5 İyul 2017 19:32
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı dəyirmi masa keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulması tələbi səsləndirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dinc əhaliyə silahlı hücumun vandalizm olduğunu deyib: “Bu hadisələrlə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinə, digər beynəlxalq təşkilatlara dəfələrələ məlumat verilsə də bu hadisələrə reaksiya verilmir. Baş verən bu hadisələr Ermənistanın Azərbaycana qarşı təxribat siyasətinin sübutudur. Biz düşmənin hücumunu layiqli cavab veririk, lakin bu itkilərimizi geri qaytarmır. Təəssüf ki, Ermənistan bütün beynəlxalq normaları pozsa da, beynəlxlaq təşkilatları bu əməllərə düzgün qiymət vermir. Biz hər dəfə beynəlxlaq tədbirlərdə çıxışlarda Ermənistanının məkrli siyasəti nəticəsində nə qədər uşağın hüququnun pozulduğunu bəyan edirik. 1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, ermənilər uşaqlarımızı qətlə yetirməkdə davam edir. Ümumilikdə, bu hadisələr nəticəsində 33 uşaq ermənilərin qurbanı olub. Onlardan 14-ü həlak olub, 19-u isə yaralanıb. Təəssüflər olsun ki, bu siyahıya Zəhranın da adı əlavə edildi. 20 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində düşmən silahları susmayıb, əliyalın dinc əhaliyə hücum edilib, qadınlar və uşaqlar amansızlıqla qətlə yetirilib. Biz bu gün belə təxribatların acı nəticələrinin şahidiyik”.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasova münaqişənin uzun müddət davam etməsində birbaşa beynəlxalq təşkilatları ittiham edib:

“Düşünürəm ki, biz hadisələrə yetərincə səbirli yanaşırıq. Münaqişənin illərdir həll edilməməsində beynəlxalq təşkilatlar günahkardır. Bu məsələdə birbaşa ATƏT-in Minsk qrupu məsuliyyət daşıyır. Biz 25 ildən çoxdur ki, Ermənistanın hücumuna məruz qalırıq”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova imzalanan bəyannamə daha geniş ictimaiyyəti əhatə etməsinin vacibliyinə toxunub:

“Təklif edirəm ki, QHT nümayəndələri imzaların sayını artırsın. Bunun üçün hər bir təşkilat azı 100 qadından imza toplaya bilər. Daha sonra bu bəyannaməni beynəlxalq təşkilatlara göndərərik. Dünyasını dəyişən, yaralanan sakinlərimizin hüquqlarını qorumaq üçün məsələni beynəlxalq hüquq müstəvisində qaldıra bilərik”.

Tədbirdə beynəlxalq təşkilatlara və xarici dövlətlərə Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və ictimai birliklər adından bəyannamə imzalanıb.

Bəyannamədə bildirilir ki, Ermənistan dövlətinin bu çirkin hərəkətləri beynəlxalq hüquqi aktları- Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin “Uşaq hüquqları haqqında”Konvensiyasını, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud şəkildə pozur:

“Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq siyasi yolla həll olunmasının tərəfdarıdır. Eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətlərə son qoyulmasını tələb edir. Beynəlxalq hüquq normalarına riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinə əməl edilməsi, Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edilib.

Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal çıxarılması təmin edilməli, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində təmin edilməli, sərhəd boyu sıx yaşayan azərbaycanlı əhali Ermənistan silahlı qüvvələri tərəfindən hədəf alınmamalıdır”, - deyə bəyannamədə bildirilir.


Müəllif: Teleqraf.com