinə bədnam qətnamə qəbul edilib. Bir sözlə, Avropanın bir sıra ölkələrində Azərbaycan əleyhinə kampaniyanın getdiyini görürük. Sizcə, bunun səbəbi nə ilə bağlı ola bilər?

- Bu, Azərbaycana qarşı təzyiqdir. Həmişə güclü tərəfə daha çox təzyiq olur, bunu tarixən də görmüşük. Əsas məsələ Qarabağda yaşayan ermənilərin gələcəyi ilə bağlı təminatla əlaqəlidir. Fransanın, o cümlədən, Avropa Birliyinə daxil olan bəzi dövlətlərin belə davranışları sülhə xidmət etmir, əksinə, bunu gecikdirir. Bunu birdəfəlik anlamalıdırlar.

Azərbaycan torpaqları 30 il işğalda qaldı, həmin dövlətlərin işğal faktını pisləyən bəyanatlarını görmədik. Ona görə də düşünürəm ki, bu, təzyiq vasitəsidir, Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının gələcək təhlükəsizlik təminatları ilə bağlı Azərbaycandan daha çox güzəşt qoparmaq cəhdidir.

- Bəs Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlərə başlayan İran nə demək istəyir?

- İran hələ də şimal qonşuluğunda müstəqil və güclü Azərbaycanın mövcud olmasını həzm və qəbul edə bilmir. Bu, İranın ölkəmizə qarşı bütün yanaşmalarına təsir göstərən əsas amillərdən biridir. Azərbaycanın daha da güclənməsi Güneydə yaşayan soydaşlarımız üçün bir mayak, siqnal rolunu oynaya bilər. İranı qıcıqlandıran əsas məsələ bundan ibarətdir.

Təbii ki, İranın da bölgədə güc mərkəzlərindən birinə çevrilmək cəhdləri var.

Türkiyənin Cənubi Qafqaz və dünyada getdikcə artan nüfuzu və rolu, proseslərə daha aktiv qoşulması da İranı qıcıqlandırır.

Daha bir məsələ ondan ibarətdir ki, İranın diplomatik dili bir qədər qəlizdir. Həmişə altından çıxa bilirlər. Tehranın “Biz Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin əleyhinəyik” açıqlamalarına Azərbaycan prizmasından baxanda düşünürük ki, bizə ünvanlanmış təhdid mesajıdır. Amma siz bunu iranlı diplomatlardan soruşsanız, qayıdacaqlar ki, biz bunu Qarabağla bağlı deyirik, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, sərhədlər dəyişməməlidir. İranın dili bir az qəlizdir, amma məqsədləri aydındır.

Yaxud “Ermənistanda sərhəd rejiminin dəyişdirilməsinə qarşıyıq” dedikdə, elə bilirik ki, bunu Zəngəzur dəhlizi ilə bağlı söyləyirlər. Əslində bununla bağlıdır, amma siz İrana nota göndərib, sual versəniz, deyəcək ki, biz sərhəd keçid məntəqələrinin Rusiyanın nəzarətinə keçməsindən narahatıq, biz Ermənistanın nəzarətində qalmasını istəyirik.

İranın dili nə qədər qəliz olur-olsun, son nəticədə bu mesajların bizə ünvanlandığını bilirik.


Müəllif: Mənsur Rəğbətoğlu