20 İyun 2023 20:39
2 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik

- Ziyafət müəllim, Ermənistan tərəfi son təxribatlar fonunda Azərbaycanı ittiham edir. Onların iddiasına görə, Azərbaycan Ordusu onların döyüş postlarına zərbə endirir. Bu cür iddialar nədən qaynaqlanır və erməni tərəfi bununla nəyə nail olmaq istəyir?

- Ermənistan tərəfindən irəli sürülən bu iddialar yeni bir yanaşma deyil. Bu, ermənilərin köhnə xəstəliyidir. Özləri həmişə təxribat törədir. Daha sonra isə bunu Azərbaycanın üzərinə atmağa çalışır. Bununla bağlı məlumatları isə Avropa Birliyinə, Avropa Parlementinə, Avropa Şurasına ötürür. Məhz bu məlumatlar əsasında da həmin təşkilatlar vasitəsi ilə Azərbaycana təzyiq göstərmək istəyirlər. Hazırda Ermənistanda Avropa İttifaqının missiyası fəaliyyətdədir. Bu missiya heç də Ermənistana səmimiyyətlə gəlməyib. Onlar bu ölkəyə ancaq Azərbaycan əleyhinə donoslar vermək üçün gəlib. Ona görə də, ermənilərin bu hiyləsi yeni bir taktika deyil. Biz bunları bilirik. Azərbaycan tərəfi olaraq dünyaya bəyan edirik ki, ölkəmizin belə təxribatlarda heç bir marağı yoxdur. Çünki biz Ermənistana sülh müqaviləsini təklif edən tərəfik. Ermənistan isə vaxtaşırı bu cür təxribatlar vasitəsi ilə sülhdən mümkün qədər boyun qaçırmağa çalışır. Bu isə onu göstərir ki, erməni tərəfi sülh müqaviləsinin bağlanmasında maraqlı deyil.

- Ermənistan tərəfi orduya döyüş hazılığı ilə bağlı göstəriş verib. Belə olan halda Azərbaycanla yeni bir hərbi qarşıdurma ehtimalı varmı?

- İri həcmli döyüş əməliyyatlarının olması gözlənilmir. Amma təxribatlar qaçılmazdır. Çünki erməni tərəfi təxribatlarda hər zaman maraqlı olub. Bu günlərdə Azərbaycan Ordusu da özünün növbəti döyüş hazırlığı ilə bağlı müdafiə nazirinin rəhbərliyi ilə kollegiya iclası keçirib. Yəni Azərbaycan Ordusu hər zaman olduğu kimi bundan sonra da istənilən təxribatın qarşısını almağa hazırdır. Görünən isə odur ki, erməni tərəfi II Qarabağ müharibəsində almış olduğu yumruq zərbəsindən nəticə çıxarmaq istəmir. Belə olan halda qarşı tərəf yəqin ki, növbəti yumruq zərbəsi arzulayır. Çünki onlar diplomatiya dilini anlamaqda çətinlik çəkir. Ona görə də, onların başa düşdüyü dildə yəni güc müstəvisində danışmaq lazımdır.

- Azərbaycan-Ermənistan şərti sərhəddinə (Naxçıvan istiqamətində) erməni tərəfinin metallurgiya zavodu inşa etməsi hansı məntiqə əsaslanır?

- Bu məsələ Azərbaycan parlamentində də qaldırılıb. Belə bir ağır metallurgiya zavodunun, yəni illik istehsal həcmi 85 min ton olan zavodun tikintisi heç də təsadüfən baş verməyib. Çünki bu zavoddan çıxan çirkli sular Araz çayına axıdılacaq. Bu isə Araz çayında suyun zəhərlənməsi və nəticədə Xəzər dənizində biomüxtəlifliyinin məhv edilməsi deməkdir. Onlar qəsdən bu zavodun tikintisini məhz o bölgəyə salıblar. Məqsəd Azərbaycana ziyan vurmaq və mümkün qədər qıcıqlandırmaqla bağlıdır. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara müracətlər göndərib ki, zavodun tikintisinin qarşısının alınması üçün təcili tədbirlər görülsün. Çünki bu zavodun sərhədə yaxın bölgədə inşası birbaşa ekologiyanın zəhərlənməsi deməkdir.

- Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfindən müsbət mesajlar verilir. Yaxın zamanlarda bu istiqamətdə irəliləyişin olacağı ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycan tərəfi olaraq bizə konkret nəticə lazımdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya və Ermənistan tərəfindən müxtəlif açıqlamalar verilib. Amma ortada real nəticə yoxdur. Çünki bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Ona görə də, bəyanatın bu bəndinin icrası təmin olunmalıdır. Azərbaycan tərəfi olaraq biz bunun icrasını gözləyirik. Amma Ermənistan tərəfi hələki konkret işə başlamayıb. Çox təəssüf ki, bu məsələ ətrafında manipulyasiyalar var.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər