9 May 10:25
4 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında bu ilin noyabrına qədər sülhün əldə ediləcəyi ilə bağlı iddialar var. Sülh bu vaxta qədər əldə olunmasa, Bakının şərtlərinin dəyişəcəyi ilə bağlı ehtimallar səslənir. Ümumilikdə isə gözləntilər ondan ibarətdir ki, noyabra qədər iki ölkə arasında ən azı çərçivə sülh sənədinin əldə olunması mümkündür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

“Sadəcə olaraq hələlik mübahisə yaradan hansısa məsələləri bu sənəddən kənarlaşdırmaqla buna nail olmaq olar. Amma heç kəs gözləməməlidir ki, bir sənədin imzalanması ilə Azərbaycan-Ermənistan münasibətləri qaydaya salınacaq. Bu, belə olmayacaq” - deyə o qeyd edib.

Deputat Gürcüstanla Azərbaycanla arasında strateji partnyorluq əlaqələrinin olmasına baxmayaraq sərhədlərin 30 faizinin delimitasiya edilmədiyini bildirib:

“Eyni zamanda Rusiya ilə 2012-ci ildə sərhədlərin delimitasiyası baş çatdırıldı. 5 il sonra isə demarkasiya prosesi bitdi. İqtisadiyyat, insanların gediş-gəlişi ilə bağlı məsələlər isə sonrakı proseslərin nəticəsinə uyğun həyata keçirilə bilər”.

Millət vəkili hesab edir ki, ilkin olaraq müharibə dövrünün üzərindən xətt çəkəcək sənədin imzalanması mümkündür:

“Mayın 10-da Almatıda baş tutacaq görüş bu istiqamətdə tərəfləri irəliyə aparmaq üçün yaxşı imkandır. Bundan necə istifadə olunacağı sonrakı məsələdir. Ermənistan tərəfi də 1991-ci ildə əldə edilmiş razılaşma əsasında tərəflərin sülh prosesini apara bilmək ehtimallarını dəyərləndirir. Azərbaycan Prezidenti də “sülhə heç vaxt bu qədər yaxın olmadığımızı” açıqlayıb. Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı atılan son adımlar göstərir ki, tərəflər arasında nəhayət sülh mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı