5 Avqust 2023 09:05
11 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Laçın yolu ətrafında gərginlik yaşanır. Haqlı olmasına baxmayaraq, kənardan Azərbaycana qarşı çağırışlar var. Azərbaycan isə Ermənistanın özbaşına hərəkətləri və bu kənar çağırışlar qarşısında geri çəkilməyəcəyini bildirir. Sizcə, gedişat hansı istiqamətdə cərəyan edəcək?

- Əslində bu gərginlik Ermənistan-Azərbaycan münaqişəsindən yararlanmağa çalışan geosiyasi oyunçuların fəaliyyətinin nəticəsidir. Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən, bundan sonra Brüsseldə faktiki olaraq, yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması tələbi ilə razılaşan Ermənistan birdən-birə belə bir addım atır, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə “humanitar yardım” göndərilir. Bu, Ermənistan rəhbərliyinin bundan əvvəl sərgilədiyi mövqeyə uyğun gəlmir.

Sual olunur ki, Ermənistanı buna sövq edən nə idi, niyə Nikol Paşinyan hökuməti özünün bəyan etdiyi mövqeyə 180 dərəcə ciddi addımlar atmağa başladı? Biz bunun cavabını humanitar yardım adı altında atılan addımlara münasibətdən görə bilərik.

Bu halda gördük ki, Azərbaycanın “humanitar yardım karvanı”nı buraxmamasına kəskin reaksiyalar Qərbdən gəldi. Bu onu göstərir ki, Qərb heç bir halda müstəqil şəkildə Qarabağın dağlıq hissəsinə təsir edə bilməyəcəyini başa düşür. Ən azı Rusiya qədər təsir edə bilməyəcək. Çünki Rusiya fiziki olaraq bölgədədir, orada silahlı qüvvələri var. Qərbin isə faktiki heç bir təsir imkanı yoxdur. Azərbaycan vasitəsilə ora təsir etmək əlverişli deyil. Çünki bu halda həmin icma Azərbaycandan asılı vəziyyətə düşəcək.

Belə görünür ki, Qərbdə bəzi güclər, yaxud elə kollektiv Qərbin özü Qarabağ ermənilərinə Ermənistan vasitəsilə təsir etmək qərarı verib. Bu da özünü Ermənistanın davranışında göstərdi.

Belə çıxır ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinə çalışan və ya çalışdıqlarını iddia edən tərəflər – buna birinci növbədə Qərbi, ikincisi isə Rusiyanı aid edə bilərik – onlar tamam başqa məsələləri hədəfləyirlər. Başqa məsələ isə Qarabağın dağlıq hissəsində yaşayan erməni icmasına təsirdir. Rusiya birbaşa təsir edir, Qərb isə Rusiyanı sıxışdırmağa çalışır, buna da Ermənistan vasitəsilə cəhd göstərir. Bu, bizim üçün yaxşı xəbər deyil. O mənada ki, əvvəl Rusiya, indi də Qərb o icmadan təzyiq və təsir vasitəsi kimi istifadə etməyə çalışır.

Kimə qarşı? İlk növbədə Azərbaycana qarşı. Çünki bura Azərbaycan ərazisidir. Eyni zamanda, bir müddətdən sonra Ermənistana qarşı. Məsələ budur ki, Rusiya ilə müqayisədə Qərbin ermənilərlə işləmək imkanı daha genişdir. Düzdür, bu gün fiziki olaraq Rusiyanın imkanları çoxdur, bölgədə qüvvələri mövcuddur, Qərbin isə pulu var. Məsələn, gələcəkdə erməni icmasına 1 milyard dollar ayırmaqla Azərbaycan daxilində ona təsir və təzyiq etmək, bölgəyə can atan və nüfuz etməyə çalışan Türkiyənin qarşısında maneə yaratmaq üçün “anklav dövlət” yaratmağa cəhd edə bilərlər.

Azərbaycan bu durumda geri çəkilməyəcəyini bəyan edir və bildirməlidir. Azərbaycan geri çəkilməməlidir. Çünki geri çəkilsək, 1990-cı illərdəkindən daha pis formada məğlub ola bilərik. Bu halda problem yeni forma və mahiyyət almış olacaq. Odur ki, bizim geri çəkilmək şansımız, haqqımız və imkanımız yoxdur. Azərbaycan bu xətti davam etdirməlidir.

Hesab edirəm ki, Azərbaycan öz mövqeyində nə qədər israrlı olsa, son nəticədə onunla razılaşmağa məcbur olacaqlar. İstər Rusiya, istərsə də Qərb olsun, burada sabit, stabil və birmənalı mövqe davam etdirilməlidir.

- Gündəm mövzularından biri də Xankəndi və ətrafında yaşayan ermənilərin reinteqrasiya prosesidir. Bununla bağlı gündəmdə mümkün Yevlax görüşü müzakirə olunur. Bu prosesdən gözləntiniz necədir?

- Qarabağ erməniləri ilə birbaşa dialoqa ehtiyac var. Amma Azərbaycan ərazisində keçirilməsi şərtilə. Məsələn, Yevlaxda, Gəncədə, Şuşada, Bakıda, yaxud Azərbaycanın digər şəhərlərində başlamaq olar. Hətta müəyyən ünsiyyət qurulduqdan sonra Xankəndinin özündə də davam etdirmək olar. Bu, vacib məsələdir. Azərbaycan ən azı bununla göstərə bilər və ya göstərməlidir ki, biz erməni əsilli vətəndaşlarımızla dialoqa açığıq, onlara qarşı xoşməramlıyıq.

Amma açığını deyim ki, bunun perspektivləri haqda xeyli pessimistəm. Çünki geosiyasi tərəflərin hamısı erməni icması ilə Azərbaycan Respublikası arasında ünsiyyətin yaranmasına maraqlı deyil. Təki mən yanılım, amma təəssüf ki, bu belədir.

Getdikcə bunun başqa əlamətlərini də görəcəyik. Burada söhbət artıq imitasiyadan gedir. Çağırışlar var ki, erməni icması ilə ilə dialoq Avropa şəhərlərində olsun, Azərbaycan buna getməməlidir. Azərbaycan öz vətəndaşları ilə Afrikada, Asiyada, Avropada, Amerikada, Antarktidada görüşməməlidir, bu danışıqlar ölkəmizin öz daxilində getməlidir. Müəyyən şanslar var. Amma mən bu şansların az olduğunu düşünürəm.

- Ötən günlərdə Rusiya rəsmisi Mariya Zaxarova Türkiyənin Cənubi Qafqaz, konkret desək, Azərbaycandakı fəallığına açıq etirazını bildirdi. Sizcə, bu etirazın arxasında hansı məqamlar var? Türkiyə bölgədə hansı addımları atmağa hazırlaşır ki, bu, Rusiyanın narahatlığına səbəb olur?

- Əslində, Türkiyə Cənubi Qafqazdadır. Azərbaycanla Türkiyə arasında geniş formatda əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə varsa – belə bir müqavilə var və adı Şuşa Bəyannaməsidir – bu o deməkdir ki, Türkiyə artıq bölgədədir. Türkiyənin Cənubi Qafqazda rolunun artması bu ölkənin hədəflədiyi regional, geosiyasi vəzifələrdən irəli gəlir. Bunlardan birincisi Türkiyənin Cənubi Qafqazda təsirinin bərqərar olması, ikincisi isə buradan Xəzər və Mərkəzi Asiyaya çıxışı təmin etməsidir. Əlbəttə, Rusiya bütün bu əraziləri “özünün maraq dairəsi” sayır.

Rusiya başa düşür ki, Türkiyənin Avrasiya, xüsusilə də Qafqaz və Mərkəzi Asiyada imkanları kifayət qədər yüksəkdir. Türkiyə bu bölgəni daha yaxşı tanıyır və qonşudur, fiziki əlaqəsi var, bir çox xalqlarla tarixi, milli və mədəni köklərə mənsubdur. Rusiya anlayır ki, Qərbin bu bölgəyə nüfuz etmək imkanları Türkiyənin imkanlarından dəfələrlə aşağıdır.

Digər yandan, Türkiyənin bir sıra məsələlərdə və xarici siyasətdə çəkisinin artması müşahidə olunur. Bu mənada da Moskva Ankaranı özünə ciddi rəqib kimi görür. Adi bir misal çəkim: 2022-ci ildə Türkiyənin hərbi sənayesinin ixrac həcmi 2.7 milyard dollar olub. Başa çatmayan bu ildə isə Türkiyə təkcə PUA satışı ilə bağlı 3.3 milyard dollarlıq sazişlər imzalayıb. Bu, keçən illə müqayisədə 22-23 faiz çoxdur, çox ciddi rəqəm və artımdır. Demək, Ankara təkcə siyasi yox, həm də hərbi-siyasi baxımdan öz təsir dairəsini genişləndirir. Şübhəsiz ki, bu da Rusiyanı ciddi narahat edir.

Eyni zamanda, Türkiyənin bölgə ölkələri ilə mədəni və tarixi bağlılığı Rusiyanın onu bölgəyə buraxmamaq şanslarını minimuma endirir. Bu da Moskvanı narahat etməlidir.

- Bəs Ermənistan nə etməyə çalışır? Bir tərəfdən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyir, digər yandan Qarabağ ermənilərinə Azərbaycanın razılığı olmadan yardım göndərir, üstəgəl, Bakının yardımın çatdırılmasını nəzərdə tutan alternativ yol tələbini qəbul etmir.

- Ermənistanla bağlı yuxarıda cavab verdim. Düşünürəm ki, Ermənistanın bu ikili, yaxud təzadlarla dolu siyasəti Qərb ölkələrinin diktəsilə yürüdür. Ola bilsin ki, bir-iki ölkədir, hətta ola bilsin, kollektiv Qərbdir. Ermənistan yaxşı anlayır ki, onun Rusiyanın təsir dairəsindən çıxması vacibdir. Ən azından ona görə ki, Rusiya bu mübarizədə məğlub olarsa (çox gümn ki, məğlub olacaq), Cənubi Qafqazı itirərsə, Ermənistan yaxın gələcəyi və uzaq perspektivləri haqda düşünməlidir. Görünən budur ki, bu səbəbdən də Ermənistan Qərb ölkələrindən müəyyən mesajlar alır.

Nəzərə alsaq ki, Ermənistanın inkişafı üçün heç bir resursları yoxdur, Rusiya ona böyük yardımlar etmək iqtidarında deyil, özünü Qərbə təklif edir. Yəni belə bir durumda olan bir ölkənin – Ermənistanın bu mürəkkəb situasiyda yeganə şansı öz xidmətlərini kiməsə təklif etmək və bunun müqabilində özünün siyasi, iqtisadi və hərbi baxımdan müdafiəsini təşkil etməkdir.

Görünən budur ki, Ermənistan Azərbaycana qarşı (gələcəkdə də bir sıra bölgə dövlətlərinə qarşı) alət olmaq mesajını çatdırıb. Artıq bununla maraqlanan alıcılar var. Ona görə də Ermənistanın mövqeyi birdən-birə 180 dərəcə dəyişdi. Əslində bunun üçün ortada heç bir səbəb yox idi, sülh danışıqları normal məcrada davam edirdi, Ermənistan hökuməti heç bir halda Qarabağ ermənilərinin istəkləri ilə razılaşmırdı. Vəziyyət isə qəfil dəyişdi, demək, Ermənistanın potensial yeni sponsorları meydana çıxır. Ermənistan bu sponsorlardan dəstək əldə etmək üçün belə bir oyuna imza atıb.

Bu, Ermənistanın özünün layihəsidir, yoxsa başqalarının projesində iştirak edir? Bunu demək çətindir, düşünürəm ki, önəmli də deyil. Biz gördük ki, Ermənistanın bu addımından sonra bir sıra Qərb ölkələrinin, xüsusən də ABŞ-ın Azərbaycanla bağlı mövqeyi müəyyən korrektlərə məruz qaldı. Bu, ən yumşaq ifadə formasıdır. Biz gördük ki, dövlət katibinin İlham Əliyevə sonuncu zəngi yalnız “Laçın dəhlizi” və “humanitar böhran” adlandırdıqları mövzu ətrafındaydı. Bu, artıq konkret mesajdır.

Dediyim kimi, Ermənistanın özünü yeni sponsorlara təklif etdiyini görürük. Əgər konkret fəaliyyət istiqamətlərində addımlar atmağa başlayıbsa, bu o deməkdir ki, müəyyən bir anlaşma da var. Biz bunu nəzərə almalıyıq.


Müəllif: Mənsur Rəğbətoğlu