Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 8 il ötür. 2016-cı ildə başlayan 4 günlük döyüş 4 il sonra 2020-ci ildə 44 günlük Vətən Müharibəsində və 2023-ci ilin sentyabr ayında 1 gündən də az davam edən anti-terror əməliyyatında Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Aprel döyüşləri böyük hərbi, siyasi tarixi əhəmiyyət kəsb edir: “Bu döyüşlər Ermənistan tərəfindən yaradılan və dünya dövlətlərinin də qəbul etdiyi “mifləri dağıtdı”. Torpaqlarımız işğal ediləndən sonra təkcə ermənilərdə, bir çoxlarında belə bir fikir formalaşmışdı ki, Azərbaycan Qarabağı azad etmək iqtidarinda deyil. Lakin Prezident İlham Əliyevin dediyi ki, “heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barşmayacaq”. Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün istiqamətlərdə iş aparılırdı. Bunun üçün hüquqi, siyasi, iqtisadi əsaslar yaradılmalı, ölkədə milli birliyə nail olmaq lazım idi. Son 20 ildə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət öz nəticəsini verdi. Məhz 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgəri ermənilərin bu fikrini darmadağın etdi və onlara Azərbaycanın gücünü göstərdi. 8 il əvvəl işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Qəhrəman hərbçilərimizin, şəhidlərimizin fədakarlığı nəticəsində Ermənistan ordusuna ciddi hərbi və mənəvi zərbə vuruldu. Azərbaycan Aprel döyüşləri zamanı bütün dünya ictimaiyyətinə nümayiş etdirdi ki, diplomatik yolla torpaqlar azad olunmasa, hərbi yolla ərazilərini azad etməyə hüququ, iradəsi var. Ermənistan hər zaman Azərbaycan Ordusunun texniki cəhətdən zəif və nizamsız ordu kimi təbliğ edirdi. Bu yalana özləri da daxil olmaqla bir çoxlarını inandıra bilmişdilər. Lakin Ali Baş Komandan İlham Əliyevin yürütdüyü çoxşaxəli və güclü siyasətin nəticəsində Ordumuz günü-gündən gücləndi, müasirləşdi və maddi-texniki bazası artırildı. Ordumuz ildən-ilə inkişaf etdi, şəxsi heyətin, zabit və əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi gücləndirildi. Artıq bu ordu, I Qarabağ müharibəsindəki ordudan fərqli idi. Doğrudur, o zaman da bizim əsgərlərimiz mərdlik, igidlik göstərir, böyük Vətən sevgisi ilə vuruşurdular. Sadəcə olaraq həmin dövrdə nizami ordumuz, hərbi imkanlarımız istənilən səviyyədə deyildi”.
Millət vəkili bildirib ki, güclü maddi-texniki imkanları, nizamlı Azərbaycan Ordusunun rəşadətli, qəhrəman, cəsur əsgər və zabitləri öz qanları-canları hesabına Aprel döyüşləri ilə Böyük Qələbənin təməlini qoydu:
“Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu bir daha əyani şəkildə göstərdi. Ermənilər illərlə belə bir rəy formalaşdırmışdılar ki, Azərbaycan uduzub, məğlub olub və heç vaxt bu sindromdan xilas ola bilməyəcək. Aprel döyüşləri düşmənin yaratdığı bu yalanı darmadağın etdi. Və bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın nüfuzlu hərbi təşkilatları tərəfindən öyrənilir. Aprel döyüşlərində qazanılan tarixi qələbə xalqımızın döyüş, mübarizə ruhunu qaldırdı. Cocuq-Mərcanlının yenidən tikilib-qurulması, sakinlərin o torpaqlarda yaşaması “Böyük Qayıdış”ın rəmzinə çevrildi. Aprel döyüşləri ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Gənc nəslin vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb oldu. Uzun illər idi ki, münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətiziliyi nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam etməkdə idi. Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi demək olar ki, gündəmdən çıxarmağa başlamışdılar. Amma Aprel döyüşləri bu məsələni yenidən aktuallaşdırdı, münaqişənin hərbi yolunu sübut etdi. Prezident, Ali Baş Komandan dəfələrlə deyirdi ki, “bu məsələnin hərbi yolu var. Ancaq biz məsələnin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Lakin nə Ermənistan, nə də onun havadarları bu məsələyə ciddi yanaşmırdılar. Özlərinin də üzv olduqları BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə səylər göstərmirdilər. Nəticədə Azərbaycan Ordusu bu məsələni həll etdi”.
Komitə sədrinə görə, Aprel döyüşləri bir daha göstərdi ki, erməni ordusu xarici dəstək olmadan heç vaxt qalib gələ bilməz: “Hərbi əməliyyatlarda məğlub olan ermənilər, yenə də öz himayədarlarına üz tutaraq, döyüşlərin dayandırılmasını xahiş etdi. Azərbaycan isə bir daha humanistlik göstərərək döyüşləri danyandırdı, düşməndən fərqli olaraq sübut etdi, o həqiqətən məsələnin sülh yolu ilə həll olunmasında maraqlıdır. Məhz Aprel döyüşləri bir daha sübut etdi ki, Ermənistan müstəqil dövlət deyil. Onlar müxtəlif ölkələrdən, xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından asılıdır. Azərbaycan isə əsl müstəqil ölkədir. Bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz. Tarix də bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Bölgədə yaranmış yeni reallığın da əsas təşəbbüskarı Azərbaycandır”.
Hicran Hüseynova vurğulayıb ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi həllini tapıb: “Bu adda hər hansı ərazi vahidi yoxdur. Azərbaycan tarixi Qələbə qazanıb və dağıdılmış ərazilərimiz bərpa edilir, yenidən qurulur, bu torpaqların əsl sahibləri öz doğma yurdlarına qayıdır. Azərbaycanın dilbər güşəsi olan Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bu Şanlı Zəfəri bizə yaşadan şəhidlərimizi ehtiramla yad edirik! Qazilərimizə Allahdan şəfa diləyirik!”