29 Mart 23:12
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkələrimiz hər zaman bir-birinin yanında olub. Biz Azərbaycan hökumətinə Cammu və Kəşmir münaqişəsinin BMT-nin qətnamələri əsasında həll olunması ilə bağlı verdiyi ardıcıl dəstəyə görə təşəkkür edirik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistanın Milli Günü münasibətilə baş tutan tədbirdə bildirib.

Səfir vurğulayıb ki, 2023-cü ilin iyununda Pakistanın Baş naziri Şahbaz Şərif Bakıda olub və Prezident İlham Əliyevlə geniş müzakirələr aparıb.

“Ölkə liderləri bir çox sahələrdə, xüsusilə energetika, ticarət, investisiya və turizm sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər”, - Bilal Haye vurğulayıb.

"Azərbaycan ərazilərini işğaldan azad etdiyi vaxtda biz iqtisadi əməkdaşlığımızı şaxələndirməyə və dərinləşdirməyə hazırıq", - Pakistan rəsmisi qeyd edib.

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev isə çıxışında iki ölkə arasında diplomatik münasibətlərin yaranma tarixindən danışıb və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb.

"Azərbaycan və Pakistan arasında əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkəmizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi də yüksək qiymətləndirib. Pakistan daim Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanın təcavüzünü pisləyib"-,deyə nazir əlavə edib.

Nazir iki ölkə arasında sənaye, ticarət-iqtisadiyyat, nəqliyyat, enerji və rəqəmsal inkişaf kimi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirələcəyini vurğulayıb: “Ümid edirik ki, iki ölkə başçılarının qəbul etdiyi qərarlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə yeni təkan verəcək”.

Qeyd edək ki, tədbirdə bir çox xarici ölkələrin diplomatik nümayəndələri iştirak edib.


Müəllif: Rəqsanə Həsənova