20 Yanvar 09:27
16 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Ermənistanın silahlandırılması ilə bağlı atılan addımlar diqqətdən yayınmır. Sülh müqaviləsindən hər bir vasitə ilə boyun qaçırmağa çalışan Ermənistanın II Qarabağ müharibəsindən sonra silahlandırılması başqa məqsədlərə xidmət edir. Burada Qərb və Rusiyanın rolu daha qabarıq görünür.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

“Ermənistan sərhədlərini Rusiya qoruduğu halda bu ölkəyə Qərbdən xüsusi “missiya” adı altında müəyyən qruplar göndərilib. Bu prosesin bir qədər də genişləndirilməsi ilə bağlı çağırışlar edilir. Sözsüz ki, Ermənistan ərazisinə göndərilən bu “missiya” heç də mülki xarakterli deyil. Həmin kontingentin tərkibində xüsusi hərbçilərin olması da bunu təsdiq edir”, - deyə o qeyd edib.

Polkovnikə görə, Rusiyadan indiki halda Ermənistana göndərilən uzaq mənzilli raketlərin daha öncə imzalanmış müqaviləyə əsasən göndərildiyi açıqlansa da, burada qaranlıq məqamlar çoxdur:

“Unutmaq olmaz ki, Rusiya hər zaman Ermənistanı silahlandırıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın silahlandırılması hər zaman Moskvanın diqqətində olub”.

Şair Ramaldanov Rusiyadan Ermənistana silah tədarükünün öncədən razılaşdırılmış və ödənişi olduğu halda gecikməsi ilə bağlı məsələlərin də bir müddət gündəmdə olduğunu söyləyib:

“Qərblə Rusiya arasında manipuliyasiyalar edən Nikol Paşinyan mümkün qədər öz maraqlarını reallaşdırmağa çalışır. Faktiki olaraq Paşinyan bu tərəflərlə münasibəti alver predmetinə çevirib. Rusiya ilə Ermənistan arasında son vaxtlar üzdə görünən gərginlik fonunda isə silah tədarükü və digər məsələlərdə sıx təmaslar var”.

Ekspert Ermənistana verilən “Smerç” raketlərinin narahatlıq doğuracağı məqamlara da toxunub:

“Azərbaycan tərəfi sözsüz ki, bunu diqqətdə saxlayır. Erməni tərəfinin ölkəmizə qarşı hansısa addımlar atması istisna edilmir. Bunun nəticəsi bəlli olsa da, təhlükəyə qarşı adekvat addımlar atıla bilər. Ermənistanın davamlı silahlanması “məqsədlərinə” çatmaq niyyəti olsa da, Azərbaycan hər an ona layiq olduğu cavabı vermək qətiyyətindədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər