28 Dekabr 2023 14:14
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Fransanın tutduğu qeyri-konstruktiv mövqeyə görə, Azərbaycanla yaşanan gərgin münasibətlər diplomatik müstəviyə enib. İki ölkə arasında diplomatik səviyyədə gərginlik davam edir. Sözsüz ki, bu gərginliyin təşəbbüskarı Azərbaycan deyil. Ölkəmiz Fransaya qarşı, onun daxili işlərinə, Avropa Birliyindəki hansısa planlarına, Afrikada gördüyü işlərə və başqa məsələlərə müdaxilə etməyib. Amma bunun əksinə olaraq Fransa birbaşa Azərbaycana, ölkəmizin daxili işlərinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı aparılan siyasətin içərisində yer alır, müdaxilə edir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“Bu heç də təsadüfi deyil. Təəssüf ki, Fransa öz milli maraqlarını kənara qoyaraq Ermənistan və erməni diasporunun maraqlarını ali maraq kimi seçib. Əslində bu, qorxaq siyasətdir. Bunun da əsasları var. Çünki Fransanın milli maraqlarına zərbə vurmaqdan daha çox daxili təzyiqdən qorxurlar. Daxili təzyiq isə ermənilər tərəfindən Fransada prezident, parlament, senatın formalaşmasına ciddi təsir göstərir. Bu baxımdan Fransa seçimi Azərbaycan-Ermənistan formatında etməyib. Seçim odur ki, Fransanın daxilində onların gələcəyi, siyasi mövcudluğu darmadağın olar, həyat tərzləri dəyişər, alınan pullar, vəzifələr, əlaqələr kəsilə bilər. Ona görə də, bu gün Fransanın milli maraqları zərbə altında qoyulur” – deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, onlardan tələb edilən məsələ Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir:

“Fransalı diplomatların qovulması, biabır olmaları, heç bir nəticə əldə edə bilməmələri onları qəti narahat etmir. Onlar üçün əsas Fransa daxilində gözəçarpan nüfuzlarını qoruyub saxlamaqdır. Görünən odur ki, Fransız siyasətçiləri “dünya necə tarac olur-olsun, nə işim var” fəlsəfəsi ilə yaşayır. Bunların da başında Fransa Prezidenti Emmanuel Makron dayanır”.

Səməd Seyidova görə, bu siyasətin nəticəsi olaraq Fransa hər yerdə iflasa uğrayır, biabır olur:

“Bu, Azərbaycan-Fransa münasibətlərinə də mənfi təsir göstərir. Artıq o səviyyəyə çatır ki, Azərbaycan fransız diplomatlarını ölkədən çıxarır. Çünki onlar dövlətin göstərişi əsasında burada casusluq fəaliyyəti ilə məşğul olurdular. Bu da alınmadı və bunu da yarıtmaz etdilər. Hətta Makron tərəfindən casuslara rəhbərlik edən şəxs istefaya göndərildi. Amma hər bir halda onlar bu kimi biabırçı addımlara əl atır”.


Müəllif: Tapdıq Qurbanlı