4 İyul 2017 08:53
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir sıra məşhur oftalmoloqlarla morqların sövdələşmə əsasında ölülərdən gözün buynuz qişasının götürülməsi absurd məsələdir.

Bunu Teleqraf.com-a açıqlamasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Baş həkimi Aytən Sultanova deyib.

Baş həkim bildirib ki, 30 mart 2017-ci il tarixdə prezident İlham Əliyev gözün buynuz qişasının idxalına icazə verilməsi ilə bağlı sərəncam imzalayıb: “Buynuz qışaları Azərbaycana ABŞ, İran kimi ölkələrin göz bankından idxal olunacaq. Bu proses qanuni şəkildə tənzimlənəcək. Heç bir oftalmoloq gedib morqdan gözün buynuz qışasını götürə bilməz. Belə bir iddia böhtan xarakteri daşıyır”.

Milli Oftalmologiya Mərkəzinin hüquq şöbəsindən isə bildirilib ki, belə hərəkət cinayət məsuliyyəti yaradır: “Nəinki oftalmoloq, əslində heç bir həkim Azərbaycanda ölüxanaya girib, hər hansı bir toxuma və ya orqan götürə bilməz. Azərbaycanda bununla bağlı qanunvericilik və müvafiq təlimatlar var. Meyitdən hər hansı bir toxumanın götürülməsinə yol verilmir.

30 mart sərəncamına əsasən, beynəlxalq standart uyğun səviyyədə gözün buynuz qışasının Azərbaycana gətirilməsi üçün işlər gedir”.

Qeyd edək ki, mediada Azərbaycanda bir sıra məşhur oftalmoloqların morqlarla sövdələşməyə gedib, ölülərdən gözün buynuz qişasının götürülməsinə nail olduqları bildirilib.


Müəllif: İlhamə Əbülfət