4 Mart 15:18
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevlə birgə Xocalı soyqırımının 32-ci ildönümündə xocalıların bir qrupu ilə Xocalıda olmaq, orada yaşanan hisslər yaddaşlarda əbədi qalacaq. Xocalı şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Soyqırımı Memorial Kompleksinin əsası qoyuldu. Kompleks Əsgəran qəsəbəsi ilə Xocalı şəhəri arasında yerləşən ərazidə inşa edilir. Xocalı qurbanlarının əziz xatirəsinə layiq Memorial Kompleks inşa ediləcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Kompleksdə bütün tarixi həqiqətlər əks olunacaq: “Geniş bir ərazidə inşa olunacaq Kompleksdə muzey və digər bölmələr mövcud olacaq. Xocalıda dövlət bayrağı meydanı ilə qoşa inşa edilən Kompleks hər bir azərbaycanlı üçün ziyarətgaha çevriləcək”.

Deputat Kompleksin inşasının xocalılar üçün böyük töhfə olduğunu deyib:

“Xocalı abidə kompleksinin layihəsi, hazırlanması Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası artıq neçə illərdir ki, dünya ölkələrində təbliğ edilir. Sözsüz ki, 32 ildən sonra Xocalıda soyqırımının baş verdiyi ərazidə olmaq, ora qalib xalqın nümayəndəsi kimi qayıtmaq tamam başqa hisslərdir. Müzəffər Ali Baş Komandanın iştirakı ilə Xocalıya olan səfər isə xalqımız üçün qürurverici hadisə oldu”.

Elman Məmmədov bildirib ki, Xocalıdan ölkə başçısının iştirakı ilə Xankəndiyə gediş isə fərqli mənzərə idi:

“32 ildən sonra Xocalıya, Xankəndiyə getmək sözlə ifadə olunacaq hisslər deyil. Həyatımın 42 ili bu torpaqlarda - Xocalıda, Xankəndidə keçib. Oraların hər qarışına bələdəm. Ərazilərlə bağlı hər şey indiki kimi yaddaşımdadır. Xocalıdan Xankəndiyə gedərkən cənab Prezidentə tarixi yerlər, vaxtilə döyüşdüyümüz nöqtələr, Xocalıdan çıxarkən hansı istiqamətdə getdiyimiz marşrutlar haqqında ətraflı məlumatlar verdim”.

Millət vəkili xatırladıb ki, 32 il öncə düşmənlə 4 illik mübarizədən sonra böyük faciəyə məruz qalmışıq:

“O torpaqlardan məğlub çıxmışdıq. Amma 32 ildən sonra bu torpaqlara qalib xalq kimi qayıtdıq. Biz Xanın kəndinə geri döndük və orada qatil Stepan Şamuyanın heykəlini üzü üstə gördük. Sözsüz ki, bu da bizim üçün fərqli bir qələbə ruhu verdi”.


Müəllif: Tapdıq Qurbanlı