9 Fevral 12:42
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar Prezident seçkiləri ölkəmizin həyatında olduqca mühüm əhəmiyyət kəsb etməklə yanaşı, çox yüksək ab-havada, tam açıq, şəffaf şəraitdə keçirildi. Xalqın birliyi, hər kəsin seçkiyə gəlməsi burada mühüm önəm kəsb edir. Bunun da başlıca səbəbi Ali Baş Komandan İlham Əliyev və Ordumuzun Qarabağda 30 illik işğala son qoyması, torpaqlarımızın azad olunmasıdır. Bu, bizim yaxın-uzaq tariximizdə oxşarı olmayan, cahanşümül bir qələbə idi.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov deyib.

Əməkdar jurnalist bildirib ki, bu tarixi qələbəni qazanan, torpağını sevən, Qarabağın azad edilməsini arzulayan hər bir kəs seçkiyə ürəklə, həvəslə gedirdi:

"Müstəqillik tariximizdə ilk seçki idi ki, xalqımız bu prosesə böyük coşqu və qələbə ruhu ilə qatılırdı. 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev xalqa verdiyi bütün vədlərə əməl etdi. Hələ o vaxt “Torpaqlarımızı azad edəcəm” - sözünü verən Prezident buna nail oldu. Bunun üçün ən uğurlu siyasi-diplomatik gedişlər edildi. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyəyə qaldırıldı. Məhz bu gücün nəticəsində Müzəffər Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Çünki bizə torpaqlarımızın azad edilməsi lazım idi. Azərbaycanımızın hər bir guşəsi bizim üçün əzizdir. Məcburi köçkün həyatı yaşayan bir kəlbəcərli kimi deyirəm ki, bizim üçün ən başlıca prinsip torpaqlarımızın azadlığı idi”.

Əlövsət Ağalarov torpaqlarımızın azad edilməsi, düşmənin döyüş meydanında məğlub edilməsi ilə milli qürurumuzun bərpa edildiyini qeyd edib:

“Torpaqlarımızın azad edilməsi ilə yanaşı, Ali Baş Komandan və Ordumuz milli qürurumuzu da geri qaytardı. Milli kimliyimiz bir daha bütün dünyaya sübut olundu. Ərazilərimiz işğalda olan vaxtlarda xarici səfərlərdə biz az qala milli kimliyimizi gizlədirdik. Çünki torpaqlarımız erməni işğalı altında idi. Artıq alınımız açıq, üzümüz ağdır. Dünyanın harasına getsək, orada böyük qürurla azərbaycanlı olduğumuzu deyirik. Məhz bununun kontekstində seçki ilə bağlı gözləntilərimiz də ən yüksək səviyyədə idi. Prezident İlham Əliyevin 98-99 faiz səs toplayacağı gözlənilirdi. Ola bilsin ki, kimsə siyasət xatirinə digər namizədlərə səs verdi. Bu da normal haldır. Amma ümumilikdə İlham Əliyevin seçkidə inamlı qələbəsi bütöv Azərbaycan xalqının iradəsinin ifadəsi hesab edilir”.

Ağalarov bu seçkidə hər kəsin açıq şəkildə səs verdiyini də əlavə edib:

“Səsvermə məntəqəsində olan müşahidəçilərə bildirdim ki, Kəlbəcərdənəm, cənab Prezident torpağımı geri qaytarıb. Artıq Kəlbəcərə, Qarabağa gedib-gəlirəm. Bu qürur hissini yaşayıram. Azərbaycanlı olduğumu hər yerdə böyük fəxrlə deyirəm. Ona görə də bu seçkilər xalqımızın birmənalı seçimi və liderinə böyük sevgisi ilə baş tutdu. Prezident İlham Əliyevi, xalqımızı təbrik edirəm. İlk dəfə idi ki, bütöv Azərbaycan ərazisində seçki keçirildi. Xankəndidə və digər azad edilmiş torpaqlarımızda seçkilər baş tutdu. Bu, xalqımız, millətimiz üçün qürurverici hadisə idi”.

Baş redaktor bu gün tarixi seçkilər və möhtəşəm qələbə münasibətilə İlham Əliyevə dünya liderləri, beynəlxalq təşkilat rəhbərləri tərəfindən çox sayda təbrik gəldiyini də söyləyib:

“Sözsüz ki, hər kəsin təbriki hörmətə layiqdir. Amma bunların içərisində ən səmimi təbrik qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan oldu. Bir millət, iki dövlət prinsipi bir daha özünün mahiyyətini nümayiş etdirdi. Azərbaycan-Türkiyə hər zaman birdir. İki qardaş ölkə hər zaman bir-birinin arxasındadır. Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçunun təbrikini də bu xüsusda qeyd etmək olar ki, o, Azərbaycan sevdalısı olduğunu bir daha nümayiş etdirdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər