8 May 16:58
8 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və Bakıda əldə edilən razılaşmalar iki ölkə arasında əməkdaşlığın artacağına işarədir. Prezident İlham Əliyevin Fitsonun Bakıya gəlişini və əldə edilən razılaşmaları Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar gün kimi qeyd etməsi bundan xəbər verir. İki ölkənin liderinin imzaladığı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ciddi siyasi sənəddir. Bu sənəddə əməkdaşlığın gələcək inkişaf konturları açıq göstərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var:

“İki ölkənin müdafiə sahəsində birgə istehsal sahələrinin yaradılması Azərbaycan üçün vacibdir. Azərbaycan müdafiə sahəsində əsasən Türkiyə və İsraillə əməkdaşlıq edir və bu iki ölkədən modern hərbi texnika alır. Bu sıraya Slovakiya da qoşulacaq. Bu həm də ona görə vacibdir ki, çox az Avropa dövləti Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq edir. Slovakiyadan sonra digər Avropa dövlətlərinin də müdafiə sahəsində Azərbaycanla əməkdaşlığa marağı artacaq.

İkincisi, Slovakiya və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirəcək. Azərbaycan Slovakiyaya qaz nəqli planlaşdırır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir, Slovakiya 9-cu ölkə olacaq. Azərbaycan qazına ehtiyacı olan Avropa dövlətlərinin sayı artır. Azərbaycan Avropaya qaz nəqlini indiki 12 milyard kubmetrdən 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Azərbaycan qaz hasilatını artırdıqca Avropaya nəql də artacaq.

Bundan başqa, Azərbaycan yaxın illərdə Avropaya yaşıl enerji də nəql etməyə başlayacaq ki, bu, Bakı ilə Brüssel arasında əməkdaşlığı üst səviyyəyə qaldıracaq. Slovakiya baş naziri Azərbaycan prezidentinə qazın Rusiya və Ukrayna üzərindən Slovakiyaya nəqlini də təklif edib. Ancaq Rusiya-Ukrayna müharibəsi fonunda bu təklifi reallaşdırmaq çətindir. Azərbaycan üçün hazırkı nəql yolları və interkonnektorlar kifayətdir”.

Təhlildə vurğulanır ki, Slovakiya şirkəti Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək:

“Bu amil də Azərbaycan üçün vacibdir. Özbəkistan Füzulidə məktəb, Qazaxıstan mədəniyyət binası inşa etdi. Qırğızıstan Ağdamın Xıdırlı kəndində məktəb tikəcək. Türkiyə ilə yanaşı, Böyük Britaniya və Macarıstan şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Bu sıraya Slovakiyanın qoşulması digər Avropa dövlətlərinin şirkətlərini də Qarabağa cəlb edəcək.

Avropada Robert Fitsonu Macarıstan Baş naziri Viktor Orbana bənzədirlər. Hər ikisi Ukraynaya hərbi yardımın əleyhinədir və hər ikisi Avropa İttifaqının diktəsini qəbul etmir, o cümlədən müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verir. Digər tərəfdən, Orbandan sonra Fitso da Azərbaycanla tərəfdaşlığı gücləndirməyə qərar verib. Fitso Bakı ilə Brüssel arasında siyasi mövzularda fikir ayrılığından xəbərdardır. Buna görə də Slovakiya baş naziri Bakıda ölkəsinin Azərbaycanla Avropa İttifaqı arasında körpü rolunu oynaya biləcəyini söylədi.

Azərbaycanın Ermənistanla dialoq məsələsində vasitəçiyə ehtiyacı olmadığı kimi, Avropa İttifaqı ilə dialoqunda da vasitəçiyə ehtiyacı yoxdur, birbaşa danışıqlar formatı var. Buna baxmayaraq, Avropa İttifaqının üzvü olan Slovakiya və bu ölkənin rəsmilərinin Avropa İttifaqı çərçivəsində Azərbaycanın mövqelərini müdafiə etməsi ölkəmiz üçün faydalı olacaq. Slovakiya Azərbaycanla tərəfdaşlığını gücləndirmək istəyərkən, iki ölkə arasında ticarət dövriyyəsinin cəmi 70 milyon avro təşkil etməsi kiçik rəqəmdir. Bu mənada ticarəti artırmağa və ortaq iqtisadi layihələrin reallaşdırılmasına ehtiyac var”.


Müəllif: Mənsur Rəğbətoğlu