1 Mart 19:57
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Avropa Parlamenti Azərbaycanlı bağlı qərəzli mövqe sərgiləyir. Sizcə, son dövrlər bəzi Qərb təşkilatlarından ölkəmizə qarşı bu cür səlibçi kampaniyaların ardıcıl xarakter almasına səbəb nədir?

- Həmin parlamentdə və yaxud Avropa Şurasının arealında, o cümlədən bütövlükdə Qərb məkanında Azərbaycanın Qarabağ savaşındakı qələbəsi son dərəcədə gözlənilməz olmaqla yanaşı, həm də onlara zərbə oldu. Çünki bu qədər güclü kəşfiyyat strukturları, təsir riçaqları, iqtisadi gücə malik olan böyük qitə və uzun on illər ərzində formalaşdırdıqları və dünya çapında nəzarət mexanizmi kimi fəaliyyət göstərən siyasi alətləri, silahları, platformaları mövcuddur. Ona görə də, onlar qəti bir şəkildə razı ola bilməzlər ki, Azərbaycan kimi ölkə Qafqazlarda yeni geosiyasət meydanına çıxsın. Məhz onu nəzərə alaraq ölkə rəhbəri “biz elə layları tərpətmişik ki, bu, dünya təhlükəsizlik sistemində ciddi bir silkələnmələr, təsirlənmələr yaradır” dedikdə bu amilləri nəzərdə tutur. Çünki həmin dairələr uzun on illər, bəlkə də artıq bir əsr ərzində dünyada iqtisadi resurslara nəzarətin bütün mexanizmlərini yaradıblar. Xalqlara, onların hər birinin genetikasına hər hansı bir formasiyalarda keçdikləri yola, önündə gedən qüvvələrə, ədəbiyyatına, mədəniyyətinə o dərəcədə baş vurub öyrəniblər ki, hamısı haqqında məlumat topluları yaradılıb. Dünya çapında elə bir laboratoriyalar qurublar ki, bu nəzarət mexanizmləri vasitəsi ilə nəinki Azərbaycan, Ermənistan, Gürcüstan, keçmiş sovet məkanı, onun içərisində Rusiya və Ukrayna da daxil, sosialist düşərgəsi adlanan böyük coğrafiyanın hamısı üzərində hökmranlıq olunacaq. NATO-nu, Avropa Birliyinin üzvlərini artıracaqlar və ən sonda əsas əraziləri əldə saxlayaraq bu ölkələrin siyasi hakimiyyətlərinə diktə edəcəklər. Amma bu belə olmayıb. Yəni, 4 ildir ki, Qafqazlar Prezident İlham Əliyevin liderliyi və savaşda göstərdiyi, hünər, iradə dünya siyasəti üçün yeni bir fenomenə çevrilib.

- Qərbin yeni reallıqdan qorxusu nədən ibarətdir? Bir ölkənin BMT qətnamələrinə əsasən ərazi bütövlüyünü hərbi yola bərpa etməsi digərləri üçün niyə narahatlıq yaradır?

- Çünki onlar bundan qorxurlar. Düşünürlər, narahatdırlar ki, bu presidentə çevrilə bilər. Bütün işğallara, təcavüzlərə, dünyanın birinci növ millətləri tərəfindən idarə olunan bu sistemə qarşı çıxılar. Və bu üsyankarlıq, qlobal təhlükəsizlik məkanına təsir edər. Orada çox mühüm dəyişikliklər yaradar və s. Ona görə də, Avropa Parlamenti özünün xarici təhlükəsizlik məsələləri üzrə qurumunun və orada çıxış edən şəxslərin sərt mövqeyi ortaya çıxdı. Bundan əvvəl də Natali Luazo (Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri, fransız deputat), Eva Kailin (Avropa Parlamentinin sədr müavini vaxtilə korrupsiya qalmaqalı ilə həbsdə olub) kimi adamlarla bunu edirdilər. Bütün bunların hamısı onu sübut edir ki, orada sistemli olaraq anti-Azərbaycan qüvvələri mövcuddur.

- Sizcə, ayrı-ayrı fiqurlar üzərindən qurulan anti-Azərbaycan ritorikasının başlıca hədəfi nədir? Amma zaman etibarı ilə bu fiqurlar da dəyişir...

- Başlıca hədəf bəllidir. Aktiv rolda gedən insanlar dəyişə bilər. Məsələn son aylarda almaniyalı deputat Frank Şvabeni görmək olur. Şvabe bir neçə dəfə Azərbaycanda səfərdə edib. O öz mahiyyətini bir qədər gizli saxlamağa çalışıb. Sosial Tədqiqatlar Mərkəzi bu şəxslə bağlı bütün dezinformasiya şəbəkəsini ifşa edən mühüm bir layihə həyata keçirir. Bundan öncə Kanada tərəfindən də sistemli olaraq Ermənistana göstərilən dəstəyin məhz əsas güc mərkəzlərinin diktəsi, təsiri ilə olduğunu söyləyirdik. Əks halda Kanadanın bu regionda nə xüsusi əlahiddə marağı var? Azərbaycan harada Kanadanın ziyan çəkən mənafelərini görür və tapdalayıb ki, onlar bunu qlobal sistemdə qarşıdurmaya çevirir. O cümlədən Luksemburqun mövqeyi diqqəti çəkir. Azərbaycan isə heç vaxt Luksemburqla dünyanı bölüşdürəcək və Qafqazlarda toqquşacaq bir siyasət yürütmür. Almaniyanın isə son 3 ilə yaxın bir dövr ərzində siyasətində kəsin dəyişikliklər özünü göstərir. Bu çox təqdirəlayiq haldır. Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransına dəvəti, orada keçirilən 22 görüş, Almaniya kansleri Olaf Şolzun bilavasitə moderatorluğu və təşəbbüsü ilə Azərbaycan-Ermənistan rəhbərləri arasındakı danışıqlar, bunun ardınca Xarici İşlər nazirləri arasında görüşlər reallaşdı. Nəhayət, Almaniyadan böyük bir nümayəndə heyətinin Azərbaycana səfəri sübut edir ki, onlar Fransanın təsiri altında ölkəmizə qarşı belə siyasətdə iştirak etməklə öz mənafelərinə nə boyda zərbələr vurublar.

- AŞPA-dan Azərbaycana qarşı olan kampaniya bu prosesdə hansı mərhələnin əsas elementi kimi önə çıxır?

- Azərbaycan parlament nümayəndələrinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mandatının təsdiq edilməməsi faktı var. Bunun ardınca martın 6-da həmin Frank Şvabe özünün “X” platformasında yazıb ki, “Uçurumun kənarında” adlı “film” nümayiş etdiriləcək. Guya bu filmdə Azərbaycanın Qərb məkanında xərclədiyi koorupsiya pulları haqqında ifşaedici materiallar çıxaracaqlar. Əslində bu “məlum kürü diplomatiyası” terminlərinin 10 illər ərzində məhkəmələrdə təsdiqini tapmayan, amma Azərbaycanın imicini ləkələməsi hissəsinin tərkib elementidir. Prezident İlham Əliyev tərəfindən bu məsələyə uzun on illər kəskin mövqe göstərilib. Lakin indi proses o qədər açıq bir səhnəyə çıxıb ki, bunu sadə, siyasətdən çox uzaq olan insanlar da görür. Bu Qərbin mahiyyətini, ideallarını özündə əks etdirir. Axı həmin o məkanın mütəfəkkirləri fərqli bir ideallar üzərində dövlət inistitutlarını, yaxud da beynəlxalq siyasi qurumları, təşkilatları formalaşdırmışdılar. İndi isə Azərbaycanın timsalında Prezident İlham Əliyevin də dediyi kimi bir obraz yaradılır. Bununla da Azərbaycanı daim tənqid etməyə, hədəfə çevirməyə çalışırlar. Bundan sonra da Avropa Birliyinin Parlament səviyyəsində həyata keçirilən ləkələyici addımlar davam edəcək. AB-nin Ermənistanın sərhəd xəttinə düzdüyü canlı “şit”ləri, sonrakı mərhələdə NATO-nun Zəngəzur mahalına, Zəngəzur dəhlizinə, İranla Ermənistan və Azərbaycan aralığında bufer zonaya yerləşdirilməsi kimi hədəfləri var. Onların bu bölgədəki hədəfləri budur. Niyyət beynəlxalq qüvvə kimi hamını özlərindən asılı hala salmaqdır. Guya ki, burada təhlükəsizliyi məhz NATO qorumalıdır.

- Ermənistanın bu prosesdə əsas hədəfi nədən ibarətdir? Qərbin ayrı-ayrı hüquq təşkilatları ilə Azərbaycana qarşı şantaj müstəvisində qurulan tələlər nəyə hesablanıb?

- Bu siyasətin hədəfi kimi müxtəlif cinahlarda Azərbaycana qarşı sistemli hücumlar baş verir. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin statutunu (Roma statutu) ən yaxın müttəfiqlərinin iradəsinə qarşı gedərək ratifikasiya etməsi faktı mövcuddur. Bunun ardınca çoxlu sayda Azərbaycan hərbiçilərini, siyasətçiləri guya Ermənistana qarşı hansısa vandalizm və təcavüzdə ittiham edib onun beynəlxalq axtarışlara vermək və həmin insanları xaricdə istintaqa cəlb etdirmək, ayarlarla orada saxlatdırmaq və yaxud Ermənistana veriləcəyi təhlükəsini informasiya məkanında saxlamaq niyyətləri var. Burada başlıca hədəf Azərbaycanın yer üzündən sildikləri 7 rayonunu unutdurmaqdır. Eyni zamanda bütün bu dağıntılara görə, cavabdehlikdən və iqtisadi təzminatlardan özlərini kənarda saxlamaq istəyirlər. Hər daşının, tikilisinin dağıntıları yerində onların üzə çıxan cinayətlərinin üstünü ört-basdır etmək niyyətləri açıqdır. Bunun üçün hüquq və məhkəmə sistemini də ölkəmizin əleyhinə qaldırmağa cəhdlər olunur. Luis Okamponun (Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo) kimi çirkli reputasiyaya malik olan cinayətkar, koorupsiya və beynəlxalq miqyaslı dələduzluq kampaniyalarında iştirak etmiş bir şəxsi Azərbaycan əleyhinə qaldırırlar. Bu adamların hər biri ilə bağlı araşdırmaların nəticəsi olaraq sistemli olaraq erməni lobbisi ilə birləşmiş Qərbin bölgə strategiyasında alət edilən insanları görmək olar. Amma bunların qarşısında olan məqam ondan ibarətdir ki, Qarabağ kimi ağır bir savaşın öhədisindən gələn, ərazi bütövlüyünə nail olan bir millət və dövlət, onun ordusu bu hücumları da neytrallaşdırmağı bacaracaq. Prezident İlham Əliyev də andiçmə mərasimində də söylədi ki, “Azərbaycana qarşı hücumlar artacaq, bizdən əl çəkməyəcəklər”. Həqiqətən də tarixi qələbəmizin müdafiəsi bundan sonra dövlət, millət, ictimai inistitutlar, parlament, media, beynəlxalq əlaqələr, diaspora təşkilatlarından birlik tələb edir. “Azərbaycanın cavabı təsirli olacaqdır” sözünün qarşılığında hər bir kəs çalışmalıdır. Elə addımlar atılmalıdır ki, beynəlxalq məhkəmələrdə ölkəmizin əleyhinə olan bu mövqeləri neytrallaşdırmağa nail olaq.


Müəllif: Tapdıq Qurbanlı