20 İyul 2016 17:21
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhər Baş Polis İdarəsində 2016-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə çıxış edən baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, 2016-cı ilin ilk 6 ayı da respublika üçün əlamətdar olub.

O, qeyd edib ki, Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsi ölkənin qanunlarını, Nazirliyin Kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq qarşıda duran vəzifələrin icrasını davam etdirib, şəxsi heyətin məsuliyyət və tələbkarlığının artırılması üçün zəruri tədbirlər görülüb.

Sonra 2016-cı ilin birinci yarısının yekunlarının hərtərəfli təhlil olunduğu, nöqsan və çatışmazlıqların vurğulandığı geniş məruzə müşavirə iştirakçılarına təqdim olunub.

Qeyd olunub ki, hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən “2016 Formula-1“ kimi beynəlxalq tədbirlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub.

İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqlar xüsusi qeyd olunub, onların aradan qaldırılma yolları hərtərəfli müzakirə edilib.

Müşavirədə qeyd olunub ki, onların da 83,3%-i(5.536-ı) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,7%-i isə (1.108-i) ağır və xüsusilə ağır növlər olub. 2015-ci ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 16,2%, adam öldürməyə cəhdlər 13,3% azalıb.

Cinayətlərin 79,6%-nin (2015-ci ildə 79,5%), ağır növlərinin 80,7%-nin (79,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 69,2%-nin (69,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 923 cinayətdən 96,3%-i (93,5%), o cümlədən qəsdən adam öldürmələrin 96,7%-i (100%), adam öldürməyə cəhdlərin 100%-i (88,9%) açılıb. 2015-ci ilin eyni dövrü ilə nisbətdə ümumi cinayətlərin açılması 0,1%, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,2%, şəxsiyyət əleyhinə olanların açılması 2,8%, o cümlədən adam öldürməyə cəhdlərin açılması 11,1%, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 7,9%, zorlamaların açılması 20,0%, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 0,8%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 28,0%, mənzillərdən edilən oğurluqların açılması 0,7%, malqara oğurluğunun açılması 27,5%, mənimsəmə və israf etmə cinayətlərinin açılması 22,0%, soyğunçuluqların açılması 15,5%, quldurluqların açılması 8,9%, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8%, xuliqanlıqların açılması 2,7% yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz Şəhər“” Xidmətinin operatorları tərəfindən 994 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 1.055 nəfərdən 62,5%-i (659-u), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 446 nəfərdən isə 47,1%-i (210-u) tutulub. Bununla yanaşı, 44 soyğunçuluq və quldurluq cinayəti törətmiş 59 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 141 oğurluq törətmiş 75 nəfərdən ibarət 29 cinayətkar qrup ifşa olunub.

Hesabat dövründə 60 odlu silah, 4 qumbara, 1.561 ədəd döyüş patronu yığılmış, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 36 odlu silah götürülüb. Narkotiklərlə bağlı aşkar edilmiş 721 (840) fakt üzrə qanunsuz dövriyyədən 207 kq-dan çox (2015-ci ilin müvafiq dövründən 14 kq 596 qr çox) narkotik vasitə çıxarılıb.

Paytaxt ərazisində baş vermiş 284(ötən il 312) yol-nəqliyyat hadisəsində 83(111) nəfər həlak olmuş, 342(414) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 9,0%, həlak olanların sayı 25,2%, xəsarət alanların sayı 17,4% azalıb.

Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2016-cı ilin 1-ci yarısındakı xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin paytaxtda əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Mirqafar Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər