26 Yanvar 14:25
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağ azad olunub. Ermənilərin, AŞPA-nın itirdiyi məhz budur. Bu təşkilat ermənipərəst qurumdur. Azərbaycana münasibətində də bunu hər zaman göstərib. AŞPA-nın faşist deputatı, almaniyalı Frank Şvabe ATƏT-in Azərbaycanda seçki prosesini müşahidə etməsindən narahatlığını dilə gətirib. AŞPA-nın bu ilin fevralın 7-də keçiriləcək prezident seçkilərinə dəvət edilməməsi onları qıcıqlandırıb.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Bu şəxs 30 il ərzində AŞPA -nın Ermənistanın işğal faktı ilə bağlı hər hansı qərar çıxartmadığını izah edə bilmir. Qurum tərəfindən Ermənistan işğalçı kimi tanınmayıb. İnsan haqlarından danışan AŞPA təmsilçisi bir milyon azərbaycanlı qaçqının pozulmuş hüquqlarına toxunmayıb. Ona görə də, bu qüvvələrin Azərbaycan qarşı atdığı addımlar birmənalı şəkildə ATƏT - AŞPA davasından qaynaqlanır”, - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, Bakının AŞPA-nı seçkini müşahidəçi kimi dəvət etməməsinin haqlı səbəbləri var:

“Təşkilat həyasızcasına nümayəndələrini Ermənistana göndərib. Qəbul etdiyi sənədlər ermənipərəst mövqeyə əsaslanır. Azərbaycana qarşı əsassız mövqe sərgilənir. Belə çıxır ki, AŞPA ilə yanaşı, Ermənistan da müşahidəçi kimi çağırılmalı idi? Faktiki olaraq AŞPA ilə Ermənistanın mövqeyində fərq yoxdur”.

Fazil Mustafa hesab edir ki, Azərbaycanın AŞPA-dakı fəaliyyətini dondurması itki deyil: “Azərbaycanın qazancı Qarabağdır. Bu addım onlara birmənalı şəkildə xeyir gətirməyəcək. Bakı prosesdən mövqeyini, xarakterini gücləndirmiş şəkildə çıxacaq. Qarşı tərəf səhvlərini etiraf edib, Azərbaycana münasibəti dəyişməlidir. Bu olmayacaqsa, kimsə onlara yalvaran deyil”.

“AŞPA doğurdan da insan haqları, siyasi məhbus məsələsini önəmsəyirdisə, qəbul etdiyi sənədin birinci bəndinə erməni faktını qoymazdı. Çünki onlar hər şeyi ermənilərdən başlayır. Etnik təmizləmə ilə bağlı iddiaları alınmadığına görə digər məsələlərdən yapışıblar. Laçın yoluna buraxılmadıqlarını iddia edirdilər. Burada dəhliz yoxdur. Ermənilər təhlükəsiz şəkildə, gülə-gülə gediblər. AŞPA-nı da yandıran odur ki, gülə-gülə gedən erməniləri qaytara bilmirlər. Azərbaycana da məhz bu məsələlər üzərindən hücum edirlər”, - deputat bildirib.

O, AŞPA-nın üzvü kimi Azərbaycan nümayəndə heyyətinin addımını birmənalı olaraq dəstəklədiyini söyləyib:

“Hətta bununla bağlı daha sərt bəyanat vermək olardı. Daha sərt şəkildə Avropa Şurasında demokratiya adına dələduzluq edən şuranın rəhbərliyini tənqid edib çıxmaq lazım idi. Bu addımın atılması Azərbaycanın xarakterini ortaya qoydu. Azərbaycan kiminsə qarşısında gözükölgəli dövlət deyil. Kim, bundan sonra ölkəmizlə bu üslubda danışacaq qarşılığı da belə olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər