Ermənistanın təklif etdiyi strateji müqavilə Azərbaycan üçün də, bizim üçün də faydalı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Sərkis Xandanyan Baş nazir Nikol Paşinyanın Azərbaycana strateji sazişin imzalanması təklifini şərh edərkən deyib.
“Bu, məlum prinsipləri özündə ehtiva edir: ölkələrin bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini qarşılıqlı tanıması, delimitasiya prosesinin tənzimlənməsi, bir-birinin daxili işlərinə qarışmamamaq. Bütün bunlar beynəlxalq prinsiplərdir. Münasibətlərin bu şəkildə tənzimlənməsi hər iki tərəf üçün faydalı olacaq. Burada kommunikasiyaların açılması da çox önəmlidir. Çünki bu yöndə blokadanın aradan qaldırılması rabitə və logistikanın önünü açacaq ki, bu da Ermənistan, eləcə də Azərbaycana fayda gətirəcək".
“Strateji müqavilə nəyə görə ayrıca bağlanmalıdır” sualına Xandanyan belə cavab verib:
“Strateji anlaşmadan danışanda söhbət sənədin imzalanmasından getmir, bütün o danışıqların və müzakirə olunan reallıqların miqyasına elə bir məntiq verməkdən gedir ki, sonda hər iki tərəf üçün faydalı olsun”.
Xandanyan qeyd edib ki, indi bu və digər təkliflərlə bağlı Bakıdan cavab gözləyirlər.