11 Avqust 2023 09:05
9 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan və separatçıların Laçın yolu ətrafındakı təxribatları davam edir. Sizcə, günlərdir davam edən bu “şou”nun sonu necə olacaq?

- Biz geri addım atmayacağıq, buna görə də ermənilər bizə beynəlxalq təzyiqlərə nail olmağa çalışırlar. Separatçıların başçısı Araik Arutyunyan son müsahibəsində çarəsizliklərini etiraf etdi. Araik bildirdi ki, Rusiyadan istədikləri dəstəyi ala bilmirlər, Ermənistan, ümumiyyətlə onları unudub, Qərbdən dəstək yoxdur. Erməni lobbisinin də müraciətləri var ki, kömək etsinlər. Bu da bir nəticə verməyəcək, biz güzəştə getməyəcəyik, bizim alternativ təklifimiz qüvvədədir.

Ermənistanın bu durumda iki yolu qalır: ya Laçın yolunun önündə ilişib qalmış maşın karvanını geri qaytarır, ya da Azərbaycanın şərtini qəbul etməlidir. Yəni karvan bizim dediyimiz yoldan keçib Xankəndiyə getməlidir. Bunun özü də bizim üçün problem yarada bilər. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımayıb, sülh sazişi imzalanmayıb, heç bir ticarət sazişi yoxdur, yüklər yoxlanılmayıb və sair. Yəni Qarabağ ermənilərinin problemləri varsa, Azərbaycanın mərkəzi hakimiyyətinə müraciət edib, bizim qanunlarla yaşamağı qəbul etməlidirlər. Bundan sonra varsa, problemlərin həlli ilə məşğul olmaq olar.

- Kənardan Azərbaycana qarşı çağırışlar niyə belə çox oldu? Bir çox Qərb dövlətləri, hətta BMT baş katibi də əleyhimizə bəyanatlar verdi.

- Bəli, yenə fəallaşıblar. Dediyim kimi, erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirib. Amerikanın ermənipərəst konqresmenləri Azərbaycan əleyhinə açıqlamalar verirlər. Hətta Adam Şiff – məşhur ermənipərəst konqresmen Azərbaycana müraciət edib ki, “Dağlıq Qarabağ”ı rəsmən tanıyın. Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez də bu kampaniyaya qoşulub. Menendez iki nümayəndəsini Ermənistana göndərib, orada Qərbi Zəngəzura baxış keçiriblər.

Qərb mətbuatında Azərbaycan əleyhinə məqalələrin sayı artıb, müxtəlif beynəlxalq təşkilatlar ölkəmizə qarşı açıqlamalar verirlər. Prezidentin köməkçisi Hikmət Hacıyev az qala hər gün onlara cavab verir, amma bu azdır. Biz də fəallığımızı artırmalıyıq. Səfirlərin nə işə baxdıqları mənə məlum deyil. Səfirlər. Diaspor Komitəsi fəallaşmalıdır. Səfirlər ictimai rəyə təsir etməyə çalışmalıdırlar. Erməni lobbisinin, separatçıların və Ermənistan hökumətinin bugünkü əsas fəaliyyətləri odur ki, müxtəlif ölkələrdə Azərbaycan əleyhinə ictimai rəy formalaşdırsınlar. Düzdür, biz öz işimizi görəcəyik, bizə heç kim mane olmur. Amma beynəlxalq rəyin Azərbaycan əleyhinə yönəlməsinə seyirçi qala bilmərik, nəsə etməliyik.

Səfirlərimiz ictimai rəyə təsir edə bilən yazarlarla görüşməlidir, mediada Azərbaycanın lehinə yazıların çapına nail olmalıdırlar. Buna nail ola bilmirlərsə, özləri nəsə yazmalıdırlar. Öz fəaliyyətimizi ortaya qoymalıyıq.

- Digər Qərb dövlərtlərindən fərqli olaraq ABŞ sanki daha təmkinli görünür. Sizcə, bu belədirmi, belədirsə, nə ilə əlaqəlidir?

- Amerikanın dövlət strukturları ona görə təmkinli görünürlər ki, Azərbaycanla tərəfdaşlığa ehtiyacları var. Cənubi Qafqazın əsas dövləti Azərbaycandır. Yəni Amerika Fransa kimi ermənipərəst mövqe ortaya qoysa, Azərbaycanı itirə bilər. Artıq belə bir mövqeyə görə Fransa Azərbaycanı itirə bilər. Ona görə də, ABŞ daha balanslı mövqedən çıxış edir. Amerikanın ermənipərəst konqresmenlərini çıxmaq şərtilə, dövlət strukturları Azərbaycan əleyhinə açıqlamalar vermirlər.

ABŞ Azərbaycanla tərəfdaşlığını davam etdirir. Azərbaycanla əməkdaşlıq ABŞ üçün niyə vacibdir? Ukrayna amili var. Biz Ukraynaya dəstək veririk. İran amili var. Azərbaycanın İranla münasibətləri gərgindir. Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın marağında o məsələ var ki, Avropanın rus neft-qazından asılılığı azalsın. Bu baxımdan, Avropa üçün alternativlərdən biri Azərbaycanın enerji resurslarıdır. Bu da Amerika üçün vacibdir. Bu səbəbdən də, ABŞ ehtiyatlı çıxış edir.

- Bəs Rusiya hansı mövqedədir?

- Rusiya da bizə mane olmur. Düzdür, Azərbaycana qarşı müəyyən təxribatçı hərəkətlərini görürük, amma Rusiya bizə əngəl deyil. Biz öz işimizi görməliyik. İki il sonra Rusiya sülhməramlılarını yola salmalıyıq.

Rusiya prezidentinin bu ay Türkiyəyə səfəri olacaq. Ümid edirik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşündə bu məsələni qaldıracaq. Yəni iki il sonra Azərbaycan istəmədiyi halda sülhməramlılar ərazimizi tərk etsinlər. Böyük ehtimalla Ərdoğan bu məsələni Putinlə görüşdə qaldıracaq. Nə qədər ki Rusiya Ukrayna bataqlığının içindədir, Rusiya Azərbaycanla münasibətlərin gərginləşməsi siyasətinə üstünlük verməyəcək.

- Türkiyə də fəallığını artırıb. Az qala hər gün xarici işlər naziri Hakan Fidan və digər Türkiyə rəsmiləri Azərbaycana dəstək mesajları verirlər. Ankaranın fəallığı haqda nə düşünürsünüz?

- Türkiyə həmişəki kimi fəaldır. İkinci Qarabağ Müharibəsindən başlayaraq bizə hərtərəfli dəstək davam edir. Ərdoğan da, Hakan Fidan da tez-tez dəstək mesajları verirlər. Bəli, bu strateji müttəfiqlik güclüdür və bizə heç kim təzyiq edə bilməz. Rusiya belə anlayır ki, bizə təzyiq etsə, qarşısında Türkiyəni görə bilər. Amma Rusiya Türkiyəni itirmək istəməz. Çünki Türkiyə tək-tük NATO ölkələrindəndir ki, Rusiya ilə əməkdaşlığı davam etdirir. Putin sanksiyalara görə çox ölkəyə səfər edə bilmir. Hətta Putin BRİKS-in CAR-da keçirilən sammitinə qatılmayacaq. Çünki Beynəlxalq Cinayətlər Məhkəməsi (Haaqa) onu axtarışa verib. CAR da Haaqa Məhkəməsinin sənədlərinə imza atıb. Bu səbəbdən də, CAR prezidenti Putindən xahiş edib ki, gəlməsin, sammitə onlayn formada qatılsın.

Putin Türkiyəyə gedə bilir, çünki Ankara Beynəlxalq Cinayətlər Məhkəməsinin sənədlərinə imza atmayıb. Türkiyə Putin üçün vacib ölkədir. Türkiyə də Putinə o mesajı göndərir ki, Azərbaycanın maraqlarını nəzərə al, iki ildən sonra Azərbaycan istəmədiyi halda hərbi kontingentini Qarabağda saxlama.

Azərbaycan da Türkiyə ilə strateji müttəfiqliyini daha da gücləndirməlidir. Burada bir məsələ aydın deyil: Türkiyənin Şuşada konsulluğunun açılması niyə ləngiyir? Axı bu bizim maraqlarımıza cavab verir. Türkiyənin Qarabağdakı hərbi-siyasi varlığını gücləndirməliyik. Konsulluq məsələsi də bunlardan biridir, bunu çox ləngitmək olmaz.

- Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan iddia edir ki, müharibə təhlükəsi hər gün artır, buna səbəb Baş nazir Nikol Paşinyanın təhlükəli gedişləridir. Oskanyan iddiasında nə qədər haqlıdır?

- Vardan Oskanyanı uzun müddətdir izləyirəm. Vaxtilə jurnalist olanda İrəvanda onunla müsahibə də etmişəm. Bu adam ağlını itirib. Hər gün ağlına gələn fikirləri yazır, paylaşır. Elə bilir ki, Ermənistan Azərbaycana nəyisə diktə edə bilər. Oskanyan “unudur” ki, Ermənistan Azərbaycana məğlub olub, Ermənistan Azərbaycanın diktə etdiklərini qəbul etməyə məcburdur. İndi üç əvvəlki durum deyil ki, kimsə nəyisə diktə etsin.

Vaxtilə muxtariyyət təklif etdik, istəmədilər və müharibədə qalib gəldik. İndi heç bir “muxtariyyət”dən söhbət gedə bilməz. Bu saat Paşinyana məsləhət görür ki, Azərbaycanın şərtlərini qəbul eləməsin, məsələni uzatsın, “Qarabağın müstəqilliyi”nə nail olsunlar və sair. Bu adam keçmişlə yaşayır. Ərazilərimiz işğalda olanda buna nail ola bilmədilər, indi – məğlub durumda olan Ermənistan buna necə nail olacaq? Ona görə də, bu cür məntiqsiz açıqlamalara çox da fikir vermək lazım deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər