16 Noyabr 2022 14:01
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün beynəlxalq miqyasda Azərbaycanın gücü, mövqeyi möhkəmlənib. Avropanın yeni formalaşan təhlükəsizlik, iqtisadiyyat, informasiya, mədəniyyət, millətlərarası münasibətlərində Azərbaycan yer alıb. Çünki Azərbaycan əraziləri erməni işğalında olana qədər tamam başqa bir rakursda idi. İndi isə Azərbaycan öz ərazilərini azad edib və ölkəmizin mövqeləri tamam başqa cür qəbul edilir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O hesab edir ki, II Qarabağ müharibəsinə qədər bizə olan təzyiqlər torpaqların işğal faktı ilə barışmaqla bağlı idi: “İndi isə bizə qarşı başqa bir səmtdə reaksiyalar verilir. Çünki biz artıq regionda güc mərkəziyik. Avropada özümüzün təsir imkanlarımız var. Azərbaycanın qardaş Türkiyə ilə birgə fəaliyyəti də bu məsələlərə tamamilə başqa cür təsir göstərir. İndi məhz bu fəlsəfə gündəmə gəlib. Əslində II Qarabağ müharibəsinə qədər də Fransa ikitərəfli oyun oynayırdı. Sadəcə indi məqsədlər bir qədər başqadır. Azərbaycanın yaratdığı yeni reallıq indi tamam fərqli bir yanaşmanı tələb edir”.

Millət vəkilinə görə, hazırda III virtual Qarabağ müharibəsi gedir: “Fransa isə bu gün sözün əsl mənasında çabalayır. Azərbaycanın İtaliya, Avropa İttifaqı ilə münasibətləri var. Prezidentimizin Avropada ən yüksək səviyyədə qəbul olunur. Eyni zamanda Azərbaycan Avropaya qaz nəqlini 20 milyard kubmetrə qədər qaldırır. Bununla yanaşı Avropa Komissiyanın sədri Ursula von der Leyenin Azərbaycan səfəri, Almaniya və digər məsələlərdə artıq Fransa yer almır. Fransa faktiki olaraq bu prosesdən kənarda qalıb. Ona görə də, Fransa bu cür vasitə ilə prosesdə yer almağa çalışır. Məqsədi bu prosesi yavaşlatmaq, ya da burada ciddi iştiraka malik olmaqdır. Ciddi iştirak məsələsi də bir qədər aydın deyil. Makron Praqa görüşlərində iştirak etdi, dördtərəfli onlayn müzakirələrə qatıldı, bunun ardınca həmin vədlərdən geri çəkildi”.

Səmədə Seyidova görə, bu gün Fransa daxilində elə bir mənzərə yaradıblar ki, özləri öz siyasətlərinin qurbanı olurlar: “Erməni diasporu Qərb ölkələrində xərçəng xəstəliyi kimi yer alıb. Xərçəng xəstəliyi Fransanın böyüklüyünə, nüfuzuna görə aydın görünməsə də bunun elementləri var. Bunu Makronun bir gün “hə” deyib, sonra “yox” deməsindən açıq sezmək mümkündür. İndi də onlar Fransa senatında elə cəfəng xarakterli məsələlərə yer veriblər ki, bu, açıq gülüş obyektinə çevrilib. Biz Azərbaycan parlamentinin komitəsi səviyyəsində buna etirazımızı, reaksiyamızı bildirəcəyik. Milli Məclisin də buna reaksiya verməsi realdır. Sadəcə olaraq Fransa senatında qəbul edilən həmin o bədnam qətnamə o dərəcədə qeyri-realdır ki, bunun hansısa bəndinə ciddi yanaşmaq absurd görünür. Əslində isə Birinci vitse-prezidentimizin UNESCO ilə bağlı atdığı addım da buna bir əlavə oldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər