8 May 22:26
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın apardığı siyasət özünü doğruldur. Regionda baş verən proseslər, Gürcüstanda, Ermənistanda cərəyan edən hadisələr də göz önündədir. Qərbin bəh-bəhlə danışdığı, dəvət etdiyi siyasət iflasa uğrayır. Xalqların problemlərini həll edilmir, əksinə onlar çıxılmaz vəziyyətə sürüklənir. Hətta Ermənistanın Qərbə doğru dartıb aparılması siyasəti faktiki olaraq heçə enir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“Bu o deməkdir ki, Azərbaycanın mövqeyi olmadan Ermənistana kənardan kimsə nəsə verə bilməz. Regionda normal siyasət aparmaq istəyən tərəflər Azərbaycanı, Gürcüstanı, Ermənistanı birlikdə nəzərə almalı və ona uyğun addımlar atmalıdırlar. Başqa halda bu mümkün olan hal deyil. Qafqazda başqa xətlərin çəkilməsi yekunda uçuruma səbəb olacaq. Beləliklə, Gürcüstanda və Ermənistanda Qərbin dəstək verdiyi qüvvələr bu uçuruma yuvarlanacaq”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin aparılması, Almatı danışıqlarında kənar qüvvələrin olmaması müsbət amildir:

“Bu, iki tərəfin birbaşa danışıqlar aparması üçün mühümdür. Eyni zamanda Fransanın Azərbaycana qarşı yaratmağa çalışdığı cəbhə iflasa uğradı. Beynəlxalq təşkilatlar tərəfindən müxtəlif bəyanatların, sözlərin deyilməsi Frank Şvabe (almaniyalı deputat) kimilərinin heçə enməsi Azərbaycanın yaratdığı reallıq, apardığı siyasətin, təklif edilən məsələlərdən daha güclü çıxması deməkdir”.

Səməd Seyidova görə, Azərbaycanın həyata keçirdiyi siyasət regionun maraqları nəzərə alınaraq reallaşdırılır:

“Hətta regionda həlqələr, tellər daha sıx bağlandı, genişlənmə baş verdi. Faktiki olaraq bu gün Mərkəzi Asiyanı Qafqazdan ayırmaq olmur. Məhz Azərbaycanın həyata keçirdiyi siyasət bu regionları bir-birinə bağladı”.


Müəllif: Tapdıq Qurbanlı