“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Laçın yolu və ya Qarabağ erməniləri ilə bağlı Azərbaycana qarşı müəyyən çağırışlar var. Xüsusən də Fransa bu prosesdə fəaldır. Parisin Qarabağ ermənilərinə “humanitar yük” göndərməyə və məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa hazırlaşması barədə məlumat var. Əgər Fransa və digərlərinin məqsədi humanitardırsa, bəs niyə Bakının yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması tələbinə müsbət yanaşılmır?
- Əlbəttə, Qarabağın dağlıq hissəsində baş verənlər və Laçın yolu ətrafında gedən müzakirələr geosiyasi məsələlərdən qaynaqlanır. Zənnimcə, Fransanın bu prosesdə kifayət qədər qabarıq görünən rolu bu ölkənin özünü “supergüc” kimi təsbit etmək istəyindən irəli gəlir. Fransa indi bəzi Afrika ölkələrində fəallıq göstərir, xüsusən də Böyük Britaniya Avropa Birliyini tərk etdikdən sonra Avropa məsələlərində “öncül dövlət rolu”nda olmağa çalışır, Ermənistan vasitəsilə Cənubi Qafqaza müdaxilə etməyə çalışır. Bununla da dünya güclərinə göstərmək istəyir ki, Fransanın iştirakı olmadan, onun bir “supergüc” olduğu qəbul edilmədən dünyanın yeni düzənini müəyyənləşdirmək mümkün olmayacaq. Başlıca səbəb budur.
Digər səbəblər də var. Bunlardan biri də bir sıra Qərb ölkələrinin Azərbaycanı Rusiyanın “tərəfdaş”ı kimi görməsi ilə bağlıdır. Onlar düşünürlər ki, Azərbaycan Rusiyanın “müttəfiq”idir, Azərbaycan “Rusiyanın təhrik”i ilə belə bir vəziyyət yaradır. Rusiya da özünü elə göstərir ki, guya bütün addımlar onun təhriki və diktəsi ilə atılır. Bu kimi iddialar Azərbaycan ətrafında mürəkkəb bir durum, kollektiv Qərb daxilində anti-Azərbaycan koalisiyasının formalaşmasına şərait yaradır.
Vəziyyəti düzgün qiymətləndirməliyik. Bu baxımdan, Fransanın mövqeyindən çıxış edəcək bir sıra Qərb ölkələri olacaq. Məsələn, istisna etmirəm ki, Almaniyada da orada olacaq, o cümlədən Belçika, Hollandiya kimi Avropa Birliyi ölkələri. Biz bu amilləri xarici siyasət strategiyamızın təyin olunmasında nəzərə almalıyıq.
Fransanın BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməsi məsələsinə gəlincə, yəqin ki, bu plandır və fransızlar bunu edəcəklər. Bu, həm də ondan irəli gəlir ki, Fransa bütün dünyanı özündə birləşdirən yeganə təşkilatda – BMT-də özünü təsdiqləmək istəyir. “Humanitar yardım” göndərmək və ya Azərbaycanın iradəsinə qarşı addım atmaq istəyi də, təqdim ediləcək qətnaməyə bir dəstək görüntüsü yaratmaq cəhdindən irəli gəlir. Bununla demək istəyir ki, baxın, Azərbaycan bir “humanitar yardım”ı buraxmadı.
İndi “humanitar yardım” gəlməsi önəmlidir, yoxsa hansı marşrutla? Öz ərazisinə daxil olan yüklərin marşrutunu hər bir ölkənin özü müəyyənləşdirməlidir, o cümlədən Azərbaycan. Üstəgəl, nəzərə almaq lazımdır ki, burada söhbət daxili konfliktdən, Azərbaycanın ərazi bütövlüyünə təhdiddən gedir.
Əlbəttə, bilərəkdən bu addımı atırlar ki, Azərbaycanı əks-addım atmağa təhrik etsinlər: həmin “humanitar konvoy”un qarşısını almaq, bunun ardınca BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq qətnaməyə bir növ dəstək qazanmaq. Məhz buna görə də, israrla Xankəndi-Ağdam yolunu seçmirlər, Laçın yolunun üzərində dayanırlar. Çünki Laçın yolu Fransaya bunun ətrafında ortaya atılmış “Laçın dəhlizi”, “blokada”, “erməni icmasının humanitar fəlakətlə üzləşməsi” kimi tezislər əsasında hazırlanmış qətnaməsini BMT Təhlükəsizlik Şurasından keçirmək üçün lazımdır.
- Ümumiyyətlə, proses niyə birdən-birə sülh gündəmindən uzaqlaşıb, belə kəskin məcraya yönəldi?
- Dediyim kimi, bunun birinci səbəbi geosiyasi məsələlərlə bağlıdır. Konflikt indi hamıya lazımdır. İstər Qərb, istərsə də Rusiya olsun – hər kəs bu konflikt üzərindən öz planlarını həyata keçirmək, ən azı geosiyasi xallar qazanmaq istəyir. Bu səbəbdən dinamik və davamlı gedən sülh danışıqları birdən-birə belə maneələrlə qarşılaşdı.
Bu gün konfliktin çözülməsi heç kimin marağında deyil. Çünki hamı bu münaqişəyə geosiyasi alət kimi baxır. Hər kəs də çalışır ki, bundan öz maraqları üçün öz bacarıqları və təsir imkanları daxilində istifadə etsin. Başqa bir səbəb yoxdur.
- Bir sıra Qərb ölkələri ilə müqayisədə Rusiya bir qədər “sakit” görünür. Bu “susqunluğun” arxasında nə var?
- Rusiya ona görə sakit görünür ki, o, ilk növbədə, fiziki olaraq bölgədədir. Rusiya Cənubi Qafqazla həmsərhəddir, Ermənistanda hərbi bazaları var, Qarabağın dağlıq hissəsində sülhməramlı adı altında hərbi kontingenti yerləşdirilib. Geosiyasətin aktiv fazasında da, bütün məsələlər son nəticədə hərbi güc müstəvisində həll olunur.
Qərb bölgədən çox uzaqdır. Qərbin diplomatik, siyasi addımları düzgün xarici siyasət həyata keçirdikdə yalnız Rusiyanın xeyrinə işləyəcək. Məsələn, Fransanın BMT Təhlükəsizlik Şurasına çıxarmaq istədiyi anti-Azərbaycan qətnaməsi qəbul olunacaqsa, buna digər Qərb dövlətləri, məsələn, ABŞ, Böyük Britaniya, Almaniya, Avropa Birliyi səs verəcəyi, hətta bitərəf qalacağı halda Rusiya onun əleyhinə çıxacağı ehtimalı böyükdür, amma veto hüququndan istifadə etməyəcək. Çünki Qərb ölkələri tərəfindən təqdim olunan, son nəticədə qəbul edilən qətnamə, hətta o qəbul edilməsə belə, bu, bir niyyət ifadəsi olacaq. Rusiyada fikirləşirlər ki, bu, Azərbaycanı ona bir qədər də yaxınlaşdıracaq.
Qətnamə qəbul edilsə, bu, Qərb-Azərbaycan münasibətlərinə daha çox, qəbul edilməsə az neqativ çalarlar qatacaq. Rusiya düşünür ki, bu halda Azərbaycanın seçimi qalmayacaq və onunla tərəfdaş olmağı seçəcək.
- Mövcud durumda Azərbaycanın əli nə qədər güclüdür, təzyiqlərdən necə yayına bilərik?
- Hüquqi baxımdan əli güclüdür, çünki söhbət Azərbaycan ərazisindən gedir. Söhbət Azərbaycan ərazisində yaranmış və böyük fəlakətə səbəb olmuş bir konfliktin çözülməsindən gedir ki, mənbəyi separatçılıq olan bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə təhdiddir. Bunun nəticəsində konflikt 30 ildən artıq davam edir və bu prosesdə Azərbaycan hüquqi baxımdan haqlıdır – istər beynəlxalq hüquq, istərsə də Azərbaycanın öz milli qanunvericiliyi nöqteyi-nəzərindən. Amma əvvəldə dediyim kimi, buradakı münaqişə böyük güclər tərəfindən öz maraqlarını reallaşdırmaq kontekstindən nəzərdən keçirilir.
Təzyiqlərdən yayına bilərik, bunun yolları var. Birincisi, Azərbaycan müttəfiq ölkələrlə işləyərək, bu qətnamənin qəbulunun qarşısını almalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasından bunun qəbul edilməsinin qarşısını alarsa, bu, onun həm diplomatik mövqeyinin, həm də əlinin güclənməsi olardı. Söhbət beynəlxalq diplomatik mövqedən gedir.
Ortada rəsmi sənəd və ya qətnamə olmadığı halda Azərbaycana təzyiqləri davam etdirmək asan olmayacaq. Bir var, bunun üçün hüquqi əsas olsun, bir də var, o əsas yoxdur. Buna görə də, Azərbaycan müttəfiq və tərəfdaş ölkələrlə, məsələn, ərəb dövlətləri ilə intensiv iş aparmalıdır ki, o qətnamənin səsvermədən keçməsinin qarşısını alsın. Bu, Azərbaycanın əlini gücləndirərdi.
- Bəs proses necə nəticələnə bilər?
- Əlbəttə, bu qətnamə keçməyəcəyi halda Fransa və onu dəstəkləyən ölkələr çalışacaqlar ki, Avropa Birliyi səviyyəsində hansısa addım atsınlar. Hələlik Avropa Birliyi və digər Qərb ölkələri bu prosesdə iştirakını göstərmir. Hərçənd BMT Təhlükəsizlik Şurasının son toplantısında mövqelər göründü, amma bu dəfə irəli verilən Fransadır. Yəqin ki, bu dəfə də BMT-də uğursuzluq olarsa, Avropa Birliyində hansısa sənədin qəbuluna cəhd göstərə bilərlər. Orada kartlar bir qədər də açılacaq, biz görəcəyik ki, Fransanın yanında ayrı hansı dövlətlər var. Əminəm ki, bu məsələdə Fransa tək deyil.
Nəhayət, Azərbaycan çalışmalıdır ki, kontinental Avropa ilə digər Qərb ölkələri arasında bir fərqli mövqe yaratmağa nail olsun. Məsələn, heç olmasa, ABŞ-ın və Böyük Britaniyanın mövqeyi nisbətən fərqli olsun. Əks halda, ABŞ və Britaniya da eyni mövqedən çıxış edəcəksə, qətnamə qəbul olunacaq və bunun xoşagəlməz nəticələri ola bilər.
Həmişə tez-tez deyilir ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə bağlı dörd qətanməsi olub və bunlar icra edilməyib, guya indi Azərbaycana qarşı qəbul edilsə, nə olacaq. Bu yanlış yanaşmadır. Bizim lehimizə olan qətnamələrin işləməməsinin səbəbi o olub ki, dünya gücləri – ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər bunların reallaşmasını istəməyiblər.
İndi Azərbaycana qarşı olan bu qətnamə BMT-dən keçərsə, həmin qətnaməyə istinad edərək, Azərbaycana qarşı digər addımları ata bilərlər. Bütün bunlardan qaçmağın başlıca yolu bu qətnaməni dəstəkləyə biləcək ölkələri parçalamaq, onların mövqelərini zəiflətmək və digər ölkələrin dəstəyinə nail olmaqdır ki, bu qətnamənin əleyhinə səs versinlər. Bu halda nəticə bizim xeyrimizə olacaq, bu da aparılacaq işdən asılıdır.