4 Oktyabr 2016 15:48
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə valideynlər dərsliklərin dil və proqram çətinliyindən narazılıq edir. Kurikulum əsasında yazılmış dərsliklərin çətinliyi şagirdləri repetitor yanına getməyə sövq edir. Əks təqdirdə, onlar nə özləri təkbaşına, nə valideynlərinin köməyi ilə dərsləri qavraya, tapşırıqların öhdəsindən gələ bilmirlər.

Bəs çıxış yolu nədir?

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev ortaya çıxan çətinliklərin səbəbini belə izah edir: “Təhsilin məzmununda da, dərslərin keçirilmə metodikasında da müəyyən dəyişikliklər tətbiq olunur. Ona görə də müəllimlər əvvəlki dərsliklərdən fərqli yazılan indiki kitablardan necə istifadə etməyi bacarmalıdır. Əvvəllər dərsə aid bütün məlumatlar, tapşırıqlar – hamısı dərslikdə verilirdi, uşaq müəllim olmadan da öyrənə bilir, tapşırıqları yerinə yetirirdi. İndi elə deyil.

İndi gərək müəllim o qədər informasiyalı, ziyalı olsun, şagirdlə işləmək qaydalarına mükəmməl yiyələnsin ki, dərslikdə verilənləri şagirdə aça bilsin. Əvvəl hər dərs üzrə bir kitab vardı. İndi müəllim üçün bir kitab var, şagird üçün bir kitab var, iş dəftəri üçün bir kitab var.

Bu kitabları müxtəlif variantda hazırlayıblar və müəllimlərin də böyük qismi bu yeniliklərə hazır deyil. Əksəriyyəti hələ də köhnə metodika ilə işləyir. Ona görə də çətinliklər yaranır”.

Əjdər Ağayev dərsliklərin çətin olması ilə bağlı fikirlərdə həqiqət payı olduğunu deyir: “Dərslikləri yazan adamlar əvvəlkilərdən fərqlidir. Əksəriyyəti pedaqoji işi, psixologiyanı bilmir, təhsildən xəbərsizdir. Eləsi var, ümumiyyətlə, indiyə qədər dərs deməyib. Onlara dərslik yazmaq tapşırığı verilib, onlar da yazıblar. O dərsliklərdə didaktik, izafi qaydalar yerində deyil. Dərslik yazan adam elmi, onun tədrisini mükəmməl bilməlidir ki, nəzəri məlumatları çatdırmağın yollarını göstərə bilsin. Bunlar da həmin dərsliklərdə yoxdur.

Çarə odur ki, valideynlər etirazlarını Təhsil Nazirliyinə, bu işi təşkil edən qurumlara yazsınlar. Dərslikdə təsəvvürdən anlayışda doğru getmək lazımdır, amma bizdə birinci anlayışı verirlər. Uşağın təsəvvürü yoxdursa, anlayışı necə olsun? Ciddi elmi-pedaqoji yanlışlıqlar var. Bunları düzəltmək lazımdır”.

Uşaqlarda niyə can qalmır?

Ekspert bugünkü uşaqları daha qabiliyyətli hesab edir: “Bu gün uşaqlar əvvəlki uşaqlardan təfəkkürlüdür, hazırcavabdır. Amma əvvəlki uşaqlardakı sağlamlıq indikilərdə yoxdur. Onların qidalanması, udduqları hava, içdikləri su, bunların hamısı yararsız vəziyyətdədir. Uşaq böyüyən ağac kimidir, bütün bunlar onun möhkəmlənməsinə şərait yaratmalıdır.

İndiki uşaqların gücü yoxdur, sağlamlığı, iradəsi zəifdir. Digər bir məqamı da deyim: Müəllimlər günorta saat ikiyə kimi dərs keçəndən sonra hazırlıqlar başlayır, axşama kimi davam edir. Uşaqda can qalmır. Yəni bir tərəfdən dərsliklərin çətinliyi, bir tərəfdən də sadaladığım məsələlər bugünkü metodikanın ziyanlı cəhətləridir.

Bunu valideynlər də, ekspertlər də deyir. Ancaq hökumət bu barədə ciddi monitorinq keçirməlidir. Son 20 ildə belə bir monitorinq aparılmayıb. Bu da uşaqları məhv eləyir. Hökumət gərək bu işə qarışsın. Sistemli şəkildə – alimlər, metodistlərdən ibarət yoxlama təşkil edilsin. Burda fizioloq-alim, psixoloq, pedaqoq, ictimai xadimlər, jurnalistlər, iqtisadçılar, valideynlər olsun. Nəzərdən keçirsinlər ki, dərsliklərdə hansı ziyanlı cəhətlər var və onları necə aradan qaldırmaq olar. Bax bu, böyük məsələdir və ona dövlət səviyyəsində ciddi münasibət göstərilməlidir. Buna görə də valideynlər illərdi şikayətlənirlər.

Proqramı naşılar hazırlayır?

Standartlara cavab verən dərsliklərin hazırlanması, standartlara uyğun mövzuların seçilməsi, proqramların çətinləşdirilməsi bəlkə də məqsədyönlüdür ki, şagirdlər bunu qavramasın və repetitor yanına getməyə məcbur olsunlar. Bunun da qarşılığında yaxşı pul qazanırlar. Ona görə də proqramdan başlayaraq monitorinq keçirilməlidir ki, mütəxəssislər qüsurları aradan qaldırıb, onu pedaqoji elmin tələbləri üzrə qurmalıdır. Onda həmin çətinliklər də sıradan çıxacaq.

İndiki proqramın hazırlanmasında həm naşılıq, həm də məqsədyönlü şəkildə çətinləşdirmə var. Ən əsası gələcək nəslin sağlamlığı nəzərə alınmır. Valideynlər bizə şikayət edirlər ki, dərsdən sonra saat üçdən doqquza kimi uşaqları necə yükləyirlərsə, gəlib evdə yemək də yeyə bilmirlər. Hələ söhbət məktəbdə repetitor hazırlığından gedir. Evə dəvət etmək də başqa məsələdir. Məktəblər repetitor ocağına çevrilib.

Elə isə bu ümumtəhsil məktəbləri nəyə lazımdır? Ümumtəhsil məktəbini qaldırmaq üçün hökumət ciddi tədbirlərə əl atmalıdır. Müəyyən direktorlar və müəllimlər məktəbdə müxtəlif işlərlə məşğuldur. Müəllimdə 160 min manatlıq maşın hardandır? Əgər o ağıllı-başlı dərs keçirsə... Burda çox məsələlər var və cəmiyyət də bundan xəbərdardır”.

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər