31 May 2017 16:22
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada ənənəvi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Ramazan çadırı qurulub və Azərbaycan Günü təşkil edilərək iftar süfrəsi açılıb.

İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və axşam duası oxuyub.

Moskva müftisinin müavini Marat-Həzrət Arslanov bildirib ki, artıq 12-ci ildir ki, Poklonnlaya Qorada “Ramazan çadırı” açılır və Heydər Əliyev Fondu hər il bu tədbirdə iştirak edir: “Mənəvi ənənələrin və dini mədəniyyətin dəstəklənməsində iştirakına görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.

O, üzərində Qurandan surələr yazılmış dekorativ narı Müftilər Şurası adından Heydər Əliyev Fondunun nümayəndəsi Ayan Həsənovaya təqdim edib və bu hədiyyəni ən xoş arzularla Leyla Əliyevaya çatdırmağı xahiş edib.

Sonra Moskva müsəlmanları oruclarını açaraq Azərbaycan milli xörəklərinin nümunələrini və şirniyyat növlərini dadıblar.

İftar mərasimində Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, “Baku” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nümunələri səslənib.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə iştirak edir, dindarlar üçün iftar təşkil edir. Azərbaycanla yanaşı Özbəkistan, Krım, Pakistan, Çeçenistan, İranın da çadır qurması və 30 min qonağın qəbul ediləcəyi nəzərdə tutulub.

Teleqraf.com vestikavkaza.ru-ya istinadən mərasimdən fotoları təqdim edir


Müəllif: Nərgiz

Oxşar xəbərlər