19 Mart 18:26
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri, keçirilən görüşlər, verilən mesajlar diqqətlə izlənilir. Qərbin bəzi qütblərində Azərbaycana olan birmənalı yanaşma fonunda Şimali Atlantika Blokunun Bakıya verdiyi önəmi necə xarakterizə etmək olar?

- Sözsüz ki, NATO baş katibinin ölkəmizə səfəri mühüm önəm kəsb edir. Azərbaycana edilən son səfərlər içərisində NATO baş katibinin ölkəmizə gəlməsi tarixi əhəmiyyətə malikdir. Bu, növbəti dəfə böyük, güclü, dünya nizamını müəyyən edən təşkilat olan NATO tərəfindən Azərbaycanın yeni yaratdığı reallığı tam şəkildə qəbul etməsi deməkdir. Stoltenberqin “mən Azərbaycanda olmağımdan məmnunluq hissi keçirirəm” deyə səsləndirdiyi fikirlər NATO-nun mövqeyini ifadə edir. Eyni zamanda cənab Prezident birgə mətbuat konfransında bəyan etdi ki, “Mən cənab Stoltenberqə bizim dəvətimizi qəbul edib Azərbaycana gəldiyinə görə təşəkkür edirəm”. Bu da öz növbəsində Azərbaycanın dünyada ən güclü, nüfuzlu təşkilatla əlaqələrinin yüksək səviyyədə təşkil olunmasının növbəti təzahürüdür. NATO regionda ən güclü, qalib iqtisadi, geosiyasi, əhali və logistika, enerji daşıyıcıları, dünyaya təsir nöqteyi-nəzərdən Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Baş katibin Ukraynaya Azərbaycanın humanitar yardımlarına görə təşəkkür etməsi məhz bu prizmadan şərh olunmalıdır.

- Sizcə, NATO-nun bir Qərb təşkilatı olaraq Azərbaycanla münasibəti son zamanlar yaranmış situasiyanın aydınlaşmasına necə təsir edəcək?

- Son zamanlar iddia edirdilər ki, guya Azərbaycanın Qərblə münasibətləri fərqlidir və s. Bu, əsla belə deyil. Azərbaycan Qərbin qərəzli, ikili standartlarla dolu təşkilatları, insanları, qurumları, ölkələri ilə münasibətləri məhz onların istədiyi kimi qurmayacaq. Bu, mümkün deyil. Rəsmi Bakı öz mövqeyini açıq şəkildə Avropa Parlamentinə, Avropa Şurasına, Fransa və başqa ölkələrə bildirib. Kimlər ki ölkəmizə qarşı normal münasibət bəsləyir, reallığı qəbul edir, onlarla əlaqələr yüksək səviyyədə təşkil oluna bilər. Bunu NATO baş katibi ilə birgə mətbuat konfransında Azərbaycan Prezidenti qeyd etdi. Vurğulandı ki, bu gün Azərbaycan Ordusunda ən yüksək standartlar tətbiq olunub. “Müasir avadanlıqlar Azərbaycana gətirilib. Ölkəmiz əlaqələrini genişləndirir. Bu istiqamətdə bundan sonra da fəaliyyətimiz davam edəcək” - deyə cənab Prezident qeyd etdi.

- NATO baş katibinin Cənubi Qafqaz səfərində bəzi məqamların olduğu da iddia edilir. Burada hansı xüsusi məqamlar var idi?

- Sözsüz ki, burada bir neçə məqam var. Bu gün Qərb təşkilatlarının Azərbaycanla münasibətləri həddən artıq vacib əhəmiyyət kəsb edir. Həmin populist qüvvələr istəyir ki, Ermənistanla da əlaqələri yüksək səviyyəyə qaldırsınlar. Eyni zamanda Ermənistan-Rusiya münasibətlərini nəzərə alaraq rəsmi İrəvanı öz tərəflərinə çəkmək istəyirlər. Bu baxımdan NATO baş katibinin regiona səfərinin digər məqsədi də bundan ibarət idi.

- Azərbaycanla sülhə imza atmadan, münasibətləri normallaşdırmadan Ermənistanın Qərbə səmimi inteqrasiyası mümkün görünür?

- Ermənistanın Qərbə yönəldilməsi məsələsi Azərbaycansız mümkün olmayacaq. Burada ən vacib məsələ məhz bundan ibarətdir. Azərbaycan Prezidenti və dövlət rəsmiləri də NATO baş katibi ilə görüşdə onların bu istiqamətdə olan canfəşanlığına toxundu. Ermənistanın Qərbə yönəlmiş addımları, təşviqedici məqamlardan danışıldı. Vurğulandı ki, Ermənistanın bir ölkə kimi gələcəyi bu münasibətlərindən deyil, Qərbin Azərbaycana olan yanaşmaları ilə birbaşa əlaqəlidir. Ona görə də, Azərbaycana səfər olunur və önəm verilir. Çünki birbaşa Ermənistana səfər edib, nəsə təşkil etmək cəhdi uğursuzluq deməkdir. Bunu isə ancaq Fransa edir. Cənubi Qafqazda üç ölkənin birlikdə maraqları fonunda Azərbaycanın mövqeyini nəzərə almayan hər hansı qurum atdığı addımlarda iflasa uğrayacaq.


Müəllif: Tapdıq Qurbanlı