8 May 20:17
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı iddiaları səslənir. İndiki durumda tərəflərin mövqeyi yekun razılaşmaya nə qədər yaxındır?

- Hazırda tərəflər arasında ciddi maneə yoxdur. Daha çox Ermənistanın qanunvericilik aktları və digər hüquqi sənədlərin prosesə əngəl olacağı bildirilir. Çünki Ermənistan konstitusiyasında Qarabağa qarşı iddialar əksini tapıb. Amma bu reallıqdan uzaq məsələlərdir. Faktiki olaraq Qarabağ azad edilib. Ermənistan konstitusiyasında mövcud olan hər hansı bir qeyd, yazı Azərbaycan Ordusunun Qarabağı geri almasına, dünyanın bu qələbəmizi tanımasına maneə olmadı.

- Belə çıxır ki, Ermənistanın mövcud qanunvericilik aktlarında Azərbaycana qarşı olan ərazi iddiaları prosesə heç də əngəl deyil...

- Ermənistan konstitusiyasındakı o absurd müddəaları çıxarmaq uzun prosesdir. Referendum keçirilməli və digər məsələlər həll olunmalıdır. Qarabağı Azərbaycan öz nəzarətinə qaytarıb. Sülh müqaviləsi də imzalansa bu da əlavə bir dəstək olacaq. Bununla Azərbaycanın qələbəsi bir daha ifadə ediləcək. Ona görə də, nəticəsi olan işlər görülməlidir. Ermənistan konstitusiyasında olan yazıların prosesə zərrə qədər təsiri yoxdur. Sadəcə olaraq hansısa bir xəstə təxəyyüllü erməninin istəkləri ilə bu qeydlərə sığala çəkilə bilər. Keçmiş sovet lətifəsində deyildiyi kimi “adamı pasportundan deyil, sifətindən vururlar”. Qarabağ azad edilib. Ona görə də, Ermənistandakı bəzi absurd qanunları dəyişmədən də sülh sazişini imzalamaq olar.

- Mövcud reallıqlar fonunda sülh razılaşması əldə edildikdən sonra Ermənistanda dəyişəcək siyasi konyuktura proseslərə necə təsir edə bilər?

- Təsəvvür edək ki, Ermənistanda siyasi konyuktura dəyişib. Onun əhalisi 3 milyondan 10 milyona çatmayacaq ki?.. Ermənistan ordusu hansısa sehirli çubuqla birdən-birə güclənməyəcək? Nə olacaq? Azərbaycan əhalisi 10 milyondan 3 milyona düşəcək, iqtisadiyyatı çöküb, Ermənistandan kiçik olacaq, ordusu zəifləyəcək? Siyasi konyuktura dəyişəndə də, heç nə dəyişməyəcək. Yenidən hansı şərtlər daxilində Ermənistan Qarabağa hücum edə bilər? Bunu Amerika, Fransa, Rusiya, Çin və Böyük Britaniya Azərbaycandan istəyə bilərmi? Belə bir şəraiti kim təsəvvürünə gətirir? Və yaxud hansı möcüzə baş verəcək ki, dünya birləşib Qarabağı bizdən alacaq? Bunlar boş və mənasız məsələlərdir. Arzu olunan odur ki, Ermənistan-Türkiyə münasibətləri tənzimlənsin, səfirliklər açılsın, gediş-gəliş başlasın. Əgər Ermənistanla Türkiyə və Azərbaycan arasında iqtisadi, insani, siyasi münasibətlər qurulsa, İrəvanı təcavüzə sürükləyən qüvvələrin təsiri sürətlə azalacaq.

- Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı gözləntilər nədən ibarətdir? Sülh mətni üzərində hansısa danışıqların aparılması ehtimal edilirmi?

- Ola bilər ki, xarici işlər nazirlərinə sülh mətni üzərində razılaşdırmaların aparılması ilə bağlı təlimat verilsin. İndi sülh üçün yaxşı imkan var. Burada prosesə əngəl törədəcək açıqlamalardan də çəkinmək lazımdır. Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiasında deyil. Bakının yeganə məqsədi birbaşa Naxçıvanla əlaqənin əldə olunmasından ibarətdir. Bu da Ermənistanla olacaq razılaşmadan asılı olan prosesdir.

- Anklavların həlli ilə bağlı proqnozlor nədən ibarətdir?

- Ərazi mübadiləsi ilə bağlı guya hansısa referendumun keçirilməsi kimi məsələlər də gündəmə gətirilir. Burada referendum üçün əsas yoxdur. Delimitasiya komissiyası nəyi qərara alsa, bu da sənəd kimi ölkə başçılarına təqdim ediləcək. Həmin sənədlər imzalandıqdan sonra razılaşmalar hüquqi qüvvəyə minəcək. Ümumi baxımdan ərazi mübadiləsi referendum tələb etmir. Çünki Azərbaycanın və Ermənistanın ərazisində heç bir azalma və yaxud kiçilmə baş vermir. Eyni həcmdə, sahədə ərazilər mübadilə edilir.


Müəllif: Tapdıq Qurbanlı