13 Mart 21:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzi davam edir. Martın 13-də təşkilatın “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul etməsi də qərəzin növbəti göstəricisidir. Əslində, Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi təəccüblü deyil. Çünki qurumun “erməni sevgisi” o qədər güclüdür ki, indiyə kimi bu tipli, Azərbaycanın əleyhinə dəfələrlə qətnamələr qəbul edib. Təbii ki, onlar cavabsız qalmır, dövlətimiz təşkilatın bu qərəzinə qarşı öz mövqeyini ifadə edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Avropa Parlamentinin ölkəmizə qarşı ikili standartları artıq düşmənçilik səviyyəsinə yüksəlməkdədir. Son zamanlar təşkilatın Azərbaycana qarşı bir neçə qətnamə qəbul etməsi bunu tədiqləyir. Görünən odur ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi islamafobiyanın, türkfobiyanın, irqçiliyinin məkanına çevrilmiş Avropa Parlamentinə rahatlıq vermir. Təşkilat Azərbaycanın yaratdığı reallıqları dəyişmək gücü olmasa da, guya özünün “mövqeyini” ortaya qoyur. Avropa Parlamenti və onun timsalında bəzi Avropa strukturları Azərbaycana qarşı əsassız mübarizədə məğlub olub. Çünki diplomatik masalarda Azərbaycanın haqlı və ədalətli mövqeyi qələbə qazanıb. Bunun üçün də indiki halda Avropa Parlamenti öz oyununu məhz Ermənistan üzərindən qurmağa çalışır. Hətta ifşa bahasına olsa da, Avropanın “demokratik strukturları” separatizmi yenidən təşviq “qərarı” aldığını dolayısı ilə təsdiqləyir. Bu, təşkilatın timsalında Avropa dəyərlərinin iflasıdır. Başda Avropa Parlamenti olmaqla bəzi Avropa təsisatları 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qərarlarında, qətnamələrində səmimi olmadıqlarını sübut edirlər.

Millət vəkilinin sözlərinə görə, bu fakt bütövlükdə Avropa Parlamentinin üzvlərinin əsl mahiyətindən xəbər verir. Bu “deputatlar”ın hansı maraqdan irəli gələrək bu kimi “qətnamələr” qəbul etməsi isə sirr deyil. Çünki onlar siyasi korrupsiyaya uğramış siyasətçilərdir. Təşkilatın bir sıra nümayəndələrinə korrupsiya ittihamı irəli sürülməsi də hər kəsə məlumdur. 30 il işğalçı siaysət yürütmüş, yüzminlərlə insanın fundamental doğma torpağında yaşamaq hüququnu pozmuş Ermənistanın Avropa İttifaqının üzvlüyünə təşviq edilməsi acınacaqlı haldır. Bunu təşviq edən isə məhz Avropa parlamentidir. Azərbaycanın müvafiq dövlət qurumları təşkilatın qəbul etdiyi əsassız qətnamə ilə bağlı öz mövqeyini bildirib. Milli Məclisin bəyan etdiyi kimi, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib. Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir. Lakin bu qüvvələr unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və bu cür qətnamələrlə ölkəmizə hansısa təzyiq etmək mümkün deyil. Əslində, Avropa Parlamentinin son qətnaməsi əvvəllər qəbul olunmuş sənədlər kimi kağız parçasından başqa bir şey deyil.


Müəllif: Tapdıq Qurbanlı