Azərbaycan ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərov Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Rusiya sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərimizdəki qanunsuz fəaliyyətlərə etiraz olaraq vətəndaşlarımız Laçın yolunu bağladılar. Düzdür, danışıqlardan sonra yol açıldı, amma uzun müddətdir ermənilərin bu yol vasitəsilə öz qanunsuz və separatçı fəaliyyətləri üçün istifadə etdikləri bəllidir. Necə hesab edirsiniz, hadisələrin bundan sonrakı axarında Azərbaycan ordusu Laçın yoluna nəzarəti bərpa edəcəkmi?
- Həmişə dediyim söz budur ki, biz bəzi məsələlərdə gecikirik. Gecikdikcə də, ermənilər və onlara havadarlıq edən Rusiya sülhməramlıları qudururlar. Son hadisə də - Tərtər-Kəlbəcər yolunda Azərbaycan vətəndaşlarına qarşı zorakılıq, avtomobilin yararsız hala salınması onu deməyə əsas verir ki, biz belə məsələlərə sərt və ciddi reaksiya verməsək, bunun davamı daha ağır formada gələcək. Təcili qətiyyətli addımlar atmalıyıq. Nə qədər ki biz onların nazı ilə oynayacağıq, insanlarımızı təhdid edəcəklər, Şuşaya, Laçına hücum edəcəklər. Belə təxribatların qarşısı bəri başdan alınmalıdır.
Dəfələrlə bu haqda danışmışıq, amma təəssüf ki, Rusiya sülhməramlıları heç nə etmək istəmir və heç nə də etməyəcəklər. Son təxribat da bilərəkdən törədildi. Konvoyun saxlanılmasına nə ehtiyac vardı? Bilirdilər ki, orada ermənilər var. Ruslar niyə bu olayın qarşısını almaq üçün vaxtında addım atmadılar?
Hesab edirəm ki, gecikmədən Laçın yoluna nəzarət bərpa edilməlidir, bu yöndə qəti addımlar atmalıyıq.
- Sülhməramlıların komandiri Andrey Volkov Azərbaycanın tarixi toponimlərinin təhrif edilməsinin məsuliyyətini Rusiya Müdafiə Nazirliyinin üzərinə qoydu. Bəs bundan sonra nə baş verə bilər: Rusiya Azərbaycanın haqlı narazılığına səbəb olan problemi aradan qaldıracaqmı?
- Volkov bu açıqlaması ilə Rusiya Müdafiə Nazirliyinin çox gülünc mənzərəsini yaradır. Rusiyalı general deyir ki, mən buradan nazirliyə həqiqəti ötürürəm. Guya orada oturan hansısa bir rəsmi şəxs, general və ya hərbçi öz generalının imzasına hörmətsizlik edir. İkincisi, Volkov gözlərinin içinə qədər yalan deyir. Necə göndərirlərsə, elə də verirlər. Moskvada oturub məlumatı hazırlayan əsgər haradan bilir ki, Əsgəran haradadır, Xankəndi haradadır.
Volkov heç vaxt səmimi olmayıb. Volkov ona aydınlıq gətirməlidir ki, atəşkəsi pozan atəş haradan açılıb. Azərbaycan Müdafiə Nazirliyi bu günədək dəfələrlə minalar haqda məlumat yayıb. 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar Azərbaycan ərazilərində basdırılıb. Volkov buna aydınlıq gətirsin. Volkova inanmaq lazım deyil. Bunlar boğazdan yuxarı və ya Azərbaycan auditoriyasına hesablanmış fikirlərdir.
- Ümumiyyətlə, son zamanlarda Qarabağda artan təxribatlar nə ilə əlaqəli ola bilər?
- Ruslar maksimum çalışırlar ki, tərəflər arasında toqquşma olsun. Bununla o mənzərəni yaratmaq istəyirlər ki, guya Rusiya sülhməramlılarına ehtiyac var. Bu zaman dövriyyəyə girib deyəcəklər ki, biz olmasaq, onlar bir-birlərini qıracaqlar, bir-birini məhv edəcəklər və s. Məqsəd budur, başqa bir şey görmürəm. Onlar Azərbaycan ordusunun qarşısında nə edə bilərlər?! Heç nə edə bilməzlər və etmək gücündə də deyillər. Sadəcə istəyirlər ki, güclü toqquşma olsun və bunun nəticəsində ərazilərimizdə qalma müddətini uzatsınlar.
Rusiya sülhməramlıları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Öz vəzifə borclarını doğru yerinə yetirmədiklərinə görə Azərbaycandan üzr istəməlidirlər.
- Türkiyə və Azərbaycan Silahlı Qüvvələri növbəti birgə təlimlərə başladı. Təlimlərin İranla sərhəd (Astara, İmişli və Cəbrayıl) rayonlarında keçirilməsi diqqət çəkir. Sizin bu haqda fikriniz necədir?
- Bu, adi təlim deyil. Təlimlərin keçirildiyi areala baxın: Bakı, İmişli, Astara və Cəbrayıl. Biz indiyədək qardaş Türkiyə ilə bu arealda hərbi təlim keçirməmişik. Bunun özü başa düşən üçün çox böyük mesajdır. Ona görə də bu təlimlərin çox böyük siyasi və hərbi əhəmiyyətinin olduğunu düşünürəm. Bu, bəziləri üçün həycan siqnalı olmalıdır. Başa düşməlidirlərki, bundan sonra Azərbaycana qarşı edilə biləcək hansısa bir cəhd qardaş Türkiyəyə qarşı edilmiş cəhd olacaq. Bu təlimlərin məqsədi və məramı da bunu hər kəsə göstərməkdir.
Hərbi təlimlərə bütün qoşun növləri cəlb edilib. Bu təlimlər gecə-gündüz, yəni sutkanın 24 saatı keçirilir. Buna görə də bunun önəmli və vacib təlimlər olduğunu düşünürəm. Belə təlimlərin miqyası bir az da genişləndiriləcək, yeni dövlətlər cəlb olunacaq. Türkiyə və Azərbaycanla yanaşı, digər türk dövlətlərinin hərbçiləri də bir müddətdən sonra belə təlimlərə qatılacaqlar.