Srağagün Yunanıstan paytaxtı Afina şəhərində “Lillian Voudouri” Böyük Musiqi Kitabxanasının Megaron Konsert Zalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Strasburq ofisi və Azərbaycanın Yunanıstan Respublikasındakı səfirliyi tərəfindən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat kampaniyası çərçivəsində anım konserti təşkil edilib. Tədbirdə 1992-ci il 26 fevral tarixində Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teleqraf.com-un xəbərinə görə, tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev deyib: “Necə ola bilər ki, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş qanlı hadisə kimi dəhşətli bir cinayət baş versin, lakin heç vaxt tanınmasın? Cavab sadədir: Ermənistan Azərbaycan xalqına qarşı 20-ci ərs ərzində törətdiyi cinayətlərə görə heç vaxt məsuliyyət daşımayıb. Azərbaycan Xocalı faciəsi haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq və bütün dünyada hökümətlər və parlamentlərin bu soyqırıma siyasi və hüquqi qiymət vermələrinə nail olmağa çalışır.
Biz bu cinayəti pisləmək və ona hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirməliyik. Bu yalnız qətlə yetirilmiş və işgəncələrə məruz qalmış Azərbaycan vətəndaşlarının xatirəsi üçün deyil. Həmçinin, dünya xalqları üçün çox vacib məsələdir. Bu cür faciələrin təkrarlanmasına yol verilməməlidir.
Fürsətdən istifadə edərək mən sizə və sizin vasitənizlə Yunanıstan Respublikasının vətəndaşları və parlament üzvlərini “Xocalıya ədalət !” beynəlxalq kampaniyasından kənarda qalmamağa və onu dəstəkləməyə çağırıram”.
Yüz əlli nəfərdən artıq siyasətçi, ictimai xadimlər, diplomatlar və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin prezidenti İoannis Papaqriqoriou və Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin rəhbəri Eliza Piter bildiriblər ki, bu axşam keçirilən tədbir insanın qeyri-insani ola biləcəyini və müharibənin dəhşətli nəticələri ola biləcəyini xatırlamağa yardım edir. Bu, qisasa çağırış deyil, ədalətə çağırışdır. Anım konserti millətlər arasında sülhə həsr olunmuş qəsidədir. Bu konsert sülh və ədalət ruhundadır.
“Xocalı 613” simfonik poemasının müəllifi, fransız bəstəkarı Pyer Tilloy söz alaraq yaratdığı əsərin yaranma tarixçəsindən bəhs edib: “Son 20 il ərzində Azərbaycana dəfələrlə səfərlər etmişəm. Belə olanda, təbii ki, çoxlu dostlar əldə edirsən. Dostluq yalnız dostunun sevincini deyil, kədərini də bölüşmək deməkdir. Buna görə də hiss etdim ki, Xocalı faciəsi haqqında yazmalıyam. Bu parçanı - “Xocalı 613” əsəri üzərində çalışanda mən sanki bir quş olub 26 fevral 1992-ci ildə həmin faciəli gecədə Xocalı üzərində uçurdum və hər şeyi görürdüm və bunları musiqi vasitəsilə ifadə edirdim”.
Tədbir “Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib. Özü Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun “Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal “Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin “Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.
Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşıb. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilir.