13 Fevral 14:25
6 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviçin Prezident İlham Əliyevi 7 fevral növbədənkənar prezident seçkilərindəki qələbəsi münasibəti təbrik etməsi əslində bir çox məsələlərə tam aydınlıq gətirir. Avropa Şurasının baş katibi cənab Prezidenti təbrik edirsə, onun alt qurumları, xüsusən də AŞPA-dan da bu addımlar atılacaq. Onlar da zəng edəcəklər, təbrik üçün gələcəklər. Çünki indi fərqli bir Azərbaycan var. Elə bir reallıq yaranıb ki, bununla hesablaşmamağa heç kəsin cürəti çatmaz.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“Sadəcə olaraq Avropa Şurasının Parlament Assambleyasında özlərinə elə bir quyu qazıblar ki, indi oradan çıxa bilmirlər. Azərbaycan liderini seçkilərdəki qələbəsi münasibəti ilə bütün dünya təbrik edəndə və onlar kənarda qalanda nə deyəcəklər? Yenə deyəcəklər sizin mövqeyiniz qərəzlidir, təxribat xarakterlidir? Deməli onlar seçkiyə müdaxilə etmək, onu pozmaq və başqa fikir yaratmaq istəyirmişlər” - deyə bildirib.

Millət vəkili Azərbaycan Prezidentini Avropa İttifaqının prezidenti Şarl Mişel və İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni və digər liderlərin təbrik etdiyini söyləyib: “ATƏT-in seçkilərlə bağlı tənqidi rəyi olsa belə onun nəticələri şübhə altına ala bilməz. Sözsüz ki, indi onlar nəsə yazırlar. Amma burada seçkini müşahidə etmiş başqa missiyaların da mövqeyi var. Reallıq isə odur ki, bu seçkilər adi bir proses deyildi. Onlar da məhz bunu anlamır. Çünki bu, Azərbaycan xalqının cənab Prezidentə təşəkkürü, münasibəti, birliyini nümayiş etdirmək aktı idi. Amma onlar qələbə sevinci, torpaqların azad edilməsini, regionda olan reallığı başa düşmürlər. Bir çox hallarda isə bunu başa düşmək istəmirlər. Kənardan verilən təlimat məhz bunu təlqin edir. Buna baxmayaraq orada da düşünən insanlar var”.

Səməd Seyidov hesab edir ki, Avropa Şurasının təbriki hələlik ilk addımdır: “Bir müddətdən sonra ismarıc gələcək ki, gəlmək istəyirlər. Hətta az vaxt keçdikdən sonra deyəcəklər, Azərbaycana qarşı bu qərarı kim qəbul edib? Az qala deyəcəklər ki, bu necə olub görməmişik? Ona görə də, prosesləri zamanın axarına buraxmaq lazımdır. AŞPA-ya Serbiya, Türkiyə, Ukrayna məktub yazıb. Bunlar hələ ki, açıq şəkildə atılan addımlardır. Amma daxildə də diplomatik səviyyədə bu danışıqlar aparılacaq. Təxribatçının, (almaniyalı deputat Frank Şvabe - T.Q.), korrupsionerin, kimdən tapşırıq aldığı hər kəsə bəllidir. Sadəcə olaraq həmin adamlar AŞPA boyda təşkilatı belə bir tələyə salıblar. Bunu gec də olsa dərk edəcəklər. Bütün bunlara baxmayaraq, Azərbaycanın yaratdığı yeni reallığa münasibətdə dünya miqyasında, o cümlədən, Avropanın özündə də yanaşmaların dəyişəcəyini hər kəs görəcək”.


Müəllif: Tapdıq Qurbanlı