22 Dekabr 2023 09:05
6 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran Prezidenti İbrahim Rəisi yenə Ermənistanın ərazi bütövlüyünü dəstəklədi. Üstəgəl, İran Xarici İşlər Nazirliyinə bağlı saytda (“Iran Diplomacy”) Azərbaycan əleyhinə təxribat dolu məqalə dərc olundu. Maraqlıdır ki, bölgədə addım-addım sülhün təmin olunduğu vaxtda yenidən İranı Ermənistanı təxribatçı formada dəstəkləməyə hansı “zərurət” vadar elədi?

- İranın bizə qarşı təxribatları heç vaxt bitməyəcək. İran haqda illüziyalara qapılmaq lazım deyil, ondan dost olmaz.

İran Xarici İşlər Nazirliyinin həmin saytı üçün özünü “politoloq” adlandıran şəxs Azərbaycanı təhqir edən bir məqalə yazıb, ağzına gələni deyib. Ermənistanla aramızda gedən danışıqları da həddindən artıq təhrif edib. Özündən bir şey uydurub ki, guya Azərbaycan Ermənistan silahlı qüvvələrinin sayının ixtisar edilməsi kimi bir məsələ qaldırıb.

“Müəllif” Zəngəzur dəhlizi və sərhəd məsələləri ilə bağlı uydurmalarını sırımağa çalışıb. Görünən odur ki, bunların hamısı “politoloq”un təxəyyülünün məhsulu deyil, İran dövlətinin fikirləridir. Fars dilində yazdığı məqalədə Qarabağı “artsax” adlandırır və xüsusi əda ilə vurğulayır ki, İran heç vaxt ermənilərin orada “etnik təmizləmə”yə məruz qalmasına dözməyəcək. Ermənilər öz istəkləri ilə bu ərazilərdən çıxıb gediblər. Sənə nə olub? Dözməyib, nə edəcəksən?

Öz uydurmaları ilə Azərbaycanı təhdid etməyə çalışırlar. Görün nə yazır: “Biz sərhədlərimiz yaxınlığında Ermənistana qarşı edilən qanunsuzluqlara dözməyəcəyik”.

Dözmə, bəs sonra?

Dediyim kimi, İranla bağlı hansısa illüziyaya qapılmaq lazım deyil. İran hər addımında iç üzünü açır, müstəqil Azərbaycana qarşı kin qusur. İran müstəqil Azərbaycanın mövcudluğunu həzm etmək istəmir. Sərhəd yaxınlığında top-tüfəng yığıb təlim keçdilər ki, bu, “şimaldan gələcək təhlükələr”ə qarşı təlimdir. Şimaldan səni hansı təhlükə gözləyir – Azərbaycan hücuma hazırlaşır? Azərbaycandan nə istəyirsiniz? İran yenə hədəqəsindən çıxıb, yenə də Azərbaycana pislik etməkdə davam edir. Bu, İranın “ənənəvi xətt”idir.

- Diqqətçəkən bir məqam da budur ki, Rəisi Ermənistanın “Sülh qovşağı” layihəsinə də dəstəyini bildirdi. Bu proje də Zəngəzurdan keçəcək yollara və ya nəqliyyat dəhlizlərinə Ermənistanın nəzarətini ehtiva edir. İndi özü üçün “dəhliz” anlayışını məqbul görən və bunun üçün ərazisindən yol verən İran niyə Ermənistana gələndə belə bir şeyi qəbul etmək istəmir?

- Unutmayaq ki, ermənilərlə farslar eyni kökdəndir. İranın adı “islam respublikası” olsa da, fars mahiyyətli rejimdir, hər vasitə ilə Ermənistanı müdafiə edir.

Paşinyan “Sülh qovşağı”nı necə həyata keçirəcək? Bunun üçün Ermənistan və Paşinyanın nə gücü, nə də qüdrəti var. O qovşaq yalnız Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi reallaşacağı təqdirdə mümkündür. Buna görə də, Rəisinin bu məsələ ilə bağlı dedilərinin hamısı uydurmadır. İran və onun prezidenti bir daha Azərbaycan və onun xalqına qarşı nə qədər kinli olduqlarını təsdiqləyir.

Rəisi prezident səviyyəsində İranın Ermənistan və Azərbaycana hansı münasibətdə olduğunu ortaya qoyur. Göstərir ki, “qozbeli qəbir düzəldər” ifadəsi İrana çox yaraşır. Bu rejim o vaxta qədər heç vaxt düzəlməyəcək.

İranın çoxsaylı xalqı üçün yeganə qurtuluş o rejimin tarixin arxivinə göndərilməsi ola bilər. Bu səbəblərdən Rəisi və digər İran rəsmilərinin dediklərindən təəccüblənmirəm.

- Məlum saytdakı bədnam məqalədə Azərbaycan “Bakı” adlandırılır. İlk dəfə deyil ki, mollalar bu təxribata yol verirlər. Bundan əvvəl bəzi İran rəsmiləri və ayətullaları dəfələrlə ölkəmizi belə adlandırıblar. Nədir bu məkrin səbəbi?

- Dediyim kimi, İran Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir. İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi binanın üstünə “İranın Bakıdakı səfirliyi” sözü yazılıb. Hələ də bu təxribatçı ifadəni dəyişməyiblər. İran-fars rejimi müstəqilliyimizi gözdən salmaq üçün bizə “Bakı dövləti” deyir. Bununla həm bizi aşağılmaq istəyirlər, həm də beynəlxalq hüquqdan nə qədər xəbərsiz olduqlarını göstərirlər. Müstəqillik qazandığımızdan bəri İran dəfələrlə dövlətimizin adını və bayrağını təhrif edib.

İran ötən illər ərzində ölkəmizin ərazisində dini-separatçı agentura şəbəkəsi formalaşdırıb, bu şəbəkə ifşa edildi. Üstəgəl, İran qəsdən Azərbaycana narkotiklərin keçirilməsinə zəmin yaradır.

Molla rejimindən Azərbaycanda “Kərimə” adlı “dini dövlət” qurmaq istəyən qüvvələrə ciddi yardım göstərilir. Daha doğrusu, bu qüvvələri elə İranın özü formalaşdırıb. Bu sərsəm və sarsaq ideyanı populyarlaşdırmaq üçün əllərindən gələni edirlər. Amma onlar bilməlidirlər ki, bu məkrli niyyətlərinə çatan deyillər, artıq onlar ifşa edilib.

İran dayanmayacaq, biz də öz addımlarımızı atmalıyıq. Məsələn, Güney Azərbaycanda yaşayan 40 milyonluq xalqın problemlərini bütün beynəlxalq platformalarda qaldırlamlıyıq. Hazırda Evin həbsxanasında olan güney azərbaycanlı qız Nərgiz Məhəmmədiyə Nobel sülh mükafatı verildi. Mətbuatmız bu haqda geniş yazmalıdır. Biz o qadını təbrik etməli idik, indi də gec deyil. Nərgizin portretlərini başımızın üstündə qaldırmalıyıq. Hazırda İsveçdə yaşayan ailə üzvlərini Azərbaycana gətirməliyik.

Eləcə də Mahmudəli Çöhrəqanlını. Onun Güney Azərbaycan uğrunda mübarizəsinə şərait yaratmaq olar. Güneydən 1000-2000 tələbəni ali məktəblərimizə cəlb edə bilərik. Güneylə bağlı radio və televiziyalar açmaq olar, eləcə də mövcud televiziyalarda bununla bağlı proqramlar yayımlamaq. Sovet dövründə Güney Azərbaycan verilişləri vardı. Güneylilər bu verilişləri izləyirdilər, Azərbaycan mədəniyyəti, tarixi ilə tanış olurdular.

İranda həbs edilən güney azərbaycanlılar məsələsini qaldırmalıyıq. Ən əsası güneyli tələbləri universitetlərimizə cəlb edib öz ana dillərində təhsil almalarına şərait yaratmalıyıq. Burada oxuyub Güney Azərbaycanın mübarizlərinə və əsgərlərinə çevrilməlidirlər. Güneylilərə Azərbaycanda radio və televiziya açmaq imkanları yaratmaq lazımdır.

Ələtdən o tərəfə keçib üzü Lənkərana gedəndə İranın radio və televiziya dalğaları bizim dalğalara qarışır. Elmi-texniki tərəqqinin pik həddə olduğu vaxtda o dalğaların önünü kəsmək çətin deyil. İranın radio-televiziya dalğalarının – o zəhərin bura keçməsinin qarşısını almaq lazımdır.

İran o zaman geri çəkiləcək və müstəqil Azərbaycan dövlətini tanıyacaq ki, biz lazım olan bu tədbirləri görəcəyik. Güneydəki 40 milyonluq xalq ayağa qalxsa, İran adlanan dövləti silib süpürəcək. Bizim İranı dayandırmaq üçün böyük potensialımız var, bundan yararlanmalıyıq.

Güman edirəm ki, son hadisələrdən sonra İranla bağlı addımlar qətiləşdiriləcək və onu susdurmaq üçün lazımi işlər görüləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər