23 Sentyabr 2016 01:31
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Renascence and Constituent Assembly” (İntibah və Məclisi-Müəssisan) Muzeyində Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib.

Tədbirin aparıcısı qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidentinə Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.

Şəhər ictimaiyyəti adından Azərbaycanın birinci xanımına bir daha minnətdarlığını bildirən Veliko Tırnovonun meri Daniel PANOV dedi ki, Mehriban Əliyevanın layiq görüldüyü bu ad şəhərin ən ali mükafatıdır. Daniel Panov vurğuladı ki, Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi barədə onun təklifi meriyanın 2016-cı il avqustun 25-də keçirilən təntənəli iclasında yekdilliklə qəbul edilib.

Sonra Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edildi.

Azərbaycanın birinci xanımı mərasimdə çıxış etdi:

- Hörmətli cənab Baş nazir.

Hörmətli cənab mer, xanımlar və cənablar, hörmətli qonaqlar.

Əvvəlcə səmimi qəbula və qonaqpərvərliyinizə görə sizə öz adımdan və bizim bütün nümayəndə heyəti adından bir daha ürəkdən təşəkkür etmək istəyirəm. Sizi milli bayramınız – Müstəqillik günü münasibətilə bir daha ürəkdən təbrik edir, sizə xoşbəxtlik, cansağlığı və sülh diləyirəm. Qədim Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı olmaq mənim üçün böyük şərəfdir. Bu fəxri ada görə dərin minnətdarlığımı, şəhərin sakinlərinə sonsuz ehtiramımı bildirirəm.

Biz – Heydər Əliyev Fondunun əməkdaşları çox qürur duyuruq ki, bolqar xalqının bu böyük milli irsinin bərpasına töhfə verə bilmişik. Burada olduğum bir neçə saat ərzində sizin hamınızın – bu şəhərin və bütün ölkənizin vətəndaşlarının öz mədəni irsinizə necə ehtiramla və məhəbbətlə yanaşdığınızı hiss etdim. Bizim ölkəmiz də öz zəngin tarixi və mədəni irsi ilə məşhurdur və bu münasibət məni dərindən təsirləndirir. Çünki tarixi və mədəni irs dövlətçiliyin və hər bir xalqın milli identikliyinin formalaşmasında çox böyük rol oynayır. Bununla bərabər, mən qəti əminəm ki, məhz humanitar əlaqələr, mədəniyyət, təhsil, incəsənət sahəsində əlaqələr insanları, xalqları, ölkələri bir-birinə yaxınlaşdıran və millətlər, ölkələr arasında anlaşmanı qat-qat əlyetərli edən universal sahədir.

Buna görə bu layihəyə cəlb edilmiş, onun gerçəkləşməsində iştirak etmiş insanların hamısına, ilk növbədə, cənab Baş nazir, sizə dərin təşəkkürümü bildirirəm. Çünki bu layihənin həyata keçirilməsinə sizin necə böyük diqqət yetirdiyinizi bilirəm.

Mən çox şadam ki, ölkələrimiz arasında münasibətlər tarix boyu dostluq xarakteri daşıyıb, qarşılıqlı hörmətə və qarşılıqlı marağa əsaslanıb. Çoxsaylı faktlar onu da təsdiq edir ki, bizim mədəni əlaqələrimizin dərin kökləri var. Görkəmli Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilib və sizin ölkədə şöhrət qazanıb. Bu gün Azərbaycanda bolqar ədəbiyyatının klassikləri İvan Vazovu, Xristo Botevi, Emiliyan Stanevi və bir çox başqalarını tanıyır, onlara sevgi və hörmət bəsləyirlər.

Çox sevindirici haldır ki, son vaxtlar ölkələrimizin ayrı-ayrı şəhərləri və regionları arasında da dinamik əməkdaşlıq müşahidə olunur. Azərbaycanın Şəki şəhəri və Bolqarıstanın Qabrova şəhəri qardaşlaşmış şəhərlərdir. Bu gün öyrəndim ki, Veliko Tırnovo və Naxçıvan da qardaşlaşmış şəhərlərdir. Əlbəttə, dərin məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, siyasi əlaqələrimiz ən yüksək səviyyədə çox uğurla inkişaf edir. Azərbaycan və Bolqarıstan prezidentlərinin qarşılıqlı səfərləri, Bolqarıstanın Baş nazirinin bizim ölkəyə səfəri əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edir.

Bu gün Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz çoxsaylı iri layihələrdə, o cümlədən enerji layihələrində uğurla əməkdaşlıq edir. Lakin mən bizim humanitar və mədəni əlaqələrimiz üzərində daha çox dayanmaq istəyirəm. Bakı Slavyan Universitetində 2004-cü ildən Bolqar dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Həmin universitetdə bolqar dili, tarixi və mədəniyyəti öyrənilir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi yaradılıb. Hazırda bu universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bütövlükdə ölkələrimizin ali məktəbləri arasında 20-dən çox saziş bağlanıb. Bu, həm tələbə mübadiləsi, həm müxtəlif elmi konfranslar, həm də ölkələrimizin elmi ictimaiyyəti arasında əlaqələr deməkdir.

Əziz dostlar, bir daha vurğulamaq istəyirəm ki, bu cür layihələr, bu cür əməkdaşlıq, sözsüz ki, bizim ikitərəfli əlaqələrimizin möhkəmlənməsinə xidmət edir, insanlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu layihələr həm də dost ölkələr arasında münasibətlərin necə qurula biləcəyini göstərən nümunədir. Bizim ortaq cəhətlərimiz çoxdur və mən müasir dünyada çox vacib olan multikulturalizm ideyasını xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda və Bolqarıstanda müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Əminəm ki, bizim bugünkü layihə dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Ümidvaram ki, biz bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik.

Məni bu yüksək ad - qədim, gözəl şəhərinizin fəxri vətəndaşı adı ilə təltif etdiyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizin hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq diləyirəm. Sağ olun.

Tədbirdə çıxış edən Bolqarıstanın Baş naziri Boyko Borisov qeyd etdi ki, müsəlman ölkəsi olan Azərbaycanın xristian ölkəsi Bolqarıstanda dini-mədəni abidəni bərpa etməsi bu ölkədə çox böyük rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu bu abidəni bərpa etməklə bolqar xalqının 132 illik arzusunu reallaşdırıb.

Daha sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi oldu.

Universitetin ümumi yığıncağının sədri Radoslav Radef bildirdi ki, Azərbaycanın birinci xanımı fəxri doktor adına Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə layiq görülüb.

Universitetin rektoru Xristo Bondjolov dedi ki, UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri olan Mehriban Əliyeva dünyanın, o cümlədən Avropanın mədəni irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına böyük töhfələr verib. Rektor Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələrdən danışdı.

Sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru mantiyası və diplomu təqdim olundu.

Onun xidmətlərini yüksək qiymətləndirdiklərinə görə minnətdarlığını bildirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dedi:

- Hörmətli cənab rektor.

İcazə verin, mənim müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı ilə təltif edilməyimə görə sizə dərin təşəkkürümü bildirim. Bu, mənim üçün həqiqətən böyük şərəfdir. Mən müəllimlər ailəsində, bütün həyatlarını elmə həsr etmiş insanların ailəsində böyümüşəm. Buna görə də həyatlarını gənc nəslə elm, bilik öyrətmək işinə həsr etmiş insanlara çox dərin hörmət bəsləyirəm. Universitetin bütün professor-müəllim heyətinə mənim dərin təşəkkürümü çatdırın.

Bu gün heç kəs üçün sirr deyil ki, hər hansı dövlətin uğuru onun gənc nəslinin nə dərəcədə savadlı, bilikli olması ilə müəyyən edilir. Məhz insan potensialı, elmi potensial, məhz inkişaf etmiş, savadlı gənc nəsil ölkənin gələcəkdə öz layiqli yerini tutmasına zəmanət verir. Bu biliyi, bu nuru siz müəllimlər, professorlar verirsiniz. Gənc nəslə biliklər verən, ona həyat vəsiqəsi verən sizsiniz. Mənə bu yüksək adı verməyi qərara almağınız məni dərindən təsirləndirib və bu adı müəyyən dərəcədə avans kimi qəbul edirəm. Çünki bu ada layiq olmaq üçün mən hələ çox iş görməliyəm.

Sağ olun ki, mənim fəaliyyətimi bu cür yüksək qiymətləndirmisiniz. Mən əminəm ki, biz birlikdə bu sahədə, məhz təhsil sahəsində Azərbaycanın naminə, Bolqarıstanın naminə hələ çox iş görə bilərik. Qəlbinizin hərarətinə görə sizə bir daha təşəkkür edirəm. Çox mütəəssir olmuşam. Çox sağ olun.

Azərbaycanın birinci xanımı bu nüfuzlu ali təhsil ocağının Fəxri Qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.

Sentyabrın 22-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva Veliko Tırnovo şəhərində Bolqarıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə keçirilən işıq şousuna baxıblar. Xüsusi işıq effektləri ilə yaradılan şou atəşfəşanlıqla başa çatıb.

Həmin gün Bolqarıstanın Baş naziri Boyko Borisovun adından Azərbaycanın birinci xanımının şərəfinə rəsmi ziyafət verilib.


Müəllif:

Oxşar xəbərlər