9 May 10:01
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi şərhçi Səxavət Məmməd Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan da, noyabradək sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə diqqət çəkdi. Sizcə, belə bir zaman kəsiyində və ya bundan tez müqavilənin imzalanması üçün zəmin varmı?

- İstər Azərbaycan, istərsə də Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması barədə müsbət mesajlar verir. Paşinyan da konkret vaxtdan danışır. Ancaq sülh müqaviləsinin imzalanması üçün tərəflərin şərtləri var. O zaman şərtlərlə bağlı ya razılıq əldə olunub, ya da tərəflər şərtlərindən vaz keçib. Məsələn, rəsmi Bakı konkret tələb edir ki, Ermənistan konstitusiyası dəyişdirilməlidir. Nədənsə indiki məqamda bu mümkün görünmür. Çünki 4 kəndlə bağlı Ermənistanda mitinqlər keçirilir. Konstitusiyanın dəyişdirilməsi yönündə Ermənistanda addımlar atılsa, müxalifət və erməni cəmiyyəti buna necə reaksiya verəcək? Bunu demək asan deyil. Ermənistanda keçirilən sorğular da onu deməyə əsas verir ki, Azərbaycanla müsbət əlaqələrə qarşıdırlar.

Düzdür, dövlətlər yönünü hansı səmtə tutsa, cəmiyyətlər də o istiqamətə hərəkət edər, ancaq Ermənistanda bu məsələ bir qədər fərqlidir. Çünki kilsənin və ideologiyanın erməni cəmiyyətində hökmü var. Bundan əlavə, ABŞ, Fransa və Rusiyanın da maraqlarını nəzərə almaq lazımdır. Dünyada baş verən silahlanma, elə iki ölkənin də dünya ilə paralel silahlanması, münaqişə ocaqlarının alovlanmaqda olması onu deməyə əsas verir ki, sülh müqaviləsi deyildiyi qədər asan əldə olunmayacaq. Çərçivə sazişinin imzalanması isə real görünür.

- Paşinyan bildirib ki, xarici işlər nazirlərinin Qazaxıstan görüşündə Almatı bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi müzakirə olunacaq. O, delimitasiyadan danışarkən, SSRİ-nin son xəritələrindən də bəhs etdi. Ermənistan niyə təkidlə Almatı bəyannaməsi və SSRİ-nin son xəritələri üzərində dayanır? Bunlar bizim maraqlarımıza nə qədər uyğundur?

- Almatı bəyannaməsinin əsas götürülməsi və həmin dövrə aid xəritələr üzərindən delimitasiya işlərinin aparılması Azərbaycanın maraqlarına ziddir. Çünki SSRİ-nin son xəritələri ilə hərəkət edilsə, Ermənistan Laçın və Kəlbəcər istiqamətlərində bir çox ərazilərə iddia irəli sürəcək. Qaragöl istiqaməti də bunlardan biridir. Bundan əlavə, 2022-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında sərhəd toqquşması baş vermişdi. Toqquşma zamanı Azərbaycan bütün istiqamətlər üzrə yüksəkliklərə nəzarəti təmin etmişdi. Ermənistan tərəfi elə o zamandan iddia edir ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub. Əslində xəritələr məsələsi həmin toqquşma ilə gündəmə gəlib. Yəni Ermənistan bu yöndə (torpaq qoparmaq cəhdi - red.) Almatı bəyannaməsi ilə əlini gücləndirməyə çalışır. Ona görə də, Azərbaycan tərəfi delimitasiya məsələsində SSRİ-nin son xəritələrindən istifadəyə razılıq verməyəcək.

- Paşinyan onu da dedi ki, artıq 10 noyabr bəyanatının heç bir bəndi keçərli deyil. Xüsusən də açılacaq kommunikasiya xətləri və ya nəqliyyat dəhlizlərinə Rusiyanın nəzarətini ehtiva edən 9-cu bəndi vurğuladı. Paşinyan nəzarətin Ermənistanda olmalı olduğunu qeyd etdi. Belə olan halda, dəhliz məsələsi necə həll olunacaq?

- 10 noyabr bəyanatından geriyə yalnız sonuncu - 9-cu maddə qalıb. Bu maddə də komunikasiyalarla bağlıdır. 9-cu maddədə açıq göstərilib ki, təhlükəsizliyin təmini üçün Rusiya təhlükəsizlik xidməti (FSB) orada nəzarəti həyata keçirəcək. Yəni 10 noyabr bəyanatı faktiki olaraq, Ermənistanla Rusiyanı üz-üzə qoyub.

Azərbaycan bəyanatın bütün maddələrini birdəfəlik həll edib. Ona görə də, rəsmi Bakının əli güclüdür. Nəinki 10 noyabr bəyanatı ilə bağlı, Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsi ilə bağlı da üzərinə düşən hər şey edib: torpaqlarını işğaldan azad edib, ərazisinə nəzarət edir, təhlükəsizliyi təmin edə bilir, öz ərazisində yolların çəkilişini də tam şəkildə bitirib. Bundan sonra top Rusiya və Türkiyədədir.

Bəzi ölkələr Ermənistana Azərbaycanın təzyiq etməsini istəyir. Azərbaycan tərəfi isə səbirlə davranır və ya arzulanan mühribəyə səbəb vermir. Ermənistan da həmçinin...

Dolayısı ilə Türkiyə və Rusiya Ermənistana təzyiq etməli, yolun açılmasını təmin etməlidir. Naxçıvanla əlaqə onsuz da İran üzərindən mövcud idi və bu, davam edir. Hesab edirəm ki, İran, yaxud Ermənistan üzərindən Naxçıvanla əlaqənin xüsusi fərqi yoxdur. Məlum məsələdir ki, bütün məsələ Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəsini bərpa etmək yox, böyük layihənin (dəhlizlə bağlı) həyata keçirilməsidir. Rusiya da bu layihə üçün 10 noyabr bəyanatına özünü daxil edib. Bundan sonra Azərbaycanın təzyiqi regionda yeni müharibə ehtimalı yarada bilər. Dəhlizin açılmasını bu layihədən yararlanmaq istəyən ölkələr təmin etməlidir.

Görünən odur ki, Paşinyan hakimiyyəti zamanı Rusiya dəhlizlə bağlı istəyinə nail ola bilməyəcək. Bu o anlama gəlir ki, Rusiya çevriliş planlarını işə salacaq.


Müəllif: Mənsur Rəğbətoğlu