7 Mart 19:57
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Ermənistanın Rusiya əleyhinə hər gün kəskinləşən ritorikası fonunda daha çox Qərbə meyilli bir xətt götürdüyü müşahidə edilir. İrəvanın atacağı addım region üçün nə vəd edir?

- Ermənistan Avrointeqrasiya kursu seçib. İrəvan düşünür ki, Gürcüstan və Ukraynaya Avropa İttifaqı xüsusi status veribsə, onlar da ala bilər. Ermənistanın hədəfi budur. Rusiyanı daha çox qıcıqlandırmamaq üçün Ermənistan bunu açıq-aşkar bildirməməyə çalışır. Məqsədləri yavaş-yavaş buna doğru getməkdir. Əslində Rusiya tərəfindən bu halda sıxışdırılmaq Nikol Paşinyanın “əlinə oynayır”. “Biz Rusiyanın qurbanı olmuşuq” - deyən Paşinyan Gürcüstan və Ukrayna ab-havası yaratmağa çalışır. Bununla daha çox diqqəti cəlb edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın fəaliyyətini dondurması da bu qəbildəndir.

- Belə olan halda Rusiyanın atacağı addımlar nə olacaq?

- Moskvanın bunu xoş qarşılamayacağı bəllidir. Amma Rusiyanın Ermənistan üzərində birbaşa təsir vasitələrinin olduğunu da yaddan çıxarmaq olmaz. Bu ilk şərtlərdir. Keçmiş Dağlıq Qarabağ konfilikti və Rusiyadan yaşayan ermənilərin Moskvanın İrəvana qarşı əsas təsir rıçaqlarıdır. Çünki Rusiyada olan ermənilər öz ölkələrinə maddi yardım göndədirir və s. Belə olan halda Moskva erməni lobbisini öz ərazisində sıxışdırmaqla Ermənistan daxilində Paşinyan üzərində təzyiq yaratması mümkündür.

- Azərbaycanın Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı sərgiləyəcəyi mövqe nədən ibarətdir?

- Bakı müstəqil siyasət yürüdür. Qapalı görüşlərdə Moskva Azərbaycana müxtəlif vədlər verməsi mümkündür. Bu haqda bilgi yoxdur. Rusiya Azərbaycan-Ermənistan münasibətlərində sırf Bakının mövqeyini dəstəkləyəcəyini də bəyan edə bilər. Bütün bunlara baxmayaraq Azərbaycan burada beynəlxalq tarazlığı nəzərə alaraq addım atır. Eyni zamanda regiondakı dövlətlərin güc müvazinəti, beynəlxalq hüququn vəziyyəti Bakı tərəfindən dərindən analiz edilir.

- Ermənistan ərazisində olan Rusiya hərbi bazasının və digər hərbi birləşmələrinin Paşinyan hakimiyyətinə qarşı hərəkətə keçmək ehtimalını necə dəyərləndirirsiniz?

- Bu ehtimallar hər zaman gündəmə gətirilir. Amma yaxın müddətdə belə bir halın olacağı gözlənilmir. Çünki proseslərdə hələlik tərəflər öz mövqelərini hansı müstəviyə uyğun ortaya qoyacağını dəqiqləşdirir.

- Fransanın Ermənistandakı səfiri İranla əməkdaşlıqdan danışıb. İran-Fransa əlaqələlərinin əsas hədəflərindən bəhs olunub. Sizcə, İranın Zəngəzura hərbi baza qurmaq niyyətində Parisin rolunu nə dərəcədə təsirlidir?

- Rusiya hərbi bazaları Ermənistanda ola-ola bura ikinci gücün yerləşməsi mümkün deyil. Hətta əraziyə ikinci hərbi kontingentin gətirilməsi ehtimalı belə azdır. Eyni zamanda İranın Zəngəzura hərbi baza yerləşdirmək imkanları yoxdur. Çünki İran öz əlaqələrini qurduqda Rusiya ilə ciddi şəkildə hesablaşır. Tehran bu gün Fransa ilə Rusiya arasında seçim etsə, o Moskvanı seçməyə məcburdur. Çünki Fransanın özü Amerika ilə İran arasında seçim məsələsində mütləq Vaşinqtonu seçəcək. İran da bunu çox yaxşı bilir. Ona görə də, İran bir çox məsələlərdə ona dəstək olmuş Rusiyanın qırmızı xəttini keçməsi mümkün deyil.

- Moskva İran hərbi birləşmələrinin Ermənistana yerləşməsinə necə reaksiya verə bilər?

- Təbi ki, Rusiya buna heç də xoş baxmayacaq. Avropa İttifaqından Ermənistana gələn “missiyaya” xoş yanaşmayan Rusiya İranın bu addımına da müsbət reaksiya verməyəcək. Rəsmi Tehran bunu dərk edir. Rusiya-İran regionda sanki nüfuz dairələrini bölüb. Tehranın bundan sonra nüfuz dairələrinin təkrar gözdən keçirilməsi ilə bağlı yeni bir addım atacağı ehtimalı yoxdur.

- Cənubi Qafqazda İran və Fransanın məqsədlərinin eyni hədəflərə istiqamətlənməsi nə dərəcədə məntiqlidir?

- Paris və Tehranın bu bölgədə siyasətinin eyni məqsədlərə yönəlməsi ehtimalı azdır. Fakt bu gün İran Azərbaycanla münasibətləri səfirliyə terror hadisəsindən sonra yumşaltmağa çalışır. Həmin terrorçuya qarşı ölüm hökmünün verilməsi ilə bağlı xəbərlər yayılır. Hətta qısa zamanda Azərbaycanın İrandakı səfirliyinin açılmasının da mümkünlüyü deyilir. Tehran regionda güc tarazılığını nəzərə alır. Amma sözsüz ki, İran heç vaxt Azərbaycan-Ermənistan məsləsində Bakının tərəfini tutmayacaq. Bunun niyəsi də başadüşüləndir. Çünki İran ərazisində azərbaycanlıların çoxluq təşkil etdiyi bölgə var. Ona görə də, İran Azərbaycanın güclü olmasını istəmir. Eyni zamanda Azərbaycanın regiondakı nüfuzunu və gücünü bildiyinə görə İranın Bakını özünə qarşı düşmən etməsi də doğru deyil.


Müəllif: Tapdıq Qurbanlı